Ukrayna Kiyevdə Avropadan olan tərəfdaşlarla təhlükəsizlik zəmanətləri və sülh planına yanaşmalarla bağlı birgə işə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, görüşlərdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Prezident Ofisinin müşaviri Aleksandr Bevz iştirak edirlər.
Danışıqların birinci bloku çərçivə sənədlərinə həsr edilib. Söhbət xüsusilə, Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən, sülh planının formalaşdırılmasına yanaşmalardan və tərəfdaşlarla gələcək birgə addımların ardıcıllığının razılaşdırılmasından gedir. R.Umerov vurğulayıb ki, iş Ukrayna ilə Avropa müttəfiqlərinin ümumi məsuliyyətinə əsaslanacaq qərarların hazırlanmasına yönəlib.
"RBK-Ukrayna"nın məlumatına görə, iclasda Avropa və NATO ölkələrinin 18 nümayəndəsi iştirak edib. Həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iqtisadi sessiyaya qoşulacağı məlumdur.
Digər sessiyalara ABŞ Prezidentinin kürəkəni Cared Kuşner qatılacaq.
***
15:49
Avropa ölkələri və NATO-nun milli təhlükəsizlik üzrə müşavirləri bu gün Kiyevə gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz “Telegram” kanalında məlumat yayıb.
Aparılacaq danışıqlarda Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkanın, həmçinin, NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri iştirak edir.
Umerovun sözlərinə görə, qarşıda sıx iş günü var. Tərəflər təhlükəsizlik və iqtisadiyyat məsələlərini, çərçivə sənədləri ilə işləri, həmçinin Ukraynanın beynəlxalq tərəfdaşlarla növbəti addımlarının koordinasiyasını müzakirə edəcəklər./APA
Bakı 




