• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Leopard” tankları ilə bağlı yekun qərar 

DÜNYA

24 Yanvar 2023 | 21:11

“Leopard” tankları ilə bağlı yekun qərar 

“ABŞ Ukraynaya M1 "Abrams" tankları göndərməyə hazırlaşır. Qərarın bu həftə elan olunacağı gözlənilir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Ekspert qeyd edib ki, bu qərar Almaniya hökumətini “Leopard” tankları ilə bağlı yekun qərar verməyə həvəsləndirəcək:

“Artıq Almaniyanın müdafiə naziri Polşa və digər müttəfiqləri Ukrayna əsgərlərinə bu tanklarda təlim verməyə başlamağa çağırıb və Berlinin öz qərarını tezliklə açıqlayacağını bildirib. Bu həftə Almaniya həm “Leopard”a sahib olan ölkələrin bu tankların bir qismini Ukraynaya təqdim etmələrinə rəsmi icazə verəcək, həm də özü müəyyən sayda “Leopard”ı Ukraynaya göndərəcəyini elan edəcək. (İstehsalçı şirkət “Rheinmetall” bu il ümumilikdə 139 ədəd “Leopard 1” və “Leopard 2” tankını işlək vəziyyətə gətirib, Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib.) 

Almaniya həm milli səviyyədə, həm də Avropa Birliyi xətti ilə Ukraynaya ən çox maddi və hərbi yardım edən ölkələrdən biri olduğu halda, Olaf Şolzun bərbad liderliyi ucbatından dünyada belə rəy formalaşıb ki, Almaniya Ukraynaya kömək etmir. (Fransanın vəziyyəti də oxşardır.)”

Ş.Cəfərlinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, müharibə başladıqdan sonra Almaniyanın xarici, təhlükəsizlik və enerji siyasəti kardinal transformasiya mərhələsinə daxil olub:

“Artıq Rusiyadan enerji asılılığına son qoyulub. (Keçmiş federal kansler, Putinin maaşlı işçisi Şröder və ondan sonrakı kansler Merkel üçün hazırkı Almaniya yəqin ki, tanınmaz bir məmləkətə çevrilib.) "Avropada təhlükəsizliyi Rusiya ilə bərabər təmin etmək" konsepsiyasından "Avropanın təhlükəsizliyini Rusiyadan qorumaq" konsepsiyasına qısa müddətdə keçid etmək sadə iş deyil - xüsusən məşhur “Şərq siyasəti”nin (Ostpolitik) müəlifi Villi Brandtın partiyası üçün. Alman toplumu və elitalarındakı “daha bir dünya müharibəsinə səbəb olmayaq” ehtiyatlılığının da qərarlara təsiri müəyyən dərəcədə davam edir. Ona görə də Almaniyanın Ukraynaya hərbi yardım qərarlarında müşahidə olunan tərəddüd və astagəllik izaholunandır. 
Gündəlik hadisələrin və arasıkəsilməz xəbər axınının içində bəzən unudulsa da, ən önəmli məsələ strateji qərarlardır. Strateji qərarları bilirsinizsə, hadisələrin sonrakı axarını və mümkün nəticələrini təxmin etmək də çətin olmur. Ukrayna ilə bağlı ötən ilin yayında Qərbin (G-7, NATO, AB) qəbul etdiyi strateji qərar ondan ibarətdir ki, Rusiya bu müharibədə qalib gəlməməlidir. Qərarın icrası prosesində ləngimələr, çatışmazlıqlar, “müharibənin yekunu necə olsun: 23 fevral 2022-ci ildəki duruma, yoxsa Ukraynanın 1991-ci il sərhədlərinə qayıdış?” sualına cavablarda fərqli rəylər ola bilər, amma bunlar ümumi strateji qərarı dəyişmir”.

“Donbas cəbhəsində son 1 sutkada Rusiyanın 3 ədəd "Su-25" döyüş təyyarəsi və 4 ədəd "Ka-52" hərbi helikopteri vurulub. Rusiya komandanlığının vurulma ehtimalının yüksək olduğunu bildiyi halda, hərbi aviasiyadan bu cür intensiv istifadə etməyə başlamasını bəzi hərbi ekspertlər artilleriya mərmilərinin qıtlığı ilə izah edirlər” - deyə, politoloq bildirib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

19 Aprel 2024