• Bakı 21° C

    3.8 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qulu Məhərrəmli: “Bu, jurnalistika deyil...” - MÜSAHİBƏ

MÜSAHİBƏ

27 Fevral 2024 | 10:03

Qulu Məhərrəmli: “Bu, jurnalistika deyil...” - MÜSAHİBƏ

“Düzünü deyək” rubrikamızın budəfəki qonağı Bakı Dövlət Universitetinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmlidir.

Müsahibə formatında dəyişiklik edərək, təkcə redaksiya və ya müəllif deyil, Azərbaycanın aparıcı jurnalistlərinə də professora sual ünvanlayıb cavab almaq imkanı yaratdıq.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

Qəzetlərin yaşamaq resursları, əlavə oksigen ehtiyatı hələ var

Jurnalist Zaur Əhməd:

- Qulu Məhərrəmli həm praktik jurnalistdir, həm media təhlilçisidir, həm bu sahə üzrə kadr hazırlayan pedaqoqdur, həm də jurnalistikaya dair dərslik və dərs vəsaitlərinin müəllifidir. Bu gün jurnalistikamısızın, daha doğrusu, jurnalistlərin fəaliyyətindəki mənfi və müsbət cəhətlərdə Qulu müəllimin hansı payı var?

- Sözün geniş mənasında universitetin məzunu olan jurnalistlərin fəaliyyətindəki müsbət və mənfi cəhətlərdə, əlbəttə, təhsil aldığı müəssisə və müəllimlərin müəyyən payı var. Bu, nəzəri cəhətdən belədir. Çünki auditoriyalarda, dərslərdə, tələbələrə jurnalistikanın incəlikləri, qaydaları, peşəkar çalışmaq yollarını öyrədirik. Amma o tələbə düşdüyü istehsalat mühiti, çalışdığı sayt, televiziya, qəzet və radioda həmin media qurumunun rəngini, xasiyyətini götürür. Onların qaydaları ilə işləməyə başlayır. Bizdə də psixoloji cəhətdən məsələ belədir ki, bir məzun özünü doğruldursa, hamı ona sahib çıxır, “tələbəmizdir” deyir, amma elə ki o, ümidləri doğrultmur, heç onun adını çəkən olmur. Onun universitet məzunu olması ilə bağlı heç kəs qürrələnib danışmır. Yəni jurnalist üçün universitet və müəllimlərin rolu var, amma onun özünü ifadə etdiyi, onun formalaşdığı mühit, çalışdığı media quruluşu da müəyyən paya sahibdir.

Jurnalist Elman Cəfərli:

- 90-larda TV-lər çap mediasını üstələyirdi. Sonra saytlar qəzetləri qabaqladı. İndi sosial şəbəkələr çevikliyə görə saytları arxada qoyub. İnsanlar xəbərləri daha çox sosial mediadan alır. Saytlar sosial medianın arxasınca sürünür. Bunun səbəbi nədir?

- Texnologiya hər gün yenilənir, informasiya kommunikasiya texnologiyaları jurnalistikanın qarşısında geniş üfüqlər açır, media vasitələri bu imkandan peşəkar şəkildə faydalanmağa çalışır. Televiziya və internet media arasında rəqabət genişlənir, peşəkar mətbuatla sosial media arasında rəqabət güclənir. Ölkələrin inkişaf səviyyəsindən və cəmiyyətlərdə media savadlılığından asılı olaraq, əlbəttə ki, bir çox hallarda professional media öndədir, o öz qaydaları ilə çalışır. Auditoriya və cəmiyyəti dürüst, səhih məlumatlarla təmin etməyə çalışır. Bu mənada o cür ölkələrdə sosial media, sosial şəbəkə çox geniş ərazini tuta bilmir.

Amma Kütləvi İnformasiya Vasitələrinin çox da azad olmadığı, həm də qeyri-peşəkar olduğu ölkələrdə sosial şəbəkələr müəyyən dərəcədə mətbuatı üstələyə bilir. Tutaq ki, Böyük Britaniya, Almaniya, İtaliya və bir çox Qərb ölkəsində sosial şəbəkənin peşəkar mediaya meydan oxuması mümkünsüzdür.

