• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nəzarət olmadığından at əti satışı genişlənir

CƏMİYYƏT

02 Mart 2022 | 16:04 | Müəllif: Qalib İbrahimoğlu

Nəzarət olmadığından at əti satışı genişlənir

Əhaliyə at əti və ölmüş mal əti satanlar yenidən fəallaşıblar. Təkcə ötən ay Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir neçə belə faktın qarşısını alıblar.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun Bakıvaxtı.az-a dediyinə görə, rəhbərlik etdiyi qurum 20 ildən çoxdur ki, at, eşşək, murdar olmuş heyvan əti satan şəbəkəni ifşa edir: “Əlbəttə, biz bu ifşalarda daim dövlət orqanlarının köməyindən istifadə edirik. Lakin təəssüflər olsun ki, bunun qarşısı tam alınmır. Bu sahədə ən uğurlu işi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Bunu edənlərə qarşı cinayət işi qaldırılır, onlar həbs olunurlar. Amma Azərbaycan məhkəmələri həddindən artıq humanistdir. Bu işlərə görə insanları azadlığa buraxırlar”.

Onun sözlərinə görə,  at əti və ölmüş mal əti satılşının genişlənməsinin ciddi səbəblərindən biri qida təhlükəsizliyinin və qida keyfiyyətinin təmin olunması sahəsində dövlətin qanunlarının zəifliyi və bu qanunlara nəzarət edən dövlət orqanlarının passivliyidir:  “Hökumət biznes qurumları üçün bir toxunulmazlıq status yaradıb. Onlar da bundan istifadə edib insanların həyatını təhlükə altına atırlar. Bunun nəticəsində apteklərdə insanların növbədə olduqlarını, həkimlərin növbəsinin dolduğunu görürük”.

E.Hüseynov vurğulayıb ki, hökumətin biznes qurumlarının yoxlanılması məsələsində tətbiq etdiyi qaydalar mütləq qida sektorundan götürülməlidir: “Qida sektoruna cəld müdaxilə mexanizmi olmalıdır. Əgər bir yerdə təhlükəli qida satılırsa, kimsə zəng edib AQTA-ya xəbər versə, heç bir qurumun bunun qarşısını almağa icazəsi yoxdur. Bir saatdan sonra bir qida minlərlə insanı zəhərləyə bilər. Hökumət mütləq qida sahələrində olan yoxlama məhdudiyyətlərini götürməlidir. Dövlət qurumları qida sahəsində olan problemlərə istənilən vaxt müdaxilə etmə imkanına malik olmalıdırlar”.

AİB sədrinə görə, təkcə sağlam at, eşşək əti satsalar, bəlkə də ona bir don geyindirmək olar. İş orasıdır ki, xəstəlikdən ölmüş, murdar olmuş heyvan ətləri satılır və istehlakçı aldadılır.

Müsahibimiz deyir ki, hökumət üzünü istehlakçılara doğru çevirməli, qida sahəsində yoxlamalar bərpa olunmalı və təhlükəli qida satan yerin cəld ifşa olunması üçün mexanizm hazırlanmalıdır.

“Onu da qeyd edim ki, bu cür qidalar bələdiyyələrin, müəllimlərin, kənd ağsaqqallarının, axundlarının gözü qarşısında baş verir. Ona görə də, əhalini fəal olmağa çağırıram”, - deyə Eyyub Hüseynov qeyd edib.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026