• Bakı 24° C

    5.95 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Kreml səssizliyi pozdu: Rusiya Ermənistan qarşısında seçim qoydu

SİYASƏT

11 Iyun 2026 | 17:34

Kreml səssizliyi pozdu: Rusiya Ermənistan qarşısında seçim qoydu

Yaxın Şərqdəki gərginlik fonunda Cənubi Qafqazda da Rusiya və Ermənistan münasibətləri kritik həddə çatıb. Kremlin Ermənistanın yürütdüyü "ikili oyun" siyasətinə qarşı səbrinin tükəndiyini nümayiş etdirən növbəti kəskin bəyanat Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan gəlib.

İrəvanın həm Avropa İttifaqına inteqrasiya edib, həm də Avrasiya İqtisadi İttifaqının (AVROB) imtiyazlarından yararlanmaq cəhdlərini sərt tənqid edən Lavrov, Ermənistanın qarşısında qəti seçim şərti qoyub. Kremlin bu ultimatum xarakterli bəyanatı İrəvana son xəbərdarlıq kimi qiymətləndirilir.

Bəs Ermənistanın seçim etməməsi Moskva üçün hansı qırmızı xətləri keçib? Baş nazir Nikol Paşinyanın anonsunu verdiyi mümkün referendum reallaşarsa, proses necə cərəyan edəcək və bu seçim regiona nə vəd edir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi təsadüfi deyil. O, ABŞ və Qərbin birbaşa himayəsi altında bu posta gətirilib. Əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olan Paşinyan ABŞ-nin müvafiq qurumları ilə sıx əməkdaşlıq edib. Onun etibarlılığı yoxlanıldıqdan sonra siyasi hakimiyyətə gətirilməsi barədə qərar verilib və bu plan Soros Fondunun, eləcə də ABŞ diplomatik korpusunun maliyyə və siyasi dəstəyi ilə reallaşdırılıb:

"Təbii ki, bu gəliş Paşinyanın Qərb və Vaşinqton qarşısında xüsusi öhdəliklər götürməsi ilə nəticələnib. Həmin öhdəliyin ana xətti Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, ölkənin gələcək siyasi kursunu qərbbə, xüsusən də ABŞ və Avropaya yönəltməkdir.

Paşinyan hakimiyyətdə olduğu illər ərzində bu siyasəti kifayət qədər uğurla həyata keçirib. Hazırda Ermənistandakı dövlət strukturlarında Soros şəbəkəsinin nümayəndələri əyləşib və onların apardığı təbliğat Rusiyanı erməni ictimaiyyətinin gözündən salmağa, onun regiondakı təsirini sıfırlamağa yönəlib. Bu xəttin nəticəsidir ki, Ermənistan artıq Rusiya platformalarından uzaqlaşır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) boykot edir, üzvlük haqqını ödəmir, toplantılarda iştirakdan imtina edir və qəbul edilən qərarları icra etmir. Paşinyanın əsas hədəfi Ermənistanı tam şəkildə Avropa İttifaqına inteqrasiya etməkdir".

Azad Məsiyev: Rusiya Ermənistan qarşısında sərt seçim qoyub

Politoloqun sözlərinə görə, İrəvanın bu addımları Rusiya rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Əgər əvvəlki illərdə Paşinyanın fəaliyyətinə Rusiyada ikinci, üçüncü dərəcəli siyasi xadimlər və ya media səviyyəsində cavab verilirdisə, artıq Kremlin rəsmi nümayəndələri, Xarici İşlər Nazirliyi və birbaşa Prezident səviyyəsində kəskin və açıq mövqe bildirilir. Paşinyan hazırda ciddi bir dilemma qarşısındadır. Onun yürütdüyü siyasət qlobal güclərin maraqlarını Ermənistanda toqquşdurur və bu, Rusiya Prezidenti tərəfindən qətiyyən məqbul sayılmır. Moskva açıq şəkildə bəyan edir ki, iki stulda əyləşmək olmaz; Ermənistan qəti seçim etməlidir: ya Avropa İttifaqına inteqrasiya olunmalı, ya da Avrasiya İqtisadi Birliyində qalmalıdır:

