• Bakı 19° C

    0.29 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

12 günlük müharibənin iqtisadi təsirləri: Bahalaşma yaşanmadı, neftin qiyməti qalxmadı...

DÜNYA

24 Iyun 2025 | 15:55

12 günlük müharibənin iqtisadi təsirləri: Bahalaşma yaşanmadı, neftin qiyməti qalxmadı...

"Qlobal miqyasda İranla İsrail arasındakı qarşıdurma ciddi iqtisadi təhdidlər formalaşdırmadı, ortada dayanıqlı və davamlı təhdid mövcud deyil".

Bu sözləri İranla İsrail arasında 12 gün davam edən müharibənin mümkün iqtisadi təsirlərini şərh edən iqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, İranla İsrail arasında baş verən müharibə geniş miqyas almadığına görə dünya birjalarına hansısa ciddi təsir göstərmədi:

"Bəzi gözləntilərin əksinə olaraq, neft bahalaşmadı və lokal xarakterli hərbi əməliyyatlar dünya bazarında neftin bahalaşmasının qarşısını aldı. Bundan sonrakı sülh dövründə OPEC+ ölkələri bazara daha çox neft çıxararsa, qiymətlərin ucuzlaşma ehtimalı yüksəkdir. Çünki OPEC+ ölkələri bazara daha çox neft çıxarmışdı və bu, bahalaşmaya imkan vermədi”.

Onun sözlərinə görə, eyni zamanda İran-İsrail savaşı dövründə ABŞ və Aİ ölkələri alterativ mənbələrdən istifadə etməyə başladılar. Nəticə etibarilə gözlənilən bahalaşma yaşanmadı:

“Əgər İranla ABŞ arasında razılaşma əldə olunarsa, xüsusən də İran Hindistan və Çin bazarına əlavə neft çıxarırsa, qiymətlərin ucuzlaşması gözlənilir. Bundan başqa, ilin əvvəlindən proqnozlaşdırılan neftin ucuzlaşması fonunda dünyada ərzaq, sənaye məhsulları, maşınqayırma, ağır sənaye və metallurgiya sənayesi məhsullarının ucuzlaşması prosesi davam edəcək".

İqtisadçı hesab edir ki, dünya bazarında qeyd olunan məhsulların ucuzlaşmasında başlıca məqam Çinlə bağlıdır. Belə ki, ilin birinci yarısında Çinin iqtisadi göstəriciləri əvvəlki illərlə müqayisədə o qədər də inkişaf etmədi. Əgər bu tendensiya davam edərsə, qlobal mənada buğdanın, düyünü, digər strateji ərzaq məhsullarının qiymətində də ucuzlaşma baş verə bilər.

"Atəşkəsdən sonra yalnız ölkələrin hərbi xərcləri arta bilər. Bu isə hərbi sənayenin inkişaf etməsinə səbəb olacaq. Ölkələr hərbi büdcələrinə daha çox vəsait ayıracaqlar. Bu da iqtisadi inkişafın bir qoludur və dünya iqtisadiyyatında böyüməyə səbəb olacaq", - deyə müsahibimiz əlavə edib.

Razi Abasbəyli: Bundan sonra da İran eyni mövqedə qalacaq və Azərbaycanın əsas idxalçı ölkələrindən biri olacaq

R.Abasbəyli İranın apardığı müharibə fonunda Azərbaycanla iqtisadi əməkdaşlığına təsirinə də toxunub. Onun dediyinə görə, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təkcə 2024-cü ildə əvvəlki illə müqayisədə 35 faiz artıb:

"Xüsusilə qida sənayesi, yüngül sənaye və digər sənaye məhsullarının idxalında İran mühüm rol oynayıb. Bundan sonra da İran eyni mövqedə qalacaq və Azərbaycanın əsas idxalçı ölkələrindən biri olacaq. Bu, ölkəmizin iqtisadiyyatı üçün müsbət tendensiyadır və qarşıdakı dövrdə müəyyən sənaye məhsullarının qiymətində ucuzlaşma yarana bilər”.

Müsahibimiz hesab edir ki, ümumilikdə baş verən proseslər Azərbaycanın xeyrinədir. Neftin qiymətinin baha olması və ucuzlaşma risklərinin müəyyən müddətlik dayandırılması neftdən gələn gəlirlərimizin azalmamasına səbəb olub:

“Proses bu şəkildə bir neçə ay belə qeyri-müəyyən şəkildə davam edərsə, neftin ucuzlaşması aşağı olacaq. Nəticə etibarilə Azərbaycanın bu il üçün nəzərdə tutulan neft gəlirlərində zərər olmayacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

24 Iyun 2025