• Bakı 18° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Məni ölümdən o xilas etdi” - Məşhur diktorla MÜSAHİBƏ

MÜSAHİBƏ

18 Mart 2024 | 10:02

“Məni ölümdən o xilas etdi” - Məşhur diktorla MÜSAHİBƏ

Bəlkə də əksəriyyət onunla üz-üzə gəlsə, tanımaz. Amma əminik ki, tanımayanlar belə onun radiodan eşitdikləri səsinə heyran qalıblar.

O, yaşlı nəslin uşaqlığının diktorudur.

Adı çəkiləndə belə, əksəriyyət “səsi qulaqlarımızdadır” deyir.

Söhbət tanınmış diktor, məlahətli səs sahibi, Xalq artisti  Eldost  Bayramdan gedir.

Bakıvaxtı.az-ın redaksiyasının qonağı olan Eldost müəllimlə olanlardan-keçənlərdən, indidən danışdıq.

Eldost Bayramla müsahibəni təqdim edirik.

 - Eldost müəllim, necəsiniz?

- Mənəvi cəhətdən yaxşıyam. 77 yaşın içindəyəm, səhhətim də ki, Allaha şükür yaxşıdır.

Əlbəttə, “Covid-19 müharibəsi”nə qoşulub orada “yaralanmasaydım”, daha da yaxşı olardım. Ondan ağır xəstəlik yoxdur. Həkimlər, mən də gedən sənətkarların arxasınca getməyim deyə çox çalışdılar.

Koronavirusdan sonra başqa xəstəliklər yarandı. Elə oldu ki, nə yedim, nə də içdim. Əlim-ayağım işləyirdi, amma yerimdən dura bilmirdim. Nəhayət, yoldaşım özü məni müalicə elədi. Bir ay sonra yenidən ayağa qalxdım. O gün dünyanın ən xoşbəxt günü idi.

- Ölümlə üz-üzə gələndə hər kəsin bir qorxusu olur. Sizin ən böyük qorxunuz nə idi?

- Xəstəxanada olanda tanış adamlardan biri mənə zəng eləmişdi. Vəziyyətimi soruşdu, izah etdim. Fikirləşmədən birbaşa üzümə dedi ki, filan kəs müəllim də belə olmuşdu, halı pisləşib. Xəstə adama belə şey deməzlər, axı. Onda çox qorxdum. Amma Allaha şükür, hər şey yaxşı oldu.

Həyat şirindir, insan yaşamaq istəyir. Hələ belə bir sənətin varsa, ümumiyyətlə, yaşamağa can atırsan.

- Sizcə, hazırda Azərbaycanda radionun ən böyük problemi nədir?

- Bilirsiniz, hər şey seçimdən asılıdır. Bizi bilirsiniz necə çətinlikə diktor seçiblər?! Niyə Roza Tağıyeva, Ofeliya Sənani, Rafiq Hüseynov indiyə qədər unudulmayıb? Çünki onları yüzlərlə, minlərlə adamın arasından seçmişdilər. Gözəl səs, gözəl diksiya Azərbaycan dilində səlis danışıq və s.-ə önəm verirdilər. Seçdikləri adamın dünyagörüşü, savadı önəmli idi.

O vaxtlar Azərbaycan raidosuna təsadüfü insanlar gəlmirdi. Hamısı sənətini sevən, peşəsinin xəstəsi olan adamlar idi. O “xəstə”lərdən biri də mən idim. İndiyə qədər də eləyəm. Mənim bütün uğurlarım sənətimə olan sevgimlə bağlıdır. Radioda ilk növbədə səs idi. Mən öz obrazımı səsimlə yaratmışam.

Koronavirusa yoluxana qədər üç il Akademiayada dərs demişəm. Onda da tələbələrimə işinizi sevin deyirdim.

İndi radioda sözlərin xüsusi vurğusu ilə bağlı vəziyyət dəhşətlidir. Eləcə də efirdə. Səsləndirilərkən tez-tez yanlış tələffüz olunan 90-a yaxın sözün siyahısını tərtib etmişəm. Bir vaxt dəbdə idi ehtiyat sözünü iki “y” ilə tələffüz edirdilər. İndi onu düzəldiblər...