"Paşinyan indiki məqamda Rusiya ilə əlaqələri birdəfəlik kəsməyin təhlükəli olduğunu yaxşı anlayır və buna görə də zamana oynayaraq ikili oyun yürütməyə çalışır. Məsələ burasındadır ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyasından sonra növbəti mərhələ ölkənin NATO blokuna daxil olmasıdır. İrəvanın KTMT-ni boykot edib bu blokdan uzaqlaşmaq və təhlükəsizliyini NATO çətiri altında sığortalamaq cəhdləri Rusiyanın strateji maraqlarına tamamilə ziddir. Çünki Şimal Alyansının Rusiya sərhədlərinə doğru irəliləməsi Moskva üçün birbaşa təhdiddir. Unutmaq olmaz ki, Ukrayna münaqişəsi də məhz bu prizmadan və bu səbəbdən alovlandı".

Müsahibimiz qeyd edir ki, indi Rusiya Ermənistan qarşısında sərt seçim qoyub: 'Ya Avropa İttifaqını seçib tamamilə getməlisən, ya da Avrasiya İqtisadi Birliyindəki imtiyazlarını itirməlisən'. Lakin Paşinyanın Qərb qarşısında götürdüyü öhdəlik onu Avropaya inteqrasiya kursunu davam etdirməyə məcbur edir. Bu isə Ermənistanla Rusiya arasında yeni, daha dağıdıcı bir konfrontasiyanın yaranmasına gətirib çıxaracaq. Çünki Paşinyanın qlobal güclərin maraqlarını Ermənistanda toqquşduraraq Qərblə Rusiyanın geosiyasi savaşını Cənubi Qafqaza gətirməsi regionda sabitliyin tamamilə pozulması deməkdir:

"Eynilə Ukraynada olduğu kimi, indi də Cənubi Qafqazda sabitliyi pozmaq üçün Paşinyan üzərindən xüsusi bir siyasət həyata keçirilir. Ukrayna savaşı ilə Rusiyanın Avropaya çıxışı kəsildiyi üçün, Qərb indi də Rusiyanın cənub cinahını bağlamağa çalışır. Bunun üçün Cənubi Qafqazda Rusiya ilə hərbi, siyasi və iqtisadi müstəvidə yeni bir cəbhə açmaq planı işlənilir və Paşinyan buna təhrik edilir. Rusiya isə açıq şəkildə tələb edir ki, bu taleyüklü seçim Paşinyanın şəxsi istəyi ilə deyil, xalqın iradəsi və referendumu ilə reallaşmalıdır. Moskva bu bəyanatlarla bir növ Ermənistanın daxili işlərinə qarışsa da, mesaj dəqiqdir: Ermənistanın Qərblə əməkdaşlığı üçüncü dövlətin - yəni Rusiyanın əleyhinə yönəlməməlidir. Halbuki İrəvanın hazırkı kursu birbaşa Rusiyanın əleyhinədir".

A.Məsiyev qeyd edib ki, Rusiyanın şərtlərinə əməl edilməməsi bölgədə yeni bir qaynar ocağın meydana gəlməsinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı çox yüksəkdir, eyni zamanda Moskvanın ölkədə ciddi hərbi və siyasi təsir rıçaqları mövcuddur. Paşinyan bu riskləri bildiyi üçün manevrlər edərək vaxt qazanmaq istəyir. Lakin bu zaman kəsimi artıq Rusiyanın əleyhinə işləyir və Kremldəki dövlət başçıları səviyyəsində ondan konkret addım tələb olunur. Onun fikrincə, Paşinyan hakimiyyətinin bu xətti davam etdirməsi Ermənistanda yeni bir hərbi-siyasi böhran yaradacaq və Rusiya ilə konfrontasiya qarşısıalınmaz sürətlə inkişaf edəcək.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR