• Bakı 25° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Kassisin regional turnesi hansı mesajları verir?

SİYASƏT

31 Iyul 2026 | 17:14

Kassisin regional turnesi hansı mesajları verir?

İsveçrə Federal Şurasının üzvü, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassisin Azərbaycan və Türkmənistana səfəri gözlənilir. Səfər təşkilatın Cənubi Qafqaz və Mərkəzi Asiyada yenidən fəallaşmaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.

Son illərdə beynəlxalq təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər ATƏT-in ənənəvi vasitəçilik imkanlarını xeyli məhdudlaşdırıb. Buna görə də səfər təkcə ikitərəfli münasibətlərin müzakirəsi deyil, həm də təşkilatın yeni geosiyasi şəraitdə öz yerini müəyyənləşdirmək cəhdi kimi diqqət çəkir.

Cənubi Qafqazda 2020-ci ildən sonra yaranmış yeni reallıq ATƏT-in əvvəlki rolunu əsaslı şəkildə dəyişib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra uzun illər region üzrə əsas vasitəçilik mexanizmi kimi təqdim edilən Minsk qrupu faktiki olaraq fəaliyyətini dayandırıb. Hazırda Bakı ilə İrəvan arasında danışıqlar əsasən birbaşa təmaslar və müxtəlif beynəlxalq platformalar üzərindən aparılır. Bu isə ATƏT-in sülh prosesində əvvəlki təsir imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.

Digər tərəfdən, Ukrayna müharibəsindən sonra Rusiya ilə Qərb arasında dərinləşən qarşıdurma ATƏT-in institusional fəaliyyətinə də təsirsiz ötüşməyib. Təşkilatın qərarlarının konsensus prinsipi əsasında qəbul edilməsi siyasi fikir ayrılıqları fonunda çevik qərar qəbul etməyi çətinləşdirir. Nəticədə ATƏT daha çox dialoq platforması funksiyasını qoruyub saxlasa da, regional münaqişələrin həllində əvvəlki tək təsirli aktor kimi çıxış edə bilmir.

Mərkəzi Asiyada da geosiyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişib. Region dövlətləri balanslaşdırılmış xarici siyasət yürüdərək eyni vaxtda Çin, Rusiya, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirirlər. Belə rəqabətli mühitdə ATƏT təhlükəsizlik, sərhəd idarəçiliyi, insan hüquqları və institusional inkişaf sahələrində fəaliyyətini davam etdirsə də, regionun əsas siyasi platforması statusunu qorumaqda çətinlik çəkir.

İqnatsio Kassisin əvvəlcə Azərbaycan və Türkmənistana, daha sonra isə Ermənistan və Gürcüstana səfər etməsi təsadüfi seçim deyil. Bu marşrut ATƏT-in həm Cənubi Qafqaz, həm də Xəzər hövzəsi və Mərkəzi Asiya arasında siyasi dialoqu genişləndirmək niyyətini nümayiş etdirir. Xüsusilə Azərbaycanın enerji, nəqliyyat və regional kommunikasiya layihələrində artan rolu nəzərə alınarsa, Bakı ilə təmaslar təşkilat üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan səfər həm regional sabitlik, həm də yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, ATƏT-in regionda əvvəlki nüfuzunu tam şəkildə bərpa etməsi qısa müddətdə mümkün görünmür. Bunun üçün təkcə sədrliyin diplomatik təşəbbüsləri kifayət etmir. Təşkilat daxilində siyasi konsensusun güclənməsi, qlobal geosiyasi gərginliyin azalması və üzv dövlətlərin ATƏT-in vasitəçilik mexanizmlərinə yenidən etimad göstərməsi əsas şərtlərdən hesab olunur. Bu səbəbdən Kassisin regional turnesi daha çox təşkilatın siyasi görünürlüğünü artırmağa və gələcək əməkdaşlıq imkanlarını qorumağa yönəlmiş diplomatik addım kimi qiymətləndirilə bilər.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR