Körpələrdə diş çıxarma həm valideynlər, həm də körpə üçün çətin bir proses ola bilər. Çənənin daxili quruluşunda anadangəlmə olan süd dişləri, zamanı gəldiyində sırasıyla diş ətini bölərək ortaya çıxır. Körpələr diş ətindən çıxana qədər prosesdə həssaslıq, qızartı, şişlik və ağrı ola biləcəyi üçün narahat olurlar. Ona görə də ailələr diş çıxarma prosesini anlayaraq körpələrini rahatlaşdırmaq üçün tədbirlər görməyə çalışırlar.
Bakıvaxtı.az körpələrdə diş çıxmanın necə baş verməsi ilə bağlı çoxsaylı araşdırmaları təqdim edir. Həkimlərin araşdırmasına görə, diş çıxması adətən 6 aydan başlayır və 3 yaşa qədər davam edir. Körpələrin əksəriyyətində 20 süd dişi olur və bu dişlər 3 yaşına qədər çıxır. Zamanla töküləcək süd dişləri 6-7 yaşdan sonra, sırasıyla düşür və yerini daimi dişlərə buraxır.
Bəs körpələrdə diş çıxmasının əlamətləri hansılardır?
• Diş ətinin şişməsi və həssaslığı: Diş çıxarma zamanı diş ətləri həssaslaşır və aşağıdan diş təzyiqi nəticəsində şişlik yarana bilər. Körpənin ağzında sərt bir şey hiss etmək diş çıxarma əlamətidir.
• Ağızda tüpürcək artımı: Diş çıxararkən diş ətindəki həssaslıq həmin nahiyədəki toxumaların və sinirlərin stimullaşdırılmasına səbəb olur və buna görə də tüpürcək ifrazı artır.
• Ağrı və narahatlıq: Ağrı diş çıxararkən diş ətini parçaladığı üçün yaranır və buna görə də körpə narahatlıq yaşayır.
• Qidalanma problemləri: Körpələr diş çıxarma zamanı ağrı və həssaslıq hiss etdikləri üçün əmmə zamanı çətinlik çəkirlər və qidalanmadan imtina edə bilərlər.
• Yuxu problemləri: Körpələr bu müddət ərzində yuxuda çətinlik çəkə bilər və ağrı, narahatlıq hiss etdikləri üçün gecə yuxuları kəsilə bilər.
• Çeynəmə və qaşıma istəyi: Körpələrdə diş çıxarma prosesi başladığı üçün diş ətlərində qaşınma və sərtləşmə səbəbiylə çeynəmə istəyi görülür. Bu səbəbdən ağızlarına bir şey götürdükləri üçün ağız qaşıyan alətlər lazımdır.
• Qızdırma: Nadir hallarda diş çıxarma zamanı yüngül qızdırma baş verə bilər. Lakin yüksək hərarət körpənin diş çıxarması deyil, başqa bir sağlamlıq problemi ilə bağlı ola biləcəyi üçün onu həkimə aparmaq məsləhət görülür.
Diş nə vaxt çıxmağa başlayır?
Körpələr adətən 6 ayda diş çıxarmağa başlayır, lakin müxtəlif səbəblərə görə vaxt körpədən körpəyə dəyişir. Bəziləri 3-4 aylıq, bəziləri isə 9-10 aylıq olanda diş çıxarmağa başlaya bilər. Bu normal hal olsa da, ilk süd dişinin çıxması 1 ildən çox olarsa, o zaman problem ola biləcəyi üçün həkimə müraciət etmək lazımdır.
Ümumiyyətlə, 6-cı aydan çıxmağa başlayan süd dişləri müəyyən ardıcıllıqla bir-iki çıxmağa davam edir. İlk çıxan dişlər aşağı ön dişlərdir. Körpələrin dişləməsi 2-3 yaşa qədər davam edir və dövrün sonuna qədər 20 süd dişi tamamlanır. Bu süd dişləri 6-7 yaşa qədər varlığını davam etdirərkən, sonradan düşməyə başlayır. Yeni daimi dişlərin çıxması da süd dişlərində olduğu kimi müəyyən ardıcıllıqla və zamanla baş verir.
Verilən məlumata əsasən, körpələrin diş çıxarma zamanı ağrıları aradan qaldırmaq üçün diş ətlərini yumşaq bir şəkildə masaj etmək, soyuq dəsmal ilə diş ətlərini sürtmək və ya diş çıxaran oyuncaqlardan istifadə etmək faydalıdır. Həkiminizlə məsləhətləşərək apteklərdə reseptlə və ya reseptsiz satılan körpə ağrıkəsici gel və kremlərdən istifadə edə bilərsiniz.
Qeyd edək ki, körpələrdə diş baxımına ilk diş çıxdığı andan başlamaq vacibdir. Körpənin sağlam süd dişlərinə sahib olması vacib olduğu üçün dişlər mütəmadi olaraq təmizlənməlidir. Yumşaq tüklü uşaq diş fırçası ilə dişləri təmizləyərkən ümumiyyətlə pasta istifadə edilmir. Müəyyən bir yaşdan sonra həkim körpələr üçün az miqdarda xüsusi hazırlanmış pastalardan istifadə etməyi tövsiyə edə bilər.
Xəyalə Rza