Mərkəzi Bank maliyyə və sığorta sektorunda peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində növbəti təşəbbüsünü reallaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank ilə Böyük Britaniyanın nüfuzlu “Chartered Insurance Institute” (CII) arasında strateji əməkdaşlığın qurulması ilə bağlı ilkin razılıq əldə olunub.
Məlumata görə, Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə CII-nin baş icraçı direktoru Metyu Hil arasında keçirilən görüşdə Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafı, eləcə də ölkənin beynəlxalq standartlara uyğun regional sığorta tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı CII-nin professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli tədris proqramının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Bildirilib ki, proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, həmçinin bu sahədə karyera qurmaq istəyən şəxslər sığorta və risk menecmenti üzrə beynəlxalq səviyyədə tanınan peşəkar təhsil imkanlarından yararlana biləcəklər.
Qeyd olunub ki, bu təşəbbüs əmək bazarının müasir tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına və ölkədə maliyyə sektorunun insan kapitalının daha da gücləndirilməsinə xidmət edəcək.
