- Bu, necə mümkün olub?

- Çünki o ölkələrin mətbuatı cəmiyyəti güzgü kimi ifadə edir, problemləri gündəlik olaraq, müzakirəyə çıxarır, xəbərlər operativ, dəqiq olur, analitik verilişlər əhatəli təşkil olunur, cəmiyyət istədiyini o ekranlar, sayt və qəzetlərdən ala bilir. Bax, media bu rolu oynaya bilməyəndə, təbii ki, sosial şəbəkə önə keçir. Təəssüf ki, bizdə də o cürdür. Bəzən bir çox saytımız sosial şəbəkələrdə sensasion xəbərlər güdürlər. Və o xəbərləri dərhal sayta yerləşdirirlər, 1-2 saatdan sonra məlum olur ki, tirajladığı yanlış xəbərdir.

Sosial medianın saytlardan önə keçməyinin əsas səbəbi bir çox saytın peşəkarlıq cəhətdən geridə qalması, eləcə də sosial şəbəkənin daha geniş şəkildə inkişafı ilə bağlıdır.

Digər bir səbəb medianın azadlıq hüdudlarının məhdud olması, peşəkarlığın lazım olan səviyyəyə qalxa bilməməsi və geniş auditoriyanın, kütlənin daha çox sosial şəbəkənin təsiri altında olması ilə bağlıdır.

- İqtisadi müstəqilliyi olarsa, media əvvəlki nüfuzunu qaytara bilərmi?

- Azad və müstəqil mətbuatın başlıca şərtlərindən biri onun iqtisadi cəhətdən müstəqil olması ilə bağlıdır həm də. Amma iqtisadi müstəqillik məsələnin bir tərəfidir. Bir media qurumunun iqtisadi müstəqilliyi varsa, amma peşəkarlığı yoxdursa, onun istənilən mövzuya professional yanaşması çətin olur. Medianın azad şəkildə inkişafında onun iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən heç kəsdən asılı olmaması, müstəqil media resurslarına sahiblənməsi, reklam bazarından faydalanması çox önəmlidir. Yəni tək iqtisadi müstəqillik medianın nüfuzunu nə yüksəldə, nə də əvvəldə olmuş nüfuzunu geri qaytara bilər.

- Qəzetlər KİV olaraq tarixə qovuşdu deyə bilərikmi?

- Hazırda dünyada bu sualı çox verirlər. Ciddi insanlar artıq qəzetlərin tarixə qovuşduğunu iddia edir, amma mən bu fikrə qoşulmuram. Hesab edirəm ki, qəzetlərin yaşamaq resursları və əlavə oksigen ehtiyatı hələ var. Onlar bugünkü texnologiyadan bəhrələnməklə irəliləyişə nail ola bilərlər. Məsələn, Amerikada bir çox qəzetin internet, elektron variantı ilə kağız versiyası arasında çox maraqlı koordinasiya işi aparılır. Qəzet öz səhifəsində oxucular üçün müsabiqə elan edir və bildirir ki, bu müsabiqəyə elektron variantda baxa bilərsiniz. Qəzetin elektron versiyasi isə çox sensasiyalı məlumatı çap edir. Amma seriallar kimi dramatik nöqtədə dayanır və bildirir ki, materialın bundan sonrakı hissəsini qəzetin çap versiyasında oxuya bilərsiniz. Bu cür əlaqələndirmələr və düşünülmüş addımlar hesabına qəzetləri xilas etmək olar. İndi duraq deyək ki, kitaba maraq ölür, amma kitaba maraq yarandıqca, görün nə boyda böyük auditoriyalar hərəkətə gəlir. Bu mənada hər şey yanaşmadan asılıdır.

- Azərbaycanda fəaliyyət göstərən qəzetlər bu əlaqələndirməni tapa bilirlərmi?

