• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

İsrail-Fələstin münaqişəsində yeni mərhələ: Fələstinin tanınması nəyi dəyişəcək?

DÜNYA

22 Sentyabr 2025 | 15:30

İsrail-Fələstin münaqişəsində yeni mərhələ: Fələstinin tanınması nəyi dəyişəcək?

Yaxın Şərqdə onilliklərdir davam edən İsrail-Fələstin münaqişəsi bu gün də beynəlxalq siyasətin ən mürəkkəb və həssas məsələlərindən biri olaraq qalır. Fələstinin dövlət kimi tanınması məsələsi regional və qlobal güclərin diqqət mərkəzində olmaqla yanaşı, sülh prosesinin gələcəyi və regiondakı güc balansı üçün strateji əhəmiyyət daşıyır.

Son illərdə bu istiqamətdə atılan addımlar və intensivləşən diplomatik müzakirələr münaqişənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Lakin həm İsrailin təhlükəsizlik narahatlıqları, həm də beynəlxalq ictimaiyyətin parçalanmış mövqeyi bu prosesin sadə və tez nəticələnən bir həll yolu olmadığını sübut edir. Bu kontekstdə Fələstinin tanınması məsələsi təkcə iki xalq arasında deyil, həm də geniş regional və qlobal müstəvidə siyasi münasibətlərin yönünü müəyyən edən əsas faktorlardan biridir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Fələstinin tanınması məsələsi Yaxın Şərqdə uzun illərdir davam edən mürəkkəb bir prosesdir və ən son mərhələdə bu prosesin intensivləşməsi İsrail və Fələstin münasibətlərinə əlavə gərginlik gətirib:

"İsrail tərəfindən göstərilən aqressiya məsələnin həlli üçün sülh perspektivlərinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər. İsrailin təhlükəsizlik təminatı ilə bağlı narahatlıqları və Fələstinin dövlət kimi tanınmasına razılıq verməməsi regiondakı ziddiyyətlərin əsasında durur".

Onun sözlərinə görə, Fələstinin hər hansı bir beynəlxalq səviyyədə tanınması İsrail-Fələstin münaqişəsində yeni mərhələnin başlanmasına işarə edir, lakin bu, zəruri olaraq dərhal münaqişəni sonlandıra bilməz:

"Bir çox ölkə və beynəlxalq təşkilat Fələstini tanısa da, İsrailin bu mövqeyə qarşı sərt reaksiya verməsi müharibənin və silahlı qarşıdurmanın alovlanmasına səbəb olur. Son illərdə Qəzza və İordan çayının qərb sahilində baş verən hərbi əməliyyatlar atəşkəsin pozulması və qarşılıqlı hücumlar vəziyyətin mürəkkəbliyini göstərir".

Həmsöhbətimiz əlavə edib ki, beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ölkələri sülh danışıqlarının bərpasına çağırsa da İsrail-Fələstin qarşıdurmasının əsas məsələləri - sərhədlər, təhlükəsizlik, Qüdsün statusu sığınacaq hüquqları hələ də həll edilməyib. Fələstinin tanınması bu məsələlərə əlavə ehtiyatlılıq və kompleks yanaşma tələb edir.

"Eyni zamanda, regionda digər aktorlar - Türkiyə, İran, ABŞ və Rusiyanın mövqeləri, həmçinin regional güvənlik mexanizmləri gələcək dinamikaya təsir edir. İsrailin qazandığı beynəlxalq dəstək və sərhədlərin müdafiəsi strategiyası öz yerində qalır, lakin Fələstinin dəstəklənməsi  beynəlxalq hüququn prinsiplərinə söykənir",- deyə İsmayılov diqqətə çatdırıb.

Tural İsmayılov: Konfliktin həlli üçün dialoq və qarşılıqlı anlaşmanın artırılması, zəruridir

Həmsöhbətimizə görə, Fələstinin tanınması və İsrailin bu məsələyə reaksiyası Yaxın Şərqdə siyasi münaqişələrə olan baxışları dəyişdirmək potensialına malikdir. Lakin bu dəyişikliklərin nəticəsi regional stabilliyə və sülhə necə təsir edəcəyini zaman göstərəcək. Konfliktin uzunmüddətli həlli üçün dialoq və qarşılıqlı anlaşmanın artırılması, həmçinin beynəlxalq ictimaiyyətin balanslı yanaşması zəruridir:

"Bu prosesdə hər iki tərəf üçün sükunət və konstruktiv dialoq şəraitinin yaradılması gələcək perspektivləri müəyyən edəcək. İsrail və Fələstin arasında qarşılıqlı inamın inkişafı qarşıdurmanın həlli üçün ən vacib amildir. Yalnız sülh yolu ilə hər iki xalqın rifahı təmin edilə bilər".

Sonda Tural İsmayılov deyib ki, bu tip məsələ geniş regional və beynəlxalq kontekstdə qiymətləndirilməli, ani emosional reaksiyalardan və ittihamlardan uzaq durulmalıdır. Sabitlik, insan haqlarına hörmət və dialoq prinsiplərinə əsaslanan səbirli siyasət uzunmüddətli sülhə gedən yoldur. İstənilən aqressiya yeni dövrün ortaya çıxmasına səbəb ola bilər, amma bunun nəticələrinin müsbət və dayanıqlı olması üçün əməkdaşlıq və münasibətlərin normallaşması tələb olunur.

Əli Hüseynov


SON XƏBƏRLƏR