Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalisti sərt tənqid edib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə ona Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik, səfirlərin qarşılıqlı olaraq xarici işlər nazirliklərinə çağırılması, guya Azərbaycanda anti-Rusiya siyasəti aparılması ilə bağlı ona sual ünvanlayan Ermənistan media nümayəndəsini absurd suallar verməməyə çağırıb.
“Yəni, siz başa düşmürsüz ki, Ermənistan KİV nümayəndəsinin dilindən Rusiyanın Azərbaycandakı səfirinin və ya Azərbaycanın Rusiyadakı səfirinin çağırılması, Rusiya-Azərbaycan ikitərəfli gündəliyə aid olan məsələnin səslənməsi absurd görsənir. Düşünürdüm ki, siz məndən Davosda səslənən “erməni soyqırımı” bəyanatı haqqında soruşacaqsız. Biz Azərbaycanla ikitərəfli münasibətlərimizi necə qururuq, iki ölkə mövcud problemləri necə həll edir, münasibətləri necə inkişaf etdirir, münasibətlərdəki çətinliklərin qarşısını necə alır, bunun Ermənistan mediası nümayəndəsi tərəfindən soruşulması absurddur. Niyə Ermənistan KİV nümayəndələri istisnasız olaraq Rusiya nümayəndələrinə Rusiya-Ermənistan problematikası barədə deyil, başqa ölkə ilə ikitərəfli münasibətlər haqqında sual verir. Azərbaycan media nümayəndələri belə etmir. Bizim ötən brifinqlərimizə baxa bilərsiz. Azərbaycan KİV-lərinin sualları bizim ikitərəfli gündəliyimizə aid olub. Əlbəttə ki, bu suallar həm də Bakı-İrəvan münasibətlərinin normallaşması prosesinə aid olub. Lakin azərbaycanlı jurnalistləri ilk növbədə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, ya da ümumilikdə beynəlxalq gündəm maraqlandırır”.
Zaxarova bununla belə erməni jurnalistin hər bir sualına cavab verə biləcəyini söyləyib. O, məlum suallar bağlı bir neçə gün bundan qabaq Rusiya XİN-nin yaydığı məlumatı təkrarlayıb.