Azərbaycan futbolunun ən böyük brendlərindən biri hesab olunan “Xəzər-Lənkəran” klubunun yenidən fəaliyyətə başlaması ilə bağlı mühüm proseslərin başladığı iddia edilir.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, klubun ev oyunlarını keçirdiyi Lənkəran Şəhər Mərkəzi Stadionu avqust ayının ortalarından etibarən əsaslı təmirə bağlanacaq. Stadionun infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, tribunaların, yardımçı sahələrin və digər texniki hissələrin yenilənməsi nəzərdə tutulur.
Məlumata əsasən, aparılacaq yenidənqurma işləri stadionun uzunmüddətli istifadəsini təmin etməklə yanaşı, burada yüksək səviyyəli futbol oyunlarının keçirilməsi üçün zəruri şərait yaradacaq. Təmir prosesinin bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, stadionun əsaslı təmiri “Xəzər-Lənkəran”ın yenidən peşəkar futbola dönüşü ilə bağlı müzakirələrin də aktivləşdiyi bir dövrə təsadüf edir. İddialara görə, klubun Azərbaycan futboluna qayıdışı istiqamətində ilkin hazırlıq işlərinə 2026-cı ilin sentyabr ayından başlanılması nəzərdə tutulur.
Mənbələrin bildirdiyinə görə, məqsəd komandanın 2026/2027-ci illər mövsümündən etibarən ölkə futbol sistemində yenidən təmsil olunmasını təmin etməkdir. Bunun üçün təşkilati strukturun formalaşdırılması, maliyyə mexanizmlərinin müəyyənləşdirilməsi, infrastrukturun hazır vəziyyətə gətirilməsi və digər zəruri məsələlər üzrə işlərin görüləcəyi gözlənilir.
Hələlik məsələ ilə bağlı nə klubun keçmiş rəhbərliyi, nə də aidiyyəti futbol qurumları tərəfindən rəsmi açıqlama verilməyib. Buna baxmayaraq, futbol ictimaiyyətində “Xəzər-Lənkəran”ın yenidən fəaliyyətə başlaması ehtimalı böyük maraqla qarşılanır.
Xatırladaq ki, 2004-cü ildə yaradılan “Xəzər-Lənkəran” qısa müddətdə ölkənin ən populyar futbol klublarından birinə çevrilərək, Azərbaycan çempionluğu, ölkə kuboku və Superkubok uğrunda yarışlarda uğurlu nəticələr əldə etmişdi. Klubun fəaliyyətini dayandırmasından sonra da onun minlərlə azarkeşi komandanın yenidən yaşıl meydanlara qayıdacağı günü gözləyir.
Murad İsmayıl
Bakı 