- İndiki halda Azərbaycanda qəzet və jurnal bumu görünmür. Bununla yanaşı, bizim maraqlı, babat qəzetlərimiz var. Amma o qəzetlər necə satılır? Harada satılır? Vətəndaşlarımız davamlı olaraq, onları alıb, oxuyurlarmı? Çoxu bir-birinin təsiri ilə materialları ancaq internetdən alır və bununla informasiya aclıqlarını təmin etməyə çalışırlar. Bütün bunlara rəğmən düşünürəm ki, qəzetlərə yeni nəfəs vermək mümkündür.

Gerçəyi, doğrunu yazmaq, mübahisələri düzgün ifadə etməyin özü nümunədir

Jurnalist Gülçin Cəmil:

- Bu gün kütləvi informasiya vasitələri (KİV) ictimai əxlaqı nə dərəcədə qoruya bilir? Ənənəvi media ilə yeni media arasında müqayisə aparsaq, hazırda bu istiqamətdə vəziyyət necədir?

- Medianın missiyalarından biri cəmiyyətdə ictimai əxlaqı, milli və bəşəri dəyərləri təbliğ etməkdir. Ona görə də gerçəyi, doğrunu yazmaq və mübahisələri düzgün ifadə etməyin özü birbaşa nümunədir. Təəssüf ki, bizim indiki mediada ən çox gileylənilən məsələlərdən biri, xüsusən bəzi özəl kanalların, media qurumlarının ictimai davranışa, əxlaqa müəyyən dərəcədə ağrılı yanaşmalarıdır. Bu tərzi sosial şəbəkələr də çox tirajlayır. Çoxlu böyük auditoriyalar yaranır. Hətta Tik-Tok kimi platformalarda əcaib, əxlaqa zidd yollarla pul qazananlar var. O cür platformalar bu sayaq arzuolunmaz davranışları stimullaşdırır. Ona görə də peşəkar mediadan umucağımız odur ki, onlar deyilən məsələni daim diqqət mərkəzində saxlasınlar. Cazibədar yazıların, maraqlı drammatik verilişlərin hesabına o dəyərləri qoruyub saxlayıb, yaya bilsinlər.

Jurnalist İlhamə Rəsul:

- Bəziləri Qulu müəllimin müstəqil ictimai mövqeyini başa düşmək istəmir, deyirlər ki, sizi birmənalı şəkildə nə iqtidar, nə də müxalifət kimi xarakterizə etmək olmur. Bunu bilirsinizmi? Bununla bağlı nə demək istəyərdiniz?

- Cəmiyyətimizin ən ciddi problemlərindən biri yalnız ağ və qara düşünməkdir. Halbuki ağla qara arasında minlərlə rəng çaları var.

Əlbəttə, mənim məlumatım var. Əvvəllər, bir çox məmur bizim o mövqeyimizdən əleyhimizə çox istifadə edirdi. Cürbəcür yarlıqlar qoşurdular, sonra məlum oldu ki, onların düşüncəsi yalandır. Onların cəmiyyətə vurduğu ziyanın miqyası çox böyükdür. Elə məsələlər var ki, orada mütləq, cəmiyyət, millət və dövlətin mənafeyindən çıxış etmək lazım gəlir. Hər kəs istəyir ki, sən onun kimi düşünəsən. Hər kəs istəyir ki, səni öz sırasında görsün. Halbuki o cür baxış yanlışdır. Ümumilli dəyərlər var, vətəndaş mövqeyi var, media peşəkarlığından irəli gələn prinsiplər var. Biz onların hamısını qorumağa çalışırıq.

