Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni Qaydalar təsdiq edilib.
Qaydalara görə, şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsi qadağan edilir. Şagirdlər tərəfindən məktəbə gətirilən cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır. Qaydaların pozulması hallarına nəzarət məktəbin daxili intizam qaydaları ilə tənzimlənəcək.
Məktəblilərə dərs zamanı telefondan istifadənin qadağan olunması nə qədər effektiv olacaq?
Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.
Onun sözlərinə görə, hazırda nəzərdə tutulan dəyişiklik rəsmi qəbul olunsa da, əksər məktəblərdə əvvəldən bu qayda tətbiq olunurdu:
"Son 1 ildə ümumitəhsil müəssisələrində pedaqoji şuralar tədris müddətində telefon və planşetdən istifadə edilməsinin qadağan olunması barədə qərar vermişdilər. Yəni, hər məktəb özünəməxsus standart tətbiq etmişdi. Bəzi məktəblərdə siniflərdə telefonlar şagirdlərdən alınırdı, bəzilərində məktəbə telefonla girişə icazə yox idi”.
Müsahibimiz vurğulayıb ki, təhsili inkişaf etmiş ölkələrin bu məsələ ilə bağlı atdığı addımlar nəticə verdiyinə görə, ölkəmiz də rəsmi olaraq nazirlik səviyyəsində bu cür qərar qəbul etdi.

Məzahir Məmmədli: Yeni qərarı sərt qərar kimi qəbul etmək olmaz
Ekspertin fikrincə, elm və texnikanın inkişaf etdiyi bir dövrdə telefon istifadəsinə birmənalı şəkildə qadağa qoymaq müşküldür. Çünki bəzi şagirdlər ailəsi ilə əlaqə saxlayır, bəzi şagirdlər tədris zamanı faydalanır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin verdiyi qərar sərt şəkildə verilməyib.
"Qaydaya görə, şagirdlər yalnız 45 dəqiqəlik tədris müddətində telefondan istifadə edə bilməyəcəklər. Cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə, sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Yəni, mobil və elektron cihazlardan yalnız zəruri hallarda istifadəyə icazə veriləcək. Ona görə də yeni qərarı sərt qərar kimi qəbul etmək olmaz", - deyə Məzahir Məmmədli izah edib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev də məktəblərdə dərs zamanı telefon qadağasından danışıb. Onun sözlərinə görə, qəbul edilən qərar şagirdlərin məktəbə telefon gətirməsinin qadağan olunması ilə bağlı deyil.
Nazir bildirib ki, məhdudiyyət yalnız dərs vaxtı mobil telefonlardan istifadəyə aiddir.
Emin Əmrullayev qeyd edib ki, dərs zamanı şagirdlərin telefondan istifadə etməsi tədris prosesinə mane olur:
“Söhbət telefonun özündən yox, dərs vaxtı istifadəsindən gedir”.
O vurğulayıb ki, məqsəd şagirdlərin diqqətinin dərsə yönəldilməsi və tədris prosesinin daha səmərəli təşkili üçün vahid qaydaların tətbiq edilməsidir.
Gülşən Şərif
Bakı 