Əvvəl radionu nümunə görürdülər. Sözlərin vurğusu ilə bağlı kimdə tərəddüd yaranırdısa radionu açıb o sözü ordan dinləyirdi. Diktorların danışığı etalon idi. Seçim düzgün və prinsipial idi. O nəsil getdi.

- Eldost müəllim, bəs indi niyə adlarını sadaladığınız korifeylər kimi diktorlar yetişmir? İndi o ehtiyac yoxdur, yoxsa o mühit?



- Hz.Əlinin kəlamlarından birində deyilir ki, insanlar atalarından daha çox yaşadıqları dövrana oxşayırlar. Bizi formada saxlayan məsuliyyət hissi idi. Bizi yetişdirən şeylər arasında birinci sırada məsuliyyət hissi dayanırdı. Hansı ki indi onun yoxluğunun əzabını çəkirik. Məsuliyyət gərək daxildən gəlsin. Onu öyrətməklə olmur. Heç o məsuliyyəti indi tələb edən də yoxdur.

Efirdə səhv etmək təbiidir. Hamının səhvi olur. Bircə Aydın Qaradağlının və Sabutay Quliyevin səhv etdiyini görməmişəm. Bizim kişi diktorlarımız arasında ən savadlısı Sabutay Quliyev idi. Mən də məzmuna uyub çox səhv edirdim.

İndi bəzi efirlərdə küçə söhbətləri gedir. Radio-televiziya deyəndə ağlımıza böyük, əlçatmaz müqqəddəs bir yer gəlirdi. O vaxt başqa bir üstünlük də vahid radionun olması idi.

- Rəqabət az idi. İndi kifayət qədər radio, televiya kanalları var. Tələbat da başqadır...Televiziya izləyirsiniz?

- Son illərdə daha az baxıram. Verilişlər dəyişdi, format dəyişdi. Biz xarici teleziyalara baxıb bir çox şeyi götürməyə çalışırdıq. Amma onlarda struktur başqadır. İnsanların anlayışı tamam başqadır. Son zamanlarda Avropadan nələri götürdüyümüzə fikir verin. Elə şeylər var ki, izim mentalitetimiz ziddir, onları götürməyək. Siz onların elmindən, münasibətlərindən nələrsə götürün, başqa şeylərə nə gərək var? Belə şeylərə nəzarət eləmək lazımdır.

Ümumiyyətlə, son zamanlar bir çox məsələdə məsuliyyət hissimiz bir az azalıb. Onu zorla bərpa etməliyik. Bu artıq müəyyən qurumların işidir. Radionun televiziyanın səsi bütün dünyaya yayılır. Onunla xalqa qiymət verirlər. Gərək özümüzü bir az yığışdıraq. İndi Azərbaycan bütövləşib. Məsuliyyətimiz ikiqat artıb.

- Yeri gəlmişkən, bəlkə Bədii Şuraya yenidən ehtiyac var?

- Mən də tövsiyə edirəm ki, Bədii Şura bərpa olunsun. Amma oturub fikirləşirəm ki, o Bədii Şuranın üzvləri kimlər olacaq? Fikrimi dəyişirəm. Görmüşük də o bədii şuralarda kimlər əyləşir. O səviyyədə deyillər axı. Nəzarəti o insanlar həyata keçirməlidir ki, onlar özləri də yüksək çəkidədir.

- Belədə bütövləşmiş Azərbaycanda diktorluq məktəbi reanimasiyadadır deyə bilərik?



- Çətin məsələdir.

- …

- Konkret demək olmaz. Sadəcə məsuliyyətini başa düşməyənlərə məsuliyyətlərini başa salmalıyıq. Adicə Azərbaycanda ailə institutuna nəzər salaq, dünyada ən aparıcı institutlardan biri olub. Bizdə ailələr çox möhkəm olub. Siz müharibə dövrünü görməmisiniz. Müharibə vaxtı qadınlar olub ki, son günə qədər saçına qara bağlayıb həyat yoldaşının gələcəyinə inanıblar. Əzablara,əziyyətlərə dözən qadınlarımız olub. O qadınlar bizim nəsli yetişdiriblər. Onların övladlarını indiki halda görmək insanı məyus edir...

