• Bakı 26° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

İsrail-HƏMAS savaşı nə qədər davam edəcək? - Netanyahu göstərmək istəyir ki...

DÜNYA

31 Oktyabr 2023 | 15:01

İsrail-HƏMAS savaşı nə qədər davam edəcək? - Netanyahu göstərmək istəyir ki...

"İsrailin məqsədi HƏMAS-ı tamamilə ləğv etməkdən ibarətdir. İsraili dəstəkləyən Amerika Birləşmiş Ştatlarıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, çox güman ki, savaş İsrailin öz məqsədlərinə çatmasınadək davam edəcək: "İsrail HƏMAS-ı İŞİD kimi görür və hesab edir ki, onunla mübarizə sonadək aparılmalıdır. Lakin xatırladım ki, İŞİD tam təmizlənmədi və qalıqları qalır. HƏMAS-ı təşkilat kimi tamamilə ləğv etmək müşkül məsələdir. Fərqli məkanlarda müxtəlif qolları var və onlar şəbəkə şəklində fəaliyyət göstərirlər. Qəzzada təşkilatı mümkün qədər təmizləməyə nail olsalar da, digər regionlarda bunu edə bilməyəcəklər. Hətta struktur olaraq dağıtsalar belə HƏMAS düşüncəsi insanların beyinlərində qalacaq. HƏMAS olmayacaq, sabah başqa adla təşkilat meydana çıxacaq. İsrailin siyasi məqsədləri də var. Benyamin Netanyahu göstərmək istəyir ki, o, güclü siyasətçidir və İsrailin güclü ordusu, təhlükəsizlik sistemi var".

Müsahibimiz vurğulayıb ki, sadəcə Türkiyə deyil, bəzi ölkələr də Qəzzada yaşananlara görə ciddi narahatdırlar. Politoloq qeyd edib ki, humanitar böhran davam edərsə, müsəlman ölkələr müharibəyə biganə qala bilməzlər: “Ən azından humanitar fəlakətin dərinləşməsinin qarşısını almağa, atəşkəsə nail olmağa çalışacaqlar. HƏMAS-ın siyasi qanadı Türkiyə üçün tərəfdaş təşkilatdır. Prezident Ərdoğan da deyib ki, HƏMAS terror təşkilatı deyil”.

İlqar Vəlizadə: Sadəcə Türkiyə deyil, bəzi ölkələr də Qəzzada yaşananlara görə ciddi narahatdırlar

İ.Vəlizadə hesab edir ki, Ankaranın məqsədi Qəzzada yaranmış problemləri həll etmək və bölgədə Türkiyəni nüfuzunu saxlamaqdır: “Türkiyə İslam dünyasının aparıcı üzvlərindəndir və öz məsuliyyətini dərk edir. Türkiyə ilə Fələstin bölgəsini bir-birinə bağlayan tarixi-siyasi tellər də var. Türkiyə bu amillərdən istifadə etməklə regionda siyasi sabitliyin yaranmasına cəhd göstərir".

Qeyd edək ki, İsrail ordusu Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatı mərhələli şəkildə genişləndirib. Bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib. O bildirib ki, məqsədlərinə çatmaq üçün planlara uyğun olaraq əməliyyatı mərhələli şəkildə genişləndirməyə davam edəcəklər. MOSSAD-ın keçmiş rəhbəri Zoar Palti isə deyib ki, HƏMAS qruplaşmasının məhv edilməsi üçün İsrailə bir neçə il lazımdır: "İsrail HƏMAS-a qarşı müharibəyə vaxt məhdudiyyəti qoymayacaq. Çünki o, 7 oktyabrdakı kimi hücumların bir daha təkrarlanmayacağına dair təminat istəyir. İkinci İntifada üç-dörd il davam etdi. Bənzər bir şeyin indi baş verməsinə hazır olmalıyıq".

Aydın Baxış


SON XƏBƏRLƏR