Moldova hakimiyyəti dronların yerli istehsalına başlamağı planlaşdırır. İstehsal olunan pilotsuz uçuş aparatları ixrac üçün deyil, ölkənin daxili ehtiyaclarının qarşılanması məqsədilə istifadə ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu “Realitatea” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yerli dron istehsalına imkan yaratmaq üçün mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Hazırda qüvvədə olan qanunvericilik belə fəaliyyətə icazə vermir.
Qrosu dronların həm milli müdafiə, həm də mülki məqsədlər üçün əhəmiyyət daşıdığını vurğulayıb. O, istehsalın əsas məqsədinin ölkənin öz tələbatını ödəmək olduğunu qeyd edib.
Daha əvvəl Moldova Prezidenti Maya Sandu da ölkədə hərbi dronların yerli istehsalına başlanmasının planlaşdırıldığını açıqlamışdı. O, Kişinyovda Moldova parlamentinin NATO Parlament Assambleyası ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi təhlükəsizlik seminarında çıxışı zamanı müvafiq qanunvericilik dəyişikliklərinin qəbul ediləcəyini bildirib.
Sandunun sözlərinə görə, Moldova Müdafiə Nazirliyi zəruri avadanlıq və texnologiyaların əldə edilməsi üçün Qərb tərəfdaşlarından qrantlar ala bilər.
