- Eldost müəllim, fəxri adların verilməsi ilə bağlı nə deyə bilərsiniz?

- İndi xalq artistləri, əməkdar artislər arasında təriflənənlər çoxdur. Amma o illərdə başqa idi. Fəxri adı gec alırdın, amma dəyəri çox olurdu.

- Fəxri adın gənc yaşda verilməsi niyə pisdir? Çox adam öldükdən sonra alır...

- Bu, bir az mürəkkəb prosesdir. Bir var illərlə çalışıb can atıb fəxri ad alasan, bir də var çox əziyyət çəkmədən. Birinci halda dəyər daha çox hiss olunur. İndi dünənki uşaqlara da Xalq artisti adını verirlər. İndi Xalq artisti adı alan sənətçiləri bir yerə toplasan, o vaxt bu adı alanları üstələməz. Əlbəttə, dövlətin qiymətləndirməyi yaxşıdır. O barədə razıyam. Amma reallıq da var.

- Gənc yaşlarınıza qayıtmaq imkanınız olsa, indi televiizyada yayımlanan hansı şou proqrama aparıcılıq etmək istəyərdiniz?

- Heç birinə. Həmişə şoudan qaçmışam. İngiltərədə yaşayan azərbaycanlı müğənni Sami Yusifin Bakıdakı konsertinə dəvət etmişdilər. Konsertin açılışından qabaq o qədər səs-küy oldu ki, sona qədər qalmaq istəmədim.

Məndən Sami Yusifi təqdim etməyimi istədilər. Yavaş səs tonu ilə təqdim etdim xoşlarına gəlmədi.

Orada baş verən başqa bir hadisə məni yandırıb tökdü. Deməli, konsertdən öncə Sami Yusif məşq edəndə Üzeyir Hacıbəylinin romanslarını oxuyurdu. Mən onu videoya çəkdim. Konsertdən sonra da kiməsə verdim. Hələ də o adamı tapa bilmirəm. Bu, ələ düşməyən kadrlar idi. İndi də təəssüflənirəm...

- İfasını bəyəndiniz?


- Heç onu soruşarlar?! Mənə elə gəlir millətindən asılı olmayaraq hamı onun ifalarını sevir.

- O vaxt yaxşı diktorları toy aparmağa da dəvət ediblər. Toylarda aparıcılıq etdiyiniz vaxtlar olub?

- Zəmanə dəyişdi. Müğənnilər toylarda aparıcılıq etməyə başladılar. Mən də məcbur olanda dolanmaq üçün toy aparmışam. Mən heç vaxt heç kimin əlinə baxmamışam. O vaxtın toylarında da çox hay-küy olurdu. Amma 1988-ci hadisələri bunu bir az dəyişdi. Həmin hadisələrdən sonra bir ailənin üzvləri hərəsi ayrı-ayrı partiyanın üzvü oldu. Onların baxış bucaqları da dəyişdi. Camaat səbirsizləşdi, artıq uzun sözlərə qulaq asmaq istəmədi. Lakonik danışmağı bir az da orada öyrəndim. Sakit səsin insanları necə cəlb etdiyini gördüm.

- İndi televiziyada və radioda danışmaqdan daha çox qışqırırlar. Sizcə, buna səbəb nədir?

- Səbəbini bilmirəm. O vaxtlar daha çox toylarda belə səslər eşidirdim. Qonaqlar toyun yarısından qulaqlarını tutub gedirdilər. Kimlərəsə bunun sərf etdiyini də bilirəm.

- Kimə sərf edir?

- İndi onu deyə bilmərəm. Çox təəssüf ki, belə mühit yaratdılar.

- Rafiq Hüseynovla münasibətiləriniz necə olub?


- Çox gözəl. Allah ona rəhmət eləsin. Rafiq Hüseynov televiziyada kişi aparıcıları arasında cığır açdı. Sərbəst danışmaq üsulunu yaratdı. O vaxt pafos çox idi. Rafiq Hüseynov yeganə adam idi ki, 2, ya 3 dəfə Mərkəzi Televiziya  -Moskva onu aparıcılığa dəvət edib. O getməyib.