Digər tərəfdən, əgər bir insan tutduğu vəzifə ilə öz daxili azadlığı arasında bir harmoniya yarada bilirsə, o adam yalnız və yalnız ictimai marağı əsas götürür. Vaxtilə Üzeyir Hacıbəyov “Azərbaycan” qəzetində yazırdı ki, vətən abadlığı, millət səlamətliyi, cəmahət firavanlığı, dövlət intizamı və bunlarla yanaşı, istiqlal, istiqlal, yenə də istiqlal. Bizim üçün də önəmli olan məsələlər bundan ibarətdir. Yoxsa sən cibində hakim partiyanın biletini gəzdirəsən, yüksək vəzifə tutasan, şüarlar səsləndirəsən, amma kabinetində rüşvətxorluqla məşğul olasan. Biz o cür adamı necə qəbul edə bilərik?

Eləcə də əksinə. Yəni hökuməti yeri gəldi -gəlmədi sərt tənqid edəsən, amma kritik məqamda meydanda olmayasan. Bu mənada mən düşündüyüm kimi yaşamaq istəyirəm, heç kimin barmaq işarəsi ilə hərəkət etmək istəmirəm. Həm də yaşımızın elə vaxtıdır ki, düşüncəmizi dəyişdirmək mümkün deyil. Hər bir insanın həyat prinsipi, həyat kredosu olmalıdır. Hər bir insanın əsas tutduğu dəyərlər olmalıdır. Bax o prinsip və dəyərlərin hesabına bu şəkildə mövqeyimizi müəyyənləşdirmişik.

Adının çəkilməsini istəməyən xanım oxucu:

- Yaş limiti nədir? Qadınları gözəl dəyərləndirmək yaşa baxırmı?

- Ümumiyyətlə, insan öz yaşını hiss etmir. Kənardakıların yaşını görə bilir, amma öz yaşını görə bilmir. Bununla yanaşı, əlbəttə ki, yaş limiti var. Biri var küçədə 12-15 yaşında uşaqlar qaça, biri də var ki, 60-70 yaşında kişilər qaça, şübhəsiz ki, ikincilərin qaçışı normadan kənardı və istər-istəməz hamı çönüb onlara baxacaq. Amma uşaqların qaçışı, gülüşü, ucadan danışmağı və zarafatına heç kim qeyri-adi yanaşmır. Bu mənada yaş limiti var. Bununla yanaşı, düşünürəm ki, qadınlar üçün yaş anlayışı yoxdur. Nisbətən yaşlanmış, amma o qədər gözəl, kübar, incə, başdan ayağa nəzakət nümunəsi olan intellektual qadınlarımız var. Adam baxır sevinir və onları gələcək nəsillərə örnək kimi göstərmək istəyir.

Mətbuatın və cəmiyyətin sabahı ilə bağlı nikbinəm

Jurnalist Famil Cəfərli:

- Qulu müəllim mətbuatın gələcəyi ilə bağlı ümumən nikbindir, yoxsa bədbin?

- Bu, baxır biz hansı çıxış nöqtəsindəyik. Tutaq ki, 3 il əvvəl müəyyən proseslər başlayanda nikbin idik, amma indi mətbuat üçün müəyyən süni maneələr yaradılanda müəyyən bir bədbinlik, pessimizm hakim kəsilir. Amma ümumiyyətlə, heç nəyə görə ruhdan düşmək olmaz. Mətbuat bir fəaliyyət meydanıdır, orada sən yazıb-pozursan, gerçəyi ifadə edirsən, gələcəyə bir baxış var. Geniş mənada götürəndə mətbuatın və cəmiyyətin sabahı ilə bağlı nikbinəm. Nikbinlik insanların ruhunu, ümidlərini diri saxlayır. Pessimist isə hər addımda insanları ruhdan salır, yanındakılarla birgə addımlamaq imkanlarını məhdudlaşdırır.

Təbiət etibarilə nikbin adamam və hər şeyin də yaxşı olacağına ümid edirəm. Bir vaxtlar bəziləri Qarabağdan ümidlərini üzmüşdü, amma o məsələni o şəkildə qəbul etməyi ağlıma sığışdırmırdım. Çox nikbin idim ki, hadisələrin başqa cür cərəyan etməsi mümkündür. Mıxı mismara çevirən Allah məsələsi var. Həmin məsələ öz həyatı gücünü saxlayır.

