• Bakı 21° C

    3.8 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Boşanmalar alimentə görə çoxalıb? - Olay yaradacaq MÜSAHİBƏ

MÜSAHİBƏ

01 Mart 2024 | 10:58

Boşanmalar alimentə görə çoxalıb? - Olay yaradacaq MÜSAHİBƏ

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü il ərzində ölkədə 54200 nikaha daxilolma və 21688 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Səbəbin nə olmasından asılı olmayaraq, boşanmaların artması ciddi narahatlıq doğurur.

Bakıvaxtı.az bu mövzuda münasibət və boşanma kouçu Kama Ahmad ilə həmsöhbət olub.

- Son dövrlər xanımların sırf aliment almaq üçün boşanması ilə bağlı fikirlər səsləndirilir. Bu nə dərəcə doğrudur?

- Sosial mediada bu barədə fikirlər mənim də qarşıma çıxıb. 5 ildir ki, Azərbaycan xanımlarına və cütlüklərə ailə problemlərini həll etməkdə və boşanma məsələlərində kömək edirəm. Praktikamda indiyə kimi “alimentə görə boşanan” və ya alimenti ehtiyat planı hesab edərək boşanmaq qərarını daha rahat alan xanıma rast gəlməmişəm. Cəmiyyətdə bu cür neqativ hallar heç yoxdur demirəm, lakin mövcud olan 1-2 istisna hala görə ümumiləşdirməni doğru hesab etmirəm. Bu insanlar anlamalıdırlar ki, aliment uşağın emosional ehtiyaclarını ödəmir. Uşaqların sağlam böyüməsi üçün hər iki valideynə ehtiyacları var. Uşaqlı insanlar boşanan zaman anlamalıdırlar ki, boşanma ilə problemlər həll olunmur. Onların birgə dünyaya gətirdikləri həyatlar və bu həyatlar üçün daşıdıqları məsuliyyətləri var. Bu məsuliyyətdən qaçışı sıx müşahidə edirəm və yanlış sayıram. Aliment əsas qəyyuma deyil, övlada ödənir və uşağın ehtiyaclarına yönləndirilməlidir. Atanın və ananın olan hər şey övladın haqqıdır. Nəinki 230 manat...

- Artıq ölkəmizdə boşanmalar adi hal kimi qəbul edilib deyə bilərik?

- Evliliyə qeyri-ciddi münasibəti əsasən gənclər arasında müşahidə etmişəm. Gənclər emosiyaların üzərində, kənar təsirlərlə evliliklərini yekunlaşdırmaqla bağlı tələsik qərarlar ala bilirlər. Bu cür qərarların sonrakı peşmanlığını da tez-tez müşahidə edirəm. Cəmiyyətimizdə 30 yaşında artıq 2 dəfə boşanmanı təcrübə etmiş gənclərimiz az deyil. Ümumiyyətlə, evliliyə bir qurum olaraq daha ciddi yanaşmalıyıq. İnsanların bu quruma girmədən və valideyn olmadan öncə prosesə emosional, psixoloji və iqtisadi cəhətdən hazır olması önəmlidir. Baxmayaraq ki, ölkəmizdə boşanmalar çoxalıb və bəlkə də əvvələ nisbətən adiləşib, lakin cəmiyyətin boşanmaya rəyi və münasibəti hələ də neqativdir. Boşanmaq qərarını almış insanlar qərarlarının doğruluğundan əmin olsalar belə, hələ də sosial çevrələri, işəgötürənləri, ailə və dostları tərəfindən təzyiqlə üzləşirlər. Rəhbər və vəzifəli şəxslərin boşanması işverənləri tərəfindən müsbət qarşılanmır. Boşanma hələ də bizim iş yerində və cəmiyyətdə nüfuzumuza təsir edir. İnsanlar boşansalar da, iş yerində boşandıqlarını gizlədirlər. Boşanıb 2-ci dəfə ailə qurduğunu gizlədən bir çox nüfüzlu insan var. Evlilikdən rahat danışdığımız kimi ayrılıqdan da rahat danışmağı öyrənməliyik. Biz bu stiqmanı öz münasibətimizi dəyişməklə yıxmalıyıq. Boşanan insana yaxın çevrəsi, işəgötürən xüsusi dəstək göstərməlidir ki, o bu çətin dövrü daha rahat keçsin.

- Boşanmadan kişilər, yoxsa qadınlar daha çox zərər çəkir?

- Kişilər və qadınlar deyə ayrılmanı doğru hesab etmirəm. Boşanma hər iki tərəf üçün çətindir. Boşanma sevdiyi birinin ölümündən sonra insanın qarşılaşa biləcəyi ikinci ən stresli həyat hadisəsi sayılır. O, insanın ümumi rifahına: emosional və mental sağlamlığına və maddi həyatına təsir edir.

