“Rusiya Ermənistana seçkilərdən sonra da təzyiqini davam etdirir. Moskva mesaj verir ki, Paşinyan parlament seçkilərini qazanmasına baxmayaraq Avropa İttifaqı ilə yaxınlaşaraq Moskvanın maraqlarını zərbə altına qoymamalıdır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.
Deputat vurğulayıb ki, Rusiya Ermənistana mesaj verir ki, Qərbə inteqrasiya məsələsində ehtiyatlı davransın:
“Bu, Rusiyanın bir çox ölkədə tətbiq etdiyi klassik taktikadır. Digər ölkələrdə bunun dəfələrlə şahidi olmuşuq. Rusiya Ermənistandakı seçkilərin nəticələrini tanımaq məcburiyyətindədir. Kremlin seçkiləri tanımaması Ermənistandakı seçkilərin qeyri-legitim olması anlamına gəlmir”.
Müsahibimiz qeyd edib ki, Rusiya hər zamankı kimi psixoloji təzyiq göstərir:
“Paşinyanın KTMT və Avrasiya İqtisadi Birliyindən de-yure çıxacağı inandırıcı deyil. Çünki Paşinyan Rusiya ilə münasibətləri pozmayacaq. Qərb ölkələri, Avropa Ermənistandakı seçkiləri xüsusi qabardır. Guya Paşinyanın yenidən seçilməsi anti-Rusiya mövqeyinin qələbə çalmasıdır. Yəni Qərb bunu xüsusi sevinclə qeyd edir. Lakin belə deyil”.
Tural Gəncəliyev: Paşinyanın KTMT və Avrasiya İqtisadi Birliyindən de-yure çıxacağı inandırıcı deyil
T.Gəncəliyev bəyan edib ki, Ermənistan müəyyən mənada asıllıqdan azad olsa da, Rusiyanın təsir dairəsi güclü olaraq qalır:
“Ən azı Gümrüdəki hərbi baza Rusiyanın de-yure Ermənistanda mövcudluğu deməkdir. Ona görə Paşinyan heç bir vəchlə Rusiya ilə münasibətlərində kəskin eskalasiyaya getməyəcək. Əminəm ki, Avropa İttifaqı Ermənistanı heç vaxt üzvlüyə qəbul etməyəcək. Sadəcə olaraq, bu, Qərbin Rusiyaya qarşı siyasətinin tərkib hissəsidir”.
Aydın Baxış
Bakı 



