• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

İranda gərginlik artır: Rejim dağılarsa bölgədə bə dəyişəcək?

SİYASƏT

06 Yanvar 2026 | 14:35

İranda gərginlik artır: Rejim dağılarsa bölgədə bə dəyişəcək?

"Böyük ehtimalla İranda xaosu kənar qüvvələr rejim dəyişənə qədər idarə edəcəklər".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Analitik bildirib ki, daxili və xarici etirazların əsl mahiyyəti teokratik rejimə qarşıdır. Onun sözlərinə görə, dövlətin bütün strukturlarının açarını əlində saxlayan ali dini liderin qarşısında iki seçim var: ya hakimiyyəti islahatçı və türk əsilli prezidentə buraxmaq, ya da Qərbin gətirmək istədiyi fars şahın oğlunun xeyrinə tərk etmək:

“İran nüvə proqramı ilə bağlı Qərblə razılaşmadı və İsrailin təhdidləri qarşısında ABŞ ilə ortaq məxrəcə gələ bilmədi. Eyni zamanda nüvə proqramı əsasında obyektləri bərpa edir. Həmçinin, ballistik raketlərin istehsalını davam etdirmək üçün obyektlərin bərpasını sürətləndirir. Bu proses bölgədə gərginliyin artmasını labüdləşdirir. Eyni zamanda İsrailin İrana hava zərbələrinə şərait yaradır".

Həmsöhbətimiz vurğulayıb ki, hazırda İranda iqtisadi, siyasi durumun gərginliyi xalq üsyanları ilə müşaiyət olunur:

"İsrail və ABŞ-nin planı İranda Pəhləviləri yenidən hakimiyyətə gətirməkdir. İranın raket və nüvə obyektlərini bərpa etməsinə qarşı hazırda İsrailin ABŞ-nin dəstəyi ilə hərbi müdaxiləsinə açıq zəmin yaranıb. Bununla paralel rejimi dəyişmək üçün xalq kütlələrindən geniş istifadə etməklə daxildə xaos yaratmaq üzrə işlər gedir”.

Müsahibimiz qeyd edib ki, prezident Məsud Pezeşkianın son açıqlamaları da hakimiyyət üçün bədbin idi və açıq şəkildə rejimin ona, işləmək, islahat aparmaq üçün imkan vermədiyini bəyan edirdi. Qərb hazırda bütün agentura şəbəkələrini səfərbər edərək İranda daxili etirazları mümkün qədər artırmaq üzrə çalışır. Onun fikrincə, İsrail və ABŞ-nin də hava zərbələri ləngisə də qaçılmaz olacaq.

Tural İrfan: Raket və nüvə istehsalı dayandırılmazsa İsrail İrana yenidən zərbələr endirə bilər

Analitikə görə, şahın oğlunu ABŞ-nin yenidən hakimiyyətə gətirmək planı Qərbin, xüsusən Birləşmiş Ştatların İran daxilində türk cümhuriyyəti qurulmasına imkan verməyəcəyi anlamına gəlir:

"Çünki bir tərəfdə Türkiyənin, digər tərəfdə Azərbaycanın olduğu bir ərazidə növbəti müstəqil türk, müsəlman dövlətinin olmasını bölgədə türk birliyinin böyük gücə çevrilməsi kimi xarakterizə edib ehtiyat edirlər. Ona görə İranın bütöv saxlanılmaqla sadəcə federasiyalara bölünərək Azərbaycana da bir pay verməklə rejimi dəyişmək istəyirlər. Bu federasiyalardan biri də kürdlər üçün nəzərdə tutulur. Rəhbərliyi isə fars şahın nəslinə ötürmək üzərində artıq uzun müddətdir ki, fəaliyyət davam edir. Hazırda bu proseslərə qədər olan mərhələ üzərində planlar həyata keçirilir”.

Politoloq hesab edir ki, İranın nüvə proqramı ilə bağlı görülən işləri puç etmək, raket istehsalını dayandırmaq üçün İsrailin yaxın aylarda hava zərbələri endirməsi böyük ehtimalla reallaşacaq:

“Əgər daxili üsyanlar rejimi silkələyə bilsə hava zərbələrinə vəsait sərf etmədən məqsədə çatacaqlar. Yox, əgər daxili üsyanlar yatırılarsa, raket və nüvə istehsalı dayandırılmazsa ABŞ-nin dəstəyi ilə İsrail İrana yenidən 12 günlük müharibə ərəfəsindəki kimi zərbələr endirə bilər".

T.İrfan əlavə edib ki, bölgədə siyasi gərginlik artsa da digər yönlərdən stabillik davam edəcək:

"Çünki İran demək olar ki, sanksiyalar altında keçmiş Səddam Hüseyn rejimi kimi tam təcrid olunmuş vəziyyətdədir. Orada rejimin çökməsi əksinə, bölgədə İranın aqressiv siyasəti nəticəsində bağlanmış bir çox yolları aça, iqtisadi, ticari, tranzit əlaqələri inkişaf etdirə bilər. Rejimin qalması getməsindən daha təhlükəlidir. Bunu ən bariz şəkildə İran prezidentinin son açıqlamaları mahiyyəti etibarı ilə ortaya qoyur. Öz prezidentinin belə fəaliyyətinə maneə yaradan bir rejim, siyasi sistem bölgədə sabitliyin, sülhün davamlı olmasına əsla imkan verə bilməz. Ümumiyyətlə ilin sonuna qədər İran rejiminin ayaqda qalmasına ehtimal çox azdır".

Aydın Baxış


SON XƏBƏRLƏR