• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Makronun "marionet" hökuməti Azərbaycandan nə istəyir?

SİYASƏT

08 Yanvar 2025 | 13:05

Makronun marionet hökuməti Azərbaycandan nə istəyir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə bir çox mühüm məsələlərə toxunaraq həm ölkənin daxili, həm də beynəlxalq siyasətindəki mövqeyini bir daha vurğuladı.

Son illər Azərbaycan dünya arenasında strateji əhəmiyyətini artıraraq, həm regional, həm də qlobal səviyyədə təsir gücünü genişləndirib. Xüsusilə Avropa və Qərb ölkələri ilə münasibətlərdə yeni dövrün başlanğıcı olaraq qiymətləndirilə biləcək bir neçə mühüm addım atılıb. Azərbaycan-Fransa əlaqələri də son dövrlərdə müxtəlif siyasi və iqtisadi müstəvilərdə yeni sınaqlarla qarşılaşıb. Lakin dövlətimizin başçısının son açıqlaması bu münasibətlərin yalnız bir dövlətin siyasətini deyil, daha geniş bir geosiyasi mənzərəni əks etdirdiyini göstərir.

Bu kontekstdə İlham Əliyevin dünənki müsahibəsində səsləndirdiyi “Makron Azərbaycansız yaşaya bilməz” fikri sadəcə diplomatik ifadə deyil, Azərbaycanın beynəlxalq arenada artan əhəmiyyətini təsdiqləyən güclü bir mesajdır.

Bəs bütün dünyaya Azərbaycanın yeni bir dövrə qədəm qoyduğunu göstərən bu mesajın altında başqa hansı faktorlar yatır?

Bakıvaxtı.az mövzu ilə bağlı politoloq Kazım Kazımova müraciət edib. Onun sözlərinə görə, prezident İlham Əliyevin çıxışında bu ifadəyə yer verməsi dəqiq təsbit idi:

"Emmanuel Makronun son çıxışında Azərbaycana qarşı səsləndirdiyi yersiz və absurd fikirlər dövlətimizin başçısının qeyd etdiyi tezisin reallığını sübut edir. Fransa mediasında və cəmiyyətində ölkəmizə qarşı qarayaxma kampaniyaları səngimək bilmir. Bunun iki səbəbi var. İlk növbədə, rəsmi Bakı Fransanın apardığı siyasi xəttin reallıqlarını ifşa edir. Digər növbədə, Azərbaycan rəsmi Paris hökumətinin Cənubi Qafqazda sülh prosesinin formalaşmasına maneələr yaratdığını dəlil və faktlarla sübut edir. Bu ölkə tərəfindən Azərbaycana qarşı mütəmadi hücumların və dezinformasiyaların arxasında duran əsas səbəblərdən biri, Fransanın Azərbaycana qarşı yönəlmiş siyasətinin əslində gerçəklərdən uzaq olması və bu siyasətin təhrif edilməsi ilə əlaqəlidir".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan özünün müstəqil və suveren hüquqları çərçivəsində Cənubi Qafqaz regionunda sülh proseslərinin irəliləməsi üçün çox mühüm addımlar atıb və bu addımların qarşısını almaq məqsədilə Fransanın hərəkətləri artıq diqqətə çarpır:

"Fransa hökumətinin, xüsusən də, Emmanuel Makronun rəhbərliyi altında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı sərt və təhrif olunmuş mövqeyi yalnız iki ölkə arasında münasibətlərdə deyil, ümumiyyətlə, beynəlxalq hüquq və ədalət prinsipləri qarşısında da ciddi suallar doğurur. Azərbaycan bu məsələlərə dair faktlarla və beynəlxalq hüququn prinsipial öhdəliklərinə uyğun olaraq Fransa tərəfindən aparılan yanlış siyasəti açıq şəkildə ifşa etməyə davam edəcək".

Kazım Kazımov: Bu yanaşma Fransa üçün böyük mənfi nəticələr doğuracaq

Kazım Kazımov diqqətə çatdırıb ki, COP29-un boykot edilməsi, Ermənistanın Fransa tərəfindən silahlandırılması kimi faktlar Makron hökumətinin "marionetləşməsi"ni bir daha sübut edir:

"Fransa bu cür addımlarla yalnız öz müstəqil xarici siyasətini təmsil etməkdən çox, müəyyən güc mərkəzlərinin təzyiqi altında öz müstəqilliyindən imtina edir. COP29-un boykot edilməsi, əslində, ekologiya və iqlim dəyişikliyi kimi qlobal məsələlərə dair ciddi mövqeyin geri çəkilməsi deməkdir və bunun arxasında Fransanın böyük güc mərkəzlərinin maraqları üçün öz siyasətini yönləndirməsi dayanır. Digər tərəfdən, Ermənistanın Fransa tərəfindən silahlandırılması bölgə ilə bağlı Fransanın təhrikedici siyasətinin bariz nümunəsidir və bu, Fransa hökumətinin öz milli maraqlarından daha çox, digər xarici güclərin təsirinə boyun əyməsinin göstəricisidir".

Politoloq son olaraq bu cür addımların Makron hökumətinin beynəlxalq səhnədə Fransanın nüfuzunu zədələdiyini söyləyib:

"Bu yanaşma həm Fransa, həm də beynəlxalq ictimaiyyət üçün böyük mənfi nəticələr doğuracaq. Azərbaycanın və digər ölkələr bu prosesdə öz müstəqil və suveren siyasətlərini qorumağa, bu tip məsələlərdə ədalətli yanaşmağa çalışır. Baş verənlər dünya siyasətində yalnız güc balansının deyil, həm də hüquq və ədalət prinsiplərinin önə çıxmasına zəmin yaradır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Yanvar 2025