Ümid Partiyasının sədri İqbal Ağazadənin adından kiberdələduzluq edilməsi, tanınmış şəxslərin, o cümlədən Əməkdar jurnalist Ləman Ələşrəfqızının bu dələduzluğun qurbanı olması məsələni yenidən aktual edib. Kiberdələduzluğun qurbanı olan jurnalist Ləman Ələşrəfqızının pulu kartına geri qaytarılsa da, bu hadisə yenidən cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Bəs görəsən, kiberdələduzluğa qarşı necə mübarizə aparaq? Necə edək ki, onların toruna düşməyək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan İT mütəxəssisi Emil Hacıyev bildirib ki, bu hadisəyə sadəcə "kiminsə hesabı oğurlandı" kimi baxmaq düzgün olmaz. Onun sözlərinə görə, əslində burada söhbət klassik kiberdələduzluqdan və sosial mühəndislikdən gedir. Yəni dələduz, ilk növbədə, texnologiyaya yox, insanın etibar hissinə hücum edir:
"Tanıdığımız adamın adı ilə yazır, təcili vəziyyət yaradır, emosional təzyiq göstərir və insanı düşünməyə yox, tez reaksiya verməyə məcbur edir. Bu tip hallarda ən təhlükəli məqam odur ki, mesaj tanımadığımız adamdan yox, tanıdığımız şəxsin adından gəlir. İnsan da düşünür ki, "bu, mənim tanıdığımdır, niyə şübhələnim?" Kiberdələduzlar məhz bu psixologiyadan istifadə edirlər. Onlar bilirlər ki, tanınmış şəxsin, dostun, qohumun və ya iş adamının adı ilə edilən müraciət daha inandırıcı görünür”.
Müsahibimiz qeyd edib ki, burada əsas qayda çox sadədir: pul, kart, kod, şifrə və ya təcili kömək istənilirsə, mütləq ikinci kanaldan təsdiq alınmalıdır:
“Məsələn, kimsə "Telegram"dan yazırsa, ona telefonla zəng etmək lazımdır. "WhatsApp"dan yazırsa, adi mobil nömrəsinə zəng etmək lazımdır. Səsli mesaj da bəzən kifayət deyil, çünki bu gün süni intellekt vasitəsilə səsi təqlid etmək də mümkündür. Ən doğru addım birbaşa zəng edib sualı açıq verməkdir: "Bu mesajı sən yazmısan?""
Kiberdələduzları tanımağın bir neçə açıq əlamətinin olduğunu bildirən mütəxəssis qeyd edib ki, bu əlamətlərdən birincisi tələskənlik yaradılmasıdır. Bu halda dələduzlar əsasən "indi lazımdır", "təcili göndər", "sonra izah edərəm" sözlərindən istifadə edirlər.
"İkincisi, adətən kiçik məbləğdən başlayırlar ki, insan çox düşünməsin. Üçüncüsü, söhbəti uzatmaq istəmirlər, çünki əlavə sual veriləndə sxem dağıla bilər. Dördüncüsü, pulun başqa karta və ya başqa şəxsə göndərilməsini istəyirlər. Beşincisi, linkə daxil olmağı, kod göndərməyi və ya hansısa tətbiq yükləməyi xahiş edirlər. Bunların hər biri artıq ciddi xəbərdarlıq siqnalıdır”.

Emil Hacıyev: Rəqəmsal dövrdə "inanıram" kifayət etmir, "yoxlayıram" deməyi öyrənməliyik
Mütəxəssisin sözlərinə görə, insanlar bilməlidirlər ki, bank kartının nömrəsi ilə yanaşı CVV, PIN, SMS kod, OTP kod, təsdiq kodu və şəxsi kabinetə giriş məlumatları heç kimə göndərilməməlidir. Hətta qarşı tərəf özünü bank əməkdaşı, polis, dövlət qurumu, tanış adam və ya rəhbər şəxs kimi təqdim etsə belə. Normal bank, dövlət qurumu və ya ciddi təşkilat heç vaxt vətəndaşdan şifrə, SMS kod və ya kartın məxfi məlumatlarını istəmir.
E. Hacıyev tövsiyə edir ki, hesabların qorunması üçün iki mərhələli təsdiqləmə mütləq aktiv olmalıdır. "Telegram", "WhatsApp", "Instagram", "Facebook", "Gmail" və digər əsas hesablar sadə şifrə ilə saxlanılmamalıdır:
"Şifrə ayrıca olmalı, başqa platformalarda istifadə olunan eyni şifrə təkrar edilməməlidir. Ən böyük səhvlərdən biri budur: insan eyni şifrəni həm poçtda, həm sosial şəbəkədə, həm də başqa servislərdə istifadə edir. Bir platformadan məlumat sızanda artıq digər hesablar da riskə düşür. Kiberdələduzluqla mübarizədə texniki tərəf vacibdir, amma tək texnika kifayət etmir. Burada əsas məsələ rəqəmsal gigiyenadır. Necə ki, real həyatda qapını bağlayırıq, açarı yad adama vermirik, küçədə tanımadığımız adama kartımızı uzatmırıq, internetdə də eyni davranış olmalıdır. Sadəcə bu dəfə "qapı" bizim hesabımızdır, "açar" isə şifrələrimiz və təsdiq kodlarımızdır".
Ən vacib məqamlardan biri də kiberdələduzluğun qurbanı olan insanı qınamamaq olduğunu bildirən mütəxəssisin fikrincə, bu gün bu sxemlər çox peşəkar qurulur. Tanınmış, savadlı, təcrübəli insanlar da belə hallarla üzləşə bilər. Amma hər hadisədən sonra cəmiyyət olaraq nəticə çıxarmalıyıq. Hər kəs öz yaxınlarına, xüsusilə yaşlı valideynlərinə, texnologiyadan az istifadə edən ailə üzvlərinə bu qaydaları izah etməlidir.
"Əgər belə bir hal baş veribsə, vaxt itirmədən bankla əlaqə saxlanılmalı, kart bloklanmalı, hesabların şifrələri dəyişdirilməli, bütün aktiv sessiyalar bağlanmalı və hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Eyni zamanda həmin hesabdan başqalarına da mesaj gedə biləcəyi üçün dərhal ictimai xəbərdarlıq edilməlidir ki, daha çox insan zərər görməsin. Bu məsələdə ən düzgün yanaşma odur ki, internetdə gələn hər təcili müraciətə əvvəlcə şübhə ilə yanaşmaq lazımdır. Şübhə düşmənçilik deyil, təhlükəsizlik refleksidir. Rəqəmsal dövrdə "inanıram" kifayət etmir, "yoxlayıram" deməyi öyrənməliyik", - deyə Emil Hacıyev izah edib.
Gülşən Şərif
Bakı 



