Yaxın Şərqdə son hərbi qarşıdurma - İran və İsrail arasında baş vermiş müharibə - beynəlxalq narahatlıqlar fonunda əldə olunmuş atəşkəslə yekunlaşdı. Lakin bu atəşkəsin özü münaqişənin nəticələrini aydın şəkildə göstərmək əvəzinə, daha çox ritorik üstünlük savaşına çevrilib.
Hər iki tərəf özünü qalib elan edir, amma strateji mənzərə təkcə qələbə və məğlubiyyət deyil, həm də ciddi itkiləri və məhdud qazanc nöqtələrini göstərir.
İsrail və ABŞ tərəfi əməliyyatların məqsədinə çatdığını iddia edir. Rəsmi açıqlamalarda İranın nüvə proqramının əsas infrastrukturlarının sıradan çıxarıldığı, eləcə də rejimin hərbi və kəşfiyyat strukturuna sarsıdıcı zərbələr endirildiyi vurğulanır. Bu, Tehranın uzun illər boyu qoruduğu “toxunulmazlıq” görüntüsünü ciddi şəkildə zədələdi. Xüsusən SEPAH rəhbərliyinə qarşı həyata keçirilmiş kəşfiyyat əməliyyatları və hədəfli hava zərbələri İranın həm texnoloji imkanlarını, həm də kəşfiyyat təhlükəsizliyini sual altına saldı.
Digər tərəfdən, İran dövləti də atəşkəsə “dirənişin qələbəsi” kimi yanaşır. Tehran rəhbərliyi bildirir ki, ABŞ və İsrailin birgə təzyiqinə rəğmən, rejim sarsılmadı, siyasi sabitlik qorundu və İran “təslim olmadı”. Bu ritorika xüsusilə “müqavimət oxu” adlandırılan regional proksi qüvvələr - Livandakı Hizbullah, Yəməndə Husilər, İraqdakı şiə milisləri və Suriyadakı İranpərəst qüvvələr üzərində təsiri artırmaq məqsədi daşıyır.
Ancaq reallıqda nə İsrail-ABŞ cəbhəsi hədəflərinin hamısına çatdı, nə də İran bu böhrandan zədəsiz çıxdı. İranın hərbi gücünün və nüvə proqramının tamamilə sıradan çıxarıldığı iddiaları hələ də sübut edilməyib. Rejimin dəyişdirilməsi, daxildə etirazların genişmiqyaslı üsyana çevrilməsi və ya Tehran hökumətinin çökməsi baş vermədi. Eyni zamanda İranın müdafiə sisteminin, SEPAH-ın koordinasiyasının və siyasi-militar mərkəzlərin zəifliyi beynəlxalq aləmdə ciddi diqqətə səbəb oldu. Bu, təkcə Qərb dövlətləri üçün deyil, həm də İranın regiondakı tərəfdaşları üçün ciddi siqnaldır.
Hazırda İranın əsas strateji məqsədlərindən biri, bu zəiflik görüntüsünü örtmək və “müqavimət simvolu” imicini bərpa etmək olacaq. Bu isə regionda yeni proksi qarşıdurmaların və dolayı toqquşmaların artacağı ehtimalını gücləndirir. Xüsusilə Livan, Suriya və Yəmən xətti bu baxımdan daha çox risk daşıyır. İran həm də daxildə möhkəmlənmək üçün “qələbə” ritorikasından geniş şəkildə istifadə edəcək, təbliğat mexanizmlərini aktivləşdirəcək.
Digər tərəfdən, ABŞ-İsrail cəbhəsi üçün də bu savaş tam strateji hədəflərlə nəticələnmədi. İran rejimi hələ də hakimiyyətdədir, nüvə silahı hazırlamaq imkanlarının tam aradan qaldırılıb-qaldırılmadığı qeyri-müəyyəndir və bölgədəki ideoloji təsiri hələ də davam edir. Həm də müharibənin özünün regionda təhlükəsizlik balansını daha da həssaslaşdırdığı açıqdır. Körfəz ölkələrinin və Türkiyənin bu prosesdə daha ehtiyatlı və balanslı mövqe tutması, regional ittifaqların formasının dəyişə biləcəyini göstərir.
Nəticə etibarilə, əldə olunan atəşkəs nə tam sülh, nə də açıq məğlubiyyət kimi qiymətləndirilə bilər. Bu, daha çox müvəqqəti dayanma, strateji düzənləməyə zaman qazanma cəhdidir. İran və İsrail arasında bu səviyyədə qarşıdurmaların sonuncu dəfə baş verdiyini düşünmək isə hələ tezdir. Regionda hərbi, diplomatik və informasiya müharibəsi yeni fazalara qədəm qoyur.
Ruslan Zəngəzur