Biz "Əl Cəzirə" yarada bilmərik

Jurnalist Anar Bayramoğlu:

- Universitetdə dərs demək, gün ərzində bir neçə telekanala, qəzetə, sayta açıqlama, müsahibə vermək, hansısa ictimai tədbirdə iştirak etmək, orada çıxış etmək, oradan tıxacları keçib rəhbəri olduğunuz yutub kanalına baş çəkib tapşırıqlar vermək, vaxt tapıb toya, yas mərasimlərinə gettmək, bundan başqa ailə qayğıları, nəvələrə zaman ayırmaq adamdan hünər tələb edir. Hələ bunlarla yanaşı kitablar yazmaq, sosial şəbəkədə paylaşımlar etmək, ciddi məsələlərə münasibət bildirmək, şərhlərə reaksiya vermək... Bu enerji Qulu müəllimdə haradandır? Yaşı 70-ə çatmaqda olan bir insan üçün bunları bir arada etmək çətin deyil ki? Ümumiyyətlə, hörmətli professor bu qədər işə vaxtı necə çatdırır, zamanı necə tənzimləyir?

- Bu məsələ belədir ki, dediyiniz işlərin hamısı bir gündə və yaxud da bir saatda baş vermir. Elə məsələlər var ki, onları bir-biri ilə koordinasiya etmək olur. Evdən çıxıb işə çatana qədər jurnalistlər zəng edib, 4-5 sual verirlər. Onların hamısına yarım saat ərzində cavab verirəm (gülür). Evdən işə gedəndə yolda o sualların hamısını cavablandırıram. Yəni həm universitetə-işə gedirəm, həm də o sualları cavablandırıram. İki işi bir yerdə görmək bu şəkildə mümkün olur.

Toplantılara getmək isə belədir ki, çox dəvət edirlər, amma içərisindən seçmək vacib olur. Bəzən də əvvəlki kimi bütün toplantılara getmək mümkün olmur. Çünki baxırsan ki, bu toplantının əsas məqsədi hansısa layihənin reallaşdırılmasıdır. Problem özü öndə deyil. Bu mənada tədbirə getmək həmişə mümkün olmur.

Toy və yas isə bizim həyat tərzimizdir. Toyların hamısına getməsək də, insan istəyir ki, yas mərasimlərinə gedib, başsağlığı versin. Bu işlər təkcə enerji deyil, həm də zaman tələb edir. Sosial şəbəkədə isə orta səviyyədə fəallığım var. Bəzən bəzi məsələlərlə bağlı fikir bildirmək lazım olur. Müəyyən problemlərlə münasibət bildiririk. Burada qeyri-adi heç nə görmürəm. Mən vaxtından əvvəl bükülən insanların tərzini qəbul etmirəm. Hər şeyə vaxt çatdırmaq lazımdır. Hazırlaşmağa da , məqalə yazmağa da, sosial şəbəkədə aktiv olmağa da, dostlarla görüşə də. Sevdiyin insanlarla mütləq ki, ünsiyyətdə olmalısan. Ki, sənin həyat enerjin sabit qalsın.

Nəvələr də bir başqa dünyadır. Çox sağ olsunlar ki, arada gəlib bizə baş çəkirlər. İndi maşallah böyüyüblər. Məncə, istəyəndə hər şeyə zaman tapmaq olur.

- Biz niyə dünyanın istinad edə biləcəyi, dəqiq mənbə saydığı bir "Əl Cəzirə" yarada bilmədik? Qətərdən nəyimiz geri qalır?

