Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında bəyan etdiyi fikirlərə cavab verib.
Bakıvaxtı.az-ın məlumatına görə, Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyana görə, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır: "Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz ərazilərində müstəqillik əldə etdilər, sovet dövlətləri arasında inzibati sərhədlər dövlət sərhədinə çevrildi".
Paşinyanın sözlərinə görə, bu o deməkdir ki, sərhədin demarkasiyası prosesi sərhəd yaratmaqdan deyil, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq mövcud olan sərhədlərin bərpasından gedir. Baş nazir onu da iddia edib ki, Bakı 4 kəndini istəyirsə, İrəvan da Azərbaycan tərəfinin "işğal" etdiyi 32 kəndi tələb edir.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan müstəqil qərar vermək imkanına sahib olmayan qondarma dövlətdir.
Onun sözlərinə görə, İrəvan ya şimal qonşumuz Rusiya, yaxud da Qərb ölkələrindən, xüsusən ABŞ-dən gələn təlimatlar əsasında hərəkət edir. Zaman-zaman sülh prosesi, yanaşmalarla bağlı nisbətən pozitiv görüntü verilsə də, ümumən Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Müsahibimizə görə, elə bu səbəbdəndir ki, 3 ildir sülh danışıqları getsə də, sərhədlərlə bağlı komissiyalar 5 dəfə görüşsələr də, ortada nəticə yoxdur: “Bu da aydın göstərir ki, İrəvan real sülhdə maraqlı deyil. Ancaq İrəvan anlamır ki, sülhdən uzaqlaşmaq, müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışmaq sonda Ermənistana daha böyük zərbənin dəyməsinə səbəb olacaq. Əfsuslar ki, Ermənistan 30 il ərzində israrla davam etdirdiyi işğalçılıq siyasətinin nə ilə nəticələndiyini unudur. İrəvan öz qeyri-konstruktiv mövqeyini davam etdirərsə, sərhədlərin delimitasiya və demarkasiya məsələsində absurd xəritələri, yaxud bəyannamələri ortalığa atacaqlarsa, ən əsası da Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipdən yayınacaqsa, təbii ki, sülh imzalanmayacaq və bunun da cəzasını, ağrısını Ermənistan özü çəkəcək”.
A.Əlizadə qeyd edib ki, kommunikasiyalarla bağlı da İrəvanın həyata keçirdiyi məntiqsiz siyasət Ermənistanın sonunu gətirəcək: “Dəfələrlə vurğulanıb ki, sazişə imza atılması, yolların, sərhədlərin açılması Azərbaycandan daha çox Ermənistan üçün lazımdır. Ermənilər sadəcə Gürcüstan üzərindən keçən Yuxarı Lars yolunun ümidinə qalıblar. O yol da Rusiyanın əlində təzyiq vasitəsidir. Həm Moskva ilə gərginlik fonunda, həm də hava şəraiti ilə əlaqədar Yuxarı Lars yolu tez-tez bağlanılır. Bu da faktiki olaraq İrəvanın ağılsız siyasətinin nəticəsidir".
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın sərhədlərin müəyyənləşməsi ilə bağlı konkret mövqeyi var: "1991-ci ildə qəbul etdiyimiz Müstəqillik Aktında bəyan olunub ki, Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Ona görə sərhədlərin delimitasiya və demarkasiyası da Cümhuriyyət dövrünün xəritələri ilə müəyyənləşməlidir. Çünki siyasi varislik bunu tələb edir. Biz həmin dövrdə mövcud olmuş dövlətimizin torpaqlarının da varisiyik. Baş nazir Nikol Paşinyanın "32 kənd" iddiası tamamilə absurddur. Azərbaycan baş nazirin iddia etdiyi kəndlərə girməyib. Sadəcə olaraq Ordumuzun mövqeləri elə strateji yerdədir ki, həmin kəndlər nəzarət altına düşür".
Aydın Baxış