- İki dəfə ailə həyatı qurmusunuz. Müsahibələrinizdən birində qeyd etmisiniz ki, ikinci evliliyə sizi məcbur ediblər...

- Düzdür, iki dəfə evlənmişəm. Hər iki həyat yoldaşımdan da çox razı olmuşam. 1998-ci ildə birinci həyat yoldaşım vəfat etdi.

Məni ölümdən xilas edən isə indiki həyat yoldaşımdır. O, məni koronavirusdan sağaldıb ayağa qaldırdı.

Birinci həyat yoldaşım rəhmətə gedəndən sonra uşaqlarımızı böyütdüm. İşlə təmin etdim. Bundan sonra üstümə düşdülər ki, evlənməlisən. Sabah sənin yıxılan vaxtında yanında biri olmalıdır. Nəhayət, məni razı sala bildilər. Çox şadam ki, elə bir ailənin övladı mənə rast gəldi. Mənim sağlamlığımın keşiyində duran odur. Uğurlarıma görə ona minnətdaram. Amma məcbur olmasa idim, ikinci dəfə evlənməzdim. Bizdə hər şeyə sədaqət var.

- Ailədən danışmışkən, ailənizdə yolunuzu davam etdirən kimsə oldu?


- Ailəmdə işimi davam etdirən olmadı. Qızım müəllim oldu. O vaxt uşaqları rus məktəblərinə qoymaq dəb idi. Anası rəhmətlik də ruslarla işləyirdi. Qızım da, oğlum da rusdilli məktəbə getdi. İndi nəvəmin də bu işə həvəsi yoxdur...

- Övladınız rus məktəbinə qoyduğunuzu qeyd etdiniz. İndi də valideynlər arasında uşaqlarını rusdilli təhsilə yönəldənlər var. Buna münasibətiniz necədir? Sizcə, bunun dilimizə hansı mənfi təsirləri var?

- Dil məsələsi son dərəcə böyük problemdir. İndi qloballaşma gedir. 70 il ruslarla ünsiyyətdə olmuşuq, onlarla bir yerdə yaşamışıq. Onda dilə də münasibət başqa idi. Dilimiz daha çox inkişaf edirdi. Dəyərini saxlayırdı.

- Eldost müəllim, hazırda nə işlə məşğulsunuz?

- Respublika Korlar Cəmiyyətinin Danışan kitab səsyazma studiyasında işimi davam etdirirəm, görmə məhdudiyyəti olan insanlar üçün kitablar oxuyuram. Təxminən 1975-ci ildən indiyə qədər bu işi görürəm. Pul söhbəti yoxdur. Gördüyü işə dəyər verildiyini görmək adamı xoşbəxt edir.

Həftədə iki dəfə AzTV-nin Akademiyasında oluram. Bütün hallarda sənətinə dəyər verildiyini görmək adama xoş gəlir.

Arada verilişlərə qonaq kimi dəvət edirlər, gedirəm. Adətən ekranda tez-tez görünmək yaxşı əlamət deyil. Elə adamlar var bir neçə kanalı açırsan görürsən ki, oradadır. Bu özünü gözdən salmaqdır. Belə olmaması üçün həmişə özümə nəzarət etmişəm. Verilişlər olub ki, imtina etmişəm. Bu səbəbə görə bir bəhanə edib getməmişəm.

- Kifayət qədər həyat təcrübəniz var. Həmin təcrübələrə söykənərək indiki gənclərə nə tövsiyə etmək istərdiniz?


- Bir az məsuliyyətli olsunlar. Tələb olunmadan da məsuliyyətli olsunlar. Məsuliyyət böyük hörmət deməkdir. Özlərinə qarşı məsuliyyətli olsunlar. Sən öz işinə məsuliyyətlə yanaşacaqsansa, ailənə də, dövlətinə də, məsuliyyətlə yanaşacaqsan.

Hadisələrə barmaqarası baxmaq, şou dalıyca qaçmaq heç nədir. Həyatı şouya çevirmək olmaz. Bir az ciddiləşmək lazımdır. Məsuliyyətin arxasında çox şey dayanır.

Günəş Mərd


SON XƏBƏRLƏR

27 Aprel 2024