- "Əl Cəzirə" “CNN” və “BBC” transmilli kanallardır. Öz ölkələrində yaşananlarla yanaşı, regionda baş verən hadisələri çox operativ şəkildə işıqlandıra bilirlər. "Əl Cəzirə" böyük bir layihədir. Mən onu təqdir edirəm. Onların verilişlərini izləyib, yeniliklərlə tanış oluram. "Əl Cəzirə" həm də 44 günlük Vətən savaşında davamlı olaraq prosesləri işıqlandırırdı. Bunlar yaddaşımıza çox yaxşı yazılıb. Biz "Əl Cəzirə" yarada bilmərik. Bunun çoxlu obyektiv və subyektiv səbəbləri var. Biz ölkəmizin problemlərini normal şəkildə işıqlandıran televiziya yarada bilsək, çox yaxşı olar (gülür). İndi informasiya müharibəsi gedir. Bu müharibədə də transmilli kanalların nüfuzundan istifadə etmək çox önəmlidir. Biz başqa sahələrdən hansı səbəblərdən geri qalırıqsa, "Əl Cəzirə" kimi kanal yaratmamağımız da həmin o məsələlərlə bağlıdır. Burada maliyyə məsələləri mövcuddur, yaxşı menecer institunun yaradılamasına da ehtiyac duyulur. Bu mənada məsələlər xeyli mürəkkəbdir.

Qulu Məhərrəmlinin tələbəsi, jurnalist, müəllim Kənan Novruzov:

- Jurnalistikada tez-tez deyirlər ki, ən yaxşı xəbərlər çayxanalarda olur. İndiyə qədər çayxanalardan nə qədər xəbər yığmısınız?

- Açığı, gəncliyimdən çox çayxana həvəskarı olmamışam. Çünki sən oturduğun masanın yanında müxtəlif səviyyəli insanlar əyləşirlər. Bəlkə indiki çayxanalar əvvəlkilər kimi deyil. Əvvəlki çayxanalar oturmaq, ünsiyyət, fikir mübadiləsi aparmaq üçün meydan olub. İndikilər elə deyil, mühit buna imkan vermir. Mən çayxanadan xəbər yazmamışam, yığmamışam. Əlbəttə, bəzən belə xəbərlər yayılır. Kimsə belə şayiələr yaradır. Hesab edirəm ki, jurnalist öz fəaliyyətində heç bir halda çayxana xəbərindən istifadə etməməlidir. Ola bilər, hansısa məlumatı çayxanada eşitsin, amma o məlumatın nə dərəcədə mötəbər olduğunu öyrənmək lazımdır. Jurnalist və jurnalistika üçün bunlar çox önəmlidir.

Jurnalist Şəymən Bayramova:

- Qulu müəllim, 70 il sovet işğalında yaşayanda bu millət azadlığın həsrətini çəkdi, müstəqil olmaq üçün gecə-gündüz meydanlarda yatdı. Qanlı Yanvar bahasına müstəqilliyə nail oldu. İndi də hər addımda keçmiş sovetlərə qibtə edirik. Təhsilimiz, səhiyyəmiz, hətta milli-mənəvi dəyərlərimizdən belə danışanda “Sovet vaxtı belə idi, heyf indi çox aşınmalar var” deyə gileylənirik. Sadəcə ictimaiyyət üzvləri yox, adi insanlarlarımız da hər fürsətdə sovet vaxtı daha yaxşı yaşadığını zənn edir. Siz nə düşünürsünüz bu barədə?

-Bu nostaljiləri tez-tez eşidirik, xüsusilə də yaşlı adamlardan. O niyə bu şəkildə ortaya çıxır? İnsan təbiət etibarilə xüsusi mülkiyyətçidir. O həmişə öz maraqlarını düşünür. Yəni bunun mənə nə faydası var, mən ondan necə yararlanacağam? Bu psixologiya ilə yanaşanda o nəslin ən çox umacağı şey rahatlıq və şəraitdir, öz rifahını yaxşılaşdırmaq üçün qurban verməkdir. Amma belə deyil. Yeni sistem yaranır, yeni idarəçilik, yeni təsir, yeni istehsalat və yeni informasiya münasibətləri ortaya çıxır. Ona görə də biz imkan daxilində çox təmkinli yanaşmalıyıq. Sovet nostaljisi yaşayan adamlardan sezdiyim məqam təkcə dolanışıqla bağlı olmur. Onlar bəzən idarəçilik və xaosun qarşısını almaq üçün dəyərlər, eləcə də əxlaq və mənəviyyat baxımından narahatdırlar. Çünki indi saga-sola baxırsan, görürsən ki, pozğunluq baş alıb gedir. Bunların hamısı gözümüz önündə baş verir. Ailələrdə nə qədər böyük problemlər var. İnsanlar - nə ər, nə qadın, çərçivələri qəbul etmək istəmirlər. Bunlarla yanaşı, yeni yaranan cəmiyyət özünün qaydaları və əxlaqi simasını formalaşdırmalıdır. Bu proses bizdə çox çətinliklə gedir, amma yəqin ki, bir nöqtədə dayanacaq.

