Cari ilin 9 ayı ərzində poçt göndərişlərinin sayı ən az iyun ayında qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərpoçt” açıqlama verib.
Qurumdan bildirilib ki, son dövrlərə qədər əsasən klassik poçt xidmətləri göstərən “Azərpoçt” 2021-ci ildən etibarən transformasiya mərhələsinə keçib və bir sıra yeniliklərə imza atıb. Son 3 ildə xidmətlərin sayında və formasında dəyişiklik edən milli poçt operatoru xidmət keyfiyyətində də irəliləyişlər əldə edib. Bunun nəticəsidir ki, poçt göndərişlərinin sayında stabillik müşahidə olunur və bəzən isə artım nəzərə çarpır. Belə ki, hər ay orta hesabla ölkə üzrə poçt şöbələrində 564,130 poçt göndərişi icra olunur”.
Bildirilib ki, iyun ayında 484.258 ədəd göndəriş edilib. Ən çox göndəriş isə 625.889 ədəd olmaqla may ayında qeydə alınıb. Nəticə etibarilə 9 ayın yekununda poçt göndərişlərinin sayı 5.077.170 ədəd olub:
Qeyd edək ki, şöbələrimizdə poçt göndərişlərindən əlavə, ölkədaxili və beynəlxalq pulköçürmələri, elektron kommersiya göndərişləri, kommunal ödənişlərin icrası və digər oxşar xidmətlər də müştərilərə təqdim olunur.