İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Alsancak Kültür Sanat Fabrikası Muzey Müdirliyində reallaşıb.
Tədbirdə Azərbaycanın mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamaz, musiqiçilər Əli Poladzadə və Sərvər Həsənov iştirak ediblər. Sənətçilər Mikayıl Müşfiqin məşhur “Oxu, tar” əsəri əsasında hazırlanan kompozisiyanı təqdim edərək tamaşaçıların böyük sevgisi və alqışları ilə qarşılanıblar.
Proqram çərçivəsində Mikayıl Müşfiqin bir çox şeirləri səsləndirilib, şairin yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı yeri haqqında məlumat verilib.
Tədbirdə çıxış edən Sənət Dəyirmanı platformasının rəhbəri Aygün Eroğlu, Nadirə Özsu, həmçinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının baş sədr müavini və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna Mikayıl Müşfiqin zəngin ədəbi irsindən, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamə və xatirə sertifikatları təqdim olunub.
Anım proqramı Azərbaycan ədəbiyyatının tanıdılması və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb.
Nərgiz Məmmədli
Bakı 










