"Ermənistanda dövlət çevrilişinə cəhd barədə rəsmi məlumatlar bu ölkədə siyasi vəziyyətin gərginliyini və mürəkkəbliyini bir daha ortaya qoydu".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu deyib.
Ekspert bildirib ki, Ukrayna-Rusiya cəbhəsində ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasəti ilə Kremlə yeni nəfəslik açdıqdan sonra Ermənistanda son dövrlər Nikol Paşinyana qarşı olan qüvvələrin fəallaşdırıldığı aydın görünürdü:
"Moskva arsenalında olan vasitə və alətləri koordinasiyalı hərəkətə gətirərək indiki Baş naziri vəzifəsindən kənarlaşdırmaq xətti götürdü. Bir tərəfdə Erməni Apostol Kilsəsini, digər tərəfdə Moskvaya bağlı iş adamlarını, siyasi və ictimai çevrələri mütəşəkkil qaydada hakimiyyətə qarşı yönəldərək açıq şəkildə hərəkətə keçib. Ermənistanda dövlət çevrilişinə cəhd göstərilməsi həm də onunla izah oluna bilər ki, Moskva tələsir, 2026-cı il seçkilərini gözləmək istəmir. Eyni zamanda Kremlin istifadə etdiyi kartların saxtakarlığı və etibarsızlığı faş edildi. Paşinyan tərəfindən zərərsizləşdirildi. Ciddi kopromatlar katalikos II Qaregeni çətin duruma saldı. "Taşir" şirkətlər qrupunun sahibi, çirkli pulların yuyulmasında xüsusi rol alan və FTX-nin təlimatı ilə hərəkət edən Rusiyalı iş adamının həbsi, eləcə digərlərinin zərərsizləşdirilməsi Moskvanı öz planlarında korrektələr etməyə məcbur etdi".
Əli Oruclu: Kremlin istifadə etdiyi kartların saxtakarlığı və etibarsızlığı faş edildi
Siyasi şərhçi əlavə edib ki, zəif hakimiyyət olsa da, Kremldə Paşinyanı dəyişə, ona ciddi müqavimət göstərə biləcək qüvvə demək olar qalmayıb:
"Üstəlik, indiki hakimiyyətə Qərbin hərtərəfli dəstəyi qalır. Qərb Paşinyanı təhlükələrdən qorumaq üçün lazımı addımları atmaqdadır. Baqrat Qalstanyan çoxdan Paçinyanın "qara siyahı”sında idi. Rusiya xüsusi xidmətinə bağlı olan erməni kilsəsi əvvəlcə onu qabağa versə də, bundan nəticə hasil olmayınca Qargen özü meydana çıxdı. Onun övladının olmasının ortaya çıxması katalikosun əl-qolunu bağladı”.
Müsahibimizə görə, Ermənistandakı dövlət çevrilişinə cəhddə bağlı digər versiya ondan ibarətdir ki, erməni baş nazir 2026-cı il seçkilərinədək ona mane ola biləcək qüvvələri sıradan çıxarmaqla özü üçün əlverişli ortam yaradır. Rusiyanın açıq mövqe göstərməsi isə Paşinyana göydəndüşmə bəhanə verəcək.
Aydın Baxış