Rusiya qoşunları Donbasın qalan hissəsi üçün ən mühüm istinad məntəqəsi hesab olunan Konstantinovka şəhərinə daxil olub və şəhərə nəzarəti ələ keçirməyə hazırlaşır.
"The Telegraph" qəzetinin yazdığına görə, ukraynalı hərbçilər hazırda bütün şəhərin faktiki olaraq heç bir tərəfin tam nəzarətində olmayan "boz zona"da olduğunu bildirirlər. Bu addım Ukraynanın Donetsk vilayətinin şərqindəki son böyük qalaları olan Kramatorsk və Salyanska gedən yolu aça bilər.
Bu irəliləyiş Rusiyaya qarşıya qoyduğu əsas hərbi məqsədi - bütün Donetsk vilayətini tam ələ keçirməyi nə dərəcədə yaxınlaşdırır? Ümumilikdə Rusiya-Ukrayna müharibəsində hansı tərəfin üstünlüyü daha çoxdur?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Rusiya qoşunlarının Konstantinovka istiqamətində irəliləməsi və şəhərin "boz zona"ya çevrilməsi Donbas cəbhəsində taktiki hərbi balansın növbəti dəfə dəyişdiyini göstərir.
Onun sözlərinə görə, bu irəliləyiş Moskvanın müharibənin əvvəlindən bəyan etdiyi əsas strateji hədəfə - Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmaq məqsədinə - mühüm dərəcədə yaxınlaşdırır:
"Konstantinovka mühüm logistik qovşaq və Ukrayna ordusunun müdafiə xəttinin əsas dayaq məntəqələrindən biri olduğundan, onun itirilməsi Donbasdakı sonuncu böyük Ukrayna qalaları olan Kramatorsk və Slavyansk aqlomerasiyasının birbaşa zərbə altına düşməsi deməkdir. Bu isə vilayətin qalan hissəsinin müdafiəsini həm təchizat, həm də coğrafi baxımdan ciddi şəkildə çətinləşdirir".

Tural İsmayılov: Konstantinovkanın taleyi isə Donetsk vilayətinin gələcək xəritəsini müəyyən edəcək
Ümumilikdə Rusiya-Ukrayna müharibəsindəki mövcud status-kvonu qiymətləndirən T.İsmayılov hesab edir ki, tərəflərin müxtəlif komponentlərdə asimmetrik üstünlüklərə malik olduğunu görmək olar. Müsahibimiz bildirib ki, hazırda cəbhə xəttində təşəbbüs daha çox Rusiya tərəfindədir. Dediyinə görə, Rusiya canlı qüvvə, artilleriya və xüsusilə süzən bombaların (FAB) tətbiqi sahəsindəki kəmiyyət üstünlüyündən istifadə edərək ləng, lakin davamlı surətdə torpaqları ələ keçirməkdədir:
“Moskva həmçinin hərbi sənaye kompleksini tam gücü ilə işə salaraq resurs tükənməsi riskini minimuma endirməyi bacarıb.
Ukraynanın üstünlüyü isə daha çox keyfiyyət ssenarilərində, xüsusilə texnoloji və asimmetrik müharibə elementlərində özünü büruzə verir. Ukrayna ordusu Qərbin uzaqmənzilli raketləri və kəşfiyyat dəstəyi sayəsində Rusiyanın arxa cəbhə logistikasını, neft emalı zavodlarını və hərbi aerodromlarını effektiv şəkildə vurmaq imkanına malikdir. Bununla belə, Kiyev üçün ən böyük çətinlik canlı qüvvə çatışmazlığı və Qərb hərbi yardımlarının ardıcıllığından asılılıqdır".
Politoloq onu da vurğulayıb ki, hazırkı mərhələdə Rusiya quruda və resurs müharibəsində üstünlüyü əlində saxlasa da, bu üstünlük cəbhə xəttinin tamamilə yarılması ilə deyil, böyük itkilər hesabına başa gələn pozucu müharibə (attrition warfare) xarakteri daşıyır:
"Konstantinovkanın taleyi isə Donetsk vilayətinin gələcək xəritəsini müəyyən edəcək, lakin bu irəliləyiş müharibənin ümumi strateji dalandan çıxması üçün hələlik tam yetərli görünmür".
Gülşən Şərif
Bakı 