Jurnalistikanın tədris proqramına yenidən baxılmalıdır

Jurnalist Ayyət Əhməd:

- BDU-nun jurnalistika fakültəsində Mətbuat Şurası auditoriyası medianın inkişafı yönündə konkret addımlar atırmı, yoxsa epizodik və ya simvolik olaraq yaradılıb?

- BDU-da təkcə Mətbuat Şurasının deyil, müxtəlif media qurumlarının, o cümlədən Medianın İnkişafı Agentliyi, “Xalq” qəzeti və ARB telekanalının laboratoriya tipli otaqları fəaliyyət göstərir. Bunlar birbaşa tədrisin keyfiyyətinə təsir göstərə bilən nöqtələrdir. Tələbələr medianın ictimai havasını hiss edirlər. Məsələn, Mətbuat Şurasının auditoriyasında tez-tez kitab təqdimatları olur. Müəyyən mövzuların müzakirəsini həyata keçiririk və tələbələr də fəal iştirak edirlər. Bu da çox yaxşıdır.

- Jurnalistika təhsilinin bugünkü səviyyəsi, tələbələrin dərsə həvəsi sizi qane edirmi, yaxşı jurnalist və reportyor hazırlamaq üşün nələr çatışmır?

- Ümumi ölçülərlə götürəndə jurnalistika təhsilinin bugünkü səviyyəsinə dair yaxşı məqamlar çoxdur, amma bu gün biz jurnalistikanı daha çox istehsalata yaxınlaşdırmalıyıq. Praktik dərslər çoxalmalıdır. Hesab edirəm ki, tədris proqramına yenidən baxılmalıdır. Bu gün jurnalistika fakültəsində xüsusi tədris studiası fəaliyyət göstərir. Müxtəlif auditoriyalar mövcuddur. Tələbələr tez-tez jurnalistlər və yaradıcı adamlarla görüşürlər. Bunların hamısı öz yerində, amma və lakin, hesab edirəm ki, tədrisin keyfiyyəti yüksəlməlidir. İstehsalatdan daha çox jurnalist cəlb etməliyik ki, onlar müasir jurnalistika, informasiya yaradıcılığı ilə bağlı dərslər keçsinlər. Bunun üçün addımlar atılır, amma bu addımlar daha çevik və sürətli olarsa, müəyyən effekt verər. Pis olan odur ki, tələbələrin yanaşması məni qane etmir. Bizdə tələbələrin 90 faizi yalnız qiymət almaq üçün oxuyur. Məşğələyə hazırlaşır, bir dərsə cavab verib, qiymət alır və düşünür ki, müəllim bir də ondan 3 dərs sonra dərs soruşacaq. Bu, bilik öyrətmək və öyrənmək deyil, bu, jurnalistika deyil. Tələbələr dərk etməlidirlər ki, jurnalistikaya aid bilikləri qiymətdən qiymətə deyil, ta sonuncu kursa qədər beynə doldurmaq və praktik vərdişləri mənimsəmək lazıdır. Ki, getdiyi istehsalat yerində həm univerisitetin “üzünü ağartsın”, həm də özünün bacarıqlarını nümayiş etdirə bilsin.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

27 Aprel 2024