• Bakı 34° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Monitorinqlər göstərir ki, dövlət qurumlarında oxşar datalar yaradılıb

CƏMİYYƏT

17 Avqust 2022 | 15:37

Monitorinqlər göstərir ki, dövlət qurumlarında oxşar datalar yaradılıb

“Bugünlərdə məlumat verildi ki, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC "4Maps Bilgi Teknolojileri" MMC ilə məbləği 3 milyon 729 min 561 manat olan satınalma müqaviləsi bağlayıb. Tikinti-Təchizat Birliyi "Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi" üzrə adı çəkilən şirkətdən və adları hələlik bizə məlum olmayan digər şirkətlərdən daxil olan təkliflər sorğusu yekunlaşdıraraq yuxarıda qeyd olunan şirkəti qalib elan edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O. Gündüz qeyd edib ki, mövzu maraqlı gəldiyindən araşdrıma aparıb:

“Məlum oldu ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4MAPS Bilgi Teknolojileri” MMC burada “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. Coğrafi məlumatlar və xəritə xidmətləri verən bu şirkət Azərbaycanda xeyli işlər görəcəyini elan edib. 750-1500 nəfərlik iş yeri açacağını bildirib. Dünyanın bir çox xəritə xidmətləri təklif edən qlobal şirkətlər ilə, Apple, Yandex, HERE və s. qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb. Əlbəttə, bütün bunlar təqdirə layiqdir”.

Onun sözlərinə görə, diqqət cəlb edən maraqlı bir məqam ondan ibarət olub ki, bu şirkət Azərbaycanla, Qarabağla bağlı coğrafi adların müəyyən edilməsi və azərbaycancaya dəyişdirilməsi, xəritə dəyişiklikləri üzrə datanın toplanmasını və qlobal xəritələrdə dəyişdirilməsini öz əməyi olaraq təqdim edib:

“Halbuki daha öncədən də məlum idi ki, bunu bizim bir neçə dövlət qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” MMC , İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti , RİNN, XİN və AMEA birgə işləyərək və uzun müddət davam edən çalışmalar, açıq məlumat bazasının formalaşdırılması, qlobal şirkətlərlə yazışmalar və inteqrasiya əsasında həyata keçiriblər. Bununla bağlı biz də dəfələrlə açıqlamalar vermişdik . Düzü, açıq-aşkar özümüzün dövlət qurumlarımızın reallaşdırdığı bir işin “4MAPS Bilgi Teknolojileri” şirkətinin öz adına çıxmasını, dövlət qurumlarının da buna susqunluğunu anlamadım. Bəlkə də, kimlərsə bu şirkətin tenderdəki start vəziyyətinin gücləndirilməsi üçün bu addımı atıb. Eyni zamanda, bu şirkətin qlobal xəritə xidmətləri verən şirkətlərlə Azərbaycan adından danışıq aparmaq, bizim dataları haradan əldə etməsi və qlobal şirkətlərə inteqrasiyası səlahiyyətini necə əldə etməsi də mənə qaranlıq qaldı. O ki qaldı bu tendering mahiyyətinə, düzü burada da bizim üçün anlaşılmaz məsələlər yarandı. Söhbət yuxarıda qeyd olunan tender məlumatındakı hansı rəqəmsal platformanın yaradılmasından gedir”.

O.Gündüzə görə, bir qədər araşdrıdıqda müəyyən etmək olur ki, İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin koordinatlarını müəyyən edən, qanunsuz obyektləri aşkara çıxarmağa imkan verən 3D formatlı bir rəqəmsal paltforma yaratmağı hədəfləyib:

“Düzü , əgər reallıq yalnız bundan ibarətdirsə, buna da xeyli təəccüblənmək lazımdır. Çünki belə bir data artıq iki qurumda - elə İN-nin Əmlak Məsələləri Dövlət Xidmətinin Ünvan Reyestrində, bu qurumun hazırladığı digər resurslarda və elə AVİS-də var. Yəni, dövlətə məxsus olan oxşar informasiya resursları var ki, artıq əldə olunması arzulanan məlumatlar xeyli hissəsi bu resurslarda toplanıb. Eyni zamanda daha öncədən də ölkəmizdə milli məkan məlumatları ilə bağlı infrastrukturun formalaşması haqqında rəsmi sənədlər qəbul edilib. Belə olan halda görəsən nizamnamə kapitalı 10 manat olan, bir qədər də düşündürücü, burada qeyd etmək istəmədiyim məqamları olan şirkətə tələm-tələsik 3.7 milyon manat verərək yeni, parallel bir informasiya resursunun hazırlanması hansı zərurətdən yaranıb”.

AİF prezidenti hesab edir ki, yetərincə dataya malik olan ƏMDX və ya AVİS-ə sahib olan Dövlət Vergi Xidməti, həmçinin elə ölkəmizin xəritə və coğrafi məlumatlarla məşğul oaln şirkətləri artıq mövcud olan data əsasında bir neçə günə özləri bunu hazır edə bilərdilər:

“Ümumiyyətlə, aparılan monitorinqlər göstərir ki, bizdə dövlət qurumlarına məxsus xeyli sayda parallel, oxşar informasiya sistemləri, oxşar data bazalar yaradılıb. Elə situasiya formalaşıb ki, az qala hansı dövlət qurumu səhər tez dursa bir informasiya sistemi , hətta çoxsaylı altsistemlər hazırlamaq niyyətində olur. Bu, doğru bir yanaşma deyil. Zaman-zaman bu informasiya resurslarının da maliyyələşdirilməsi üçün büdcədən əlavə resurslar tələb olunur. Düşünürəm ki, bu cür anlaşılmaz və səmərəsiz infrastrukturun formalaşmasında rəqəməmsal hökumətə cavabdeh olan VXSİ Dpvlət Agentliyinin, onun e-Gov Mərkəzinin də məsuliyyəti var. Fikrimcə bu cür resursların auditini aparmaq, təkrarçılıqları aradan qaldırmaq , paralelçiliyə imkan verməmək, inteqrasiya məsələlərinə diqqət yetirmək , mövcud resurslardan daha effektiv istifadəyə zaman və vəsait ayırmaq daha doğru addım olardı. Yeri gəlmişkən, ölkədə eGov səlahiyyətləri RİNN-də olduğu zaman açıq olan dövlət informasiya sistemləri reyestri də ASAN-a keçəndən sonra hələ də qapalı vəziyyətdədir”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

12 Iyul 2025