• Bakı 32° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Yay düşərgələri: əyləncə də olmalıdır, tədris də...

LAYİHƏ

25 Iyul 2025 | 11:00

Yay düşərgələri: əyləncə də olmalıdır, tədris də...

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Yay mövsümü yalnız istirahət dövrü kimi qiymətləndirilməməlidir. Bu müddət ərazində gənclərin özlərini inkişaf etdirməli üçün böyük fürsətlər yaranır.

Belə fürsətlərdən biri də yay düşərgələridir. Yay düşərgələrinin gənclərin fiziki və mənəvi inkişafında böyük rolu var.

Yay düşərgələrində iştirak edən gənclər müxtəlif idman növləri, komanda oyunları, yaradıcılıq fəaliyyətləri nəticəsində həm fiziki baxımdan sağlamlıqlarını qorumağa kömək edir, həm də özlərini daha yaxşı tanıyır, sosial bacarıqlarını inkişaf etdirir, yeni dostluqlar qazanırlar.

Kamran Əsədov: Yay düşərgələri yalnız əyləncə məqsədi daşımamalıdır

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a yay düşərgələrinin gənclərin fikizi və mənəvi inkişafında olan rolundan danışıb. Onun sözlərinə görə, Azərbaycanda uşaqların və gənclərin yay aylarında mənalı məşğulluğunu təmin edən ən effektiv vasitələrdən biri məhz yay düşərgələridir.

Kamran Əsədov qeyd edib ki, yay düşərgələri yalnız əyləncə məqsədi daşımamalı, eyni zamanda sosiallaşma, fiziki inkişaf, liderlik bacarıqlarının aşılanması, milli-mənəvi vətəndaşlıq dəyərlərinin formalaşması üçün mühüm platforma kimi çıxış etməlidir.

Ekspert nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşa təhsil hüququ təmin olunur. Müsahibimiz əlavə edib ki, bu hüququn həyata keçirilmə formalarından biri də qeyri-formal və əlavə təhsil mühitləridir. K.Əsədov onu da vurğulayıb ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, əlavə təhsil formaları uşaqların maraq və meyillərinə uyğun olaraq həyata keçirilməlidir. Dediyinə görə, yay düşərgələri məhz bu mexanizmin bir forması kimi çıxış edir.

Həmsöhbətimiz yay düşərgələrinin müsbət təsirinin çoxşaxəli olduğunu deyir. Onun sözlərinə görə, fiziki baxımdan aktivlik artdığından, uşaqların piylənmə, hərəkətsizlik, depressiya və texnoloji asılılıq riskləri azalır:

“Mədəni və mənəvi inkişaf baxımından düşərgələrdə keçirilən təqdimatlar, qrup oyunları, musiqi və teatr tədbirləri uşaqlarda estetik zövq, kollektiv davranış, vətənpərvərlik və empati hisslərini formalaşdırır. Sosial bacarıqlara gəldikdə isə, düşərgə mühiti uşaqların liderlik qabiliyyətini inkişaf etdirir, dostluq münasibətlərini gücləndirir, sosial adaptasiyanı asanlaşdırır. Bu bacarıqlar isə təhsilin formal mühitində sinif otağında qazanılmır, məhz belə təbii sosial mühitlərdə formalaşır”.

Dünya təcrübəsindən danışan Kamran Əsədov diqqətə çatdırıb ki, bu istiqamətdə dünyada sistemli yanaşma nümunələri təqdim edilir. Ekspert məlumat verib ki, Finlandiyada yay düşərgələri təhsil proqramının davamı kimi təşkil olunur və dövlət tərəfindən maliyyələşdirilir. ABŞ-də isə hər il təxminən 10 milyon uşaq yay düşərgələrinə qatılır və bu düşərgələr yalnız istirahət mərkəzi deyil, həm də STEM, ekologiya, liderlik, incəsənət və sosial bacarıqlar üzrə ixtisaslaşmış proqramlar təqdim edir. Hətta bu sahədə akkreditasiya sistemləri formalaşıb, düşərgələrin keyfiyyət standartlarına uyğunluğu dövlət tərəfindən yoxlanılır. Yaponiyada isə yay düşərgələri təbiətlə əlaqəli “öyrədici təbiət məktəbləri” formatında təşkil olunur və burada ekoloji tərbiyə əsas prioritetlərdən biridir.

“Yay düşərgələri yalnız əyləncə və yay vaxtını doldurmaq üçün nəzərdə tutulmamalıdır. Bu düşərgələr təhsilin ayrılmaz hissəsi kimi pedaqoji, psixoloji və sosial baxımdan sistemli şəkildə qurulmalı, dövlət səviyyəsində maliyyələşdirilməli və regional bərabərliyi təmin edən infrastrukturla dəstəklənməlidir. Əks halda tətil dövrü bir fürsətə yox, təhsilin dayanmış boş fazasına çevrilir. Bu isə gələcəyin təməlini zəif qoymaq deməkdir”,- deyə Kamran Əsədov qeyd edib.

Elmin Nuri: Yay düşərgələrinin təşkilinə peşəkar mütəxəssislər rəhbərlik etməlidir

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə bildirib ki, yay düşərgələri yalnız istirahət kimi dəyərləndirilməməlidir.

Onun sözlərinə görə, yay düşərgələri funksional olmalıdır və onların təşkilinə yalnız turizm şirkətləri yox, həm də mütəxəssislər, psixoloqlar, pediatrlar, fizioloqlar, pedaqoqlar cəlb olunmalıdır.

E.Nuri hesab edir ki, bu istiqamətdə elə bir komissiya formalaşdırılmalıdır ki, düşərgə proqramının tərtibatı məhz uşaqların psixoloji və fizioloji inkişafına uyğun şəkildə həyata keçirilsin:

“Gündəlik plan ardıcıl və balanslı şəkildə qurulmalı, qidalanma, fiziki hərəkət, əyləncə və maarifləndirici fəaliyyətlər öz yerində və vaxtında təşkil edilməlidir”.

Ekspert qeyd edib ki, yay düşərgələri 3-4 günlük olmamalıdır. Dediyinə görə, bu, ciddi pedaqoji yanaşma tələb edən bir sahədir. Müsahibimiz nəzərə çatdırıb ki, bir çox pedqoqlar, psixoloqlar yay düşərgələrini təhsilin başqa bir tərkib hissəsi kimi qiymətləndirirlər və bu tərkib hissə təhsil-tədris prinsipi ilə ayaqlaşmalıdır:

“Mən demirəm ki, düşərgələr yalnız öyrədici xarakter daşımalıdır. Bu fikirdə deyiləm, ola da bilmərəm. Əksinə mən deyirəm ki, balans qorunmalıdır. Əyləncə də olmalıdır, tədris də”.

Həmsöhbətimizin fikrincə, bu sahədə yalnız turizm yönümlü şirkətlərin fəaliyyəti ilə kifayətlənmək olmaz. Ekspert əlavə edib ki, yay düşərgələrinin təşkilinə peşəkar mütəxəssislər rəhbərlik etməlidir və həmin mütəxəssislər uşaqların yaşına, maraqlarına və psixoloji xüsusiyyətlərinə uyğun proqramlar tərtib etməlidirlər.

“Uşaqların həm öyrənməyə, həm də inkişaf etməyə ehtiyacı var. Yay düşərgələri də məhz bu məqsədlə təşkil olunmalıdır”.- deyə Elmin Nuri vurğulayıb.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

25 Iyul 2025