Araşdırmalar deyir ki, boşanmadan keçən insanların 30%-i psixoloji problemlər yaşayır. Boşanmadan sonra ilk 1 il ərzində əsasən qadınların həyat səviyyəsi 73% aşağı düşür. Boşanan insanlar daha çox sağlamlıq problemlərindən əziyyət çəkirlər və evli insanlara nisbətdə daha qısaömürlü olurlar.

Boşanma travmatikdir, çünki boşanan insanın həyatının mənası, təhlükəsizliyi və proqnozlaşdırılması anidən və çox zaman gözlənilmədən əhəmiyyətli şəkildə dəyişir.

- Boşanmadan danışmaq həm də onu təbliğ etməkdir?

- Boşanma ətrafında stiqma mövcuddur. Bu mövzu hələ də tabu sayılır. Bu, dəstək xidməti göstərən mütəxəssis kimi mənə və işimə təsir edir. Mövzu barədə danışdıqda səni “təbliğatçı” kimi damğalaya bilirlər. Bəzən cəmiyyət, insanlar, hətta əməkdaşlıq etdiyim yaradıcı komanda tərəfindən limitləndiyimi və çərçivəyə salınmağa çalışıldığımı hiss edirəm. Məzmun yaratdıqda, müsahibə verdikdə “Çalış ancaq boşanmadan danışma”, “Onu demə, bunu de, elə demə, belə de”,”söyüş sahibi olma”, “bu mövzuda bu qədər danışmaqda məqsədi nədir ki?” kimi rəylər və tövsiyələr yaradıcı ruhuma mənfi təsir edir. Cəmiyyətimizdə bu mövzu barədə maariflənməyə ehtiyac var.

- Boşanma öncəsi münasibət və boşanma kouçuna müraciət edən cütlüklər dünyada çox olsa da, ölkəmizdə azdır. Sizcə, buna səbəb nədir?

- Tədqiqatlar göstərir ki, çətin anlarda adekvat dəstəyin alınması hadisə baş verdikdən sonra uzun sürən travma ehtimalını xeyli azaldır. Ona görə də boşanan tərəflər dəstək almalıdırlar. Boşanma kouçu boşanmadan əvvəl, boşanma zamanı və sonra keyfiyyətli dəstək təklif etməklə fərdlərin, ailələrin və onların ətrafının həyatında böyük dəyişiklik etmək potensialına malikdir. Xidmət dünyada mediasiya, vəkil, terapiya xidmətləri ilə birgə təqdim olunur. Azərbaycanda bu xidmət yenidir və qeyd etdiyim kimi maarifləndirməyə ehtiyac var. Xanımlar bu dəstəyə daha isti baxırlar və daha sıx müraciət edirlər. Bir çox hallarda bəyləri sessiyalara gətirməkdə böyük çətinlik yaşayırıq, bunun da altında yatan əsas səbəb nələrinsə dəyişə biləcəyinə inamsızlıq və skeptisizmdir.

- Ən son araşdırmalara görə evliliklərin 67%-i ünsiyyət problemləri səbəbilə dağılır...

- Ünsiyyət problemlərini həll etmək üçün peşəkar ədəbiyyatdan və mütəxəssis dəstəyindən yararlana bilərik. Əgər ailədə qalmaq istəyi varsa və bu mümkündürsə, kəskin, həll edilməsi mümkünsüz problemlər yoxdursa, öncə barışıq yolları sınanmalıdır. Hər şeyi sınasaq belə münasibəti xilas etmək alınmırsa, münaqişəsiz sivil şəkildə ayrılmalıyıq. Sivil ayrılma xüsusilə də birgə övladlarımız olduğu təqdirdə önəmlidir, çünki bizim ayrılma tərzimiz uşaqlarımızın həyatında uzunmüddətli perspektivdə böyük təsirə malikdir.

- Boşanma qərarı aldıqdan sonra bunun doğru qərar olduğuna necə əmin ola bilərik?

- Qərarı almadan öncə bir çox faktoru nəzərdən keçirməliyik. Boşanmanın hansı problemlərinizi həll edəcəyini düşünməli və onları həll etməyin alternativ yollarını axtarmaq olar. Boşanma qərarının altında yatan motivləri sorğulamaq lazımdır: Qərar hər hansı bir kənar təsirdən qaynaqlanmır ki? Emosiyaların üzərində verilməyib ki? Çünki çox zaman insanlar emosiyaların üzərində yanlış qərarlar verə bilirlər. Boşanmanın tək bizə deyil, övladlarımız və ailəmizə uzunmüddətli təsirlərini düşünməliyik.

Günəş Mərd


SON XƏBƏRLƏR

27 Aprel 2024