• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Önəmli tədbir və mesaj: Türk Dövlətləri Təşkilatı Şuşada toplanıacaq

SİYASƏT

05 Iyul 2024 | 09:09

Önəmli tədbir və mesaj: Türk Dövlətləri Təşkilatı Şuşada toplanıacaq

 “Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsi dünyanın indiki durumunda önəmli tədbir və mesaj olaraq yadda qalacaq”.

Bunu Bakıvaxtı.az-a Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə keçiriləcək sammitlə bağlı deyib.

Professor bildirib ki, bir müddət öncə dünyanın siyasi məkanına daxil olmuş TDT artıq institutlaşmalı, siyasi, iqtisadi və hərbi alyans kimi formalaşmalıdır:

"Bunu zaman tələb etdiyindən təşkilat irəliyə doğru addımlar atmalıdır. Təşkilatın əhatə etdiyi coğrafiya dünyanın gələcəyi baxımından çox önəmlidir. Bölgənin strateji əhəmiyyətini bütün böyük güclər dərk edir. Qlobal miqyasda dünyanın hesablaşmaları bu coğrafiyada müəyyənləşəcək. TDT çərçivəsində müxtəlif münaqişə və dövlətlərarası problemlərin həllinə nail olmaq üçün mühüm qərarlar qəbul edəcəklər. Təşkilatın genişlənməsini də istisna etmirəm. Bunun üçün türkdilli ölkə olmaq şərti olmayacaq. Məsələn, Pakistan kimi bir dövlətin TDT-yə daxil olmasında heç bir problem olmamalıdır".

Həmsöhbətimiz bildirib ki, Şuşa Zirvəsi həm də simvolik anlam daşıyır:

Qafar Çaxmaqlı: Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsi həm də simvolik anlam daşıyır

"Erməni işğalından azad edilmiş Qarabağ örnəyi bu dövlətlərin ortaq strateji siyasətində açar rolu oynayacaq. TDT-ni bir güc mərkəzinə çevirmək bu ölkələrin hədəfi olmalıdır. İnanmaq istərdik ki, qeyri-rəsmi də olsa baş tutacaq bu sammit təşkilatın üzvü olduğu ölkələrin siyasi çəkisini artıracaq. TDT öncül dövləti kimi Türkiyənin də qlobal mənada gücünə güc qatacaq".

Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçiriləcək. İlk dəfə 8 ölkənin lideri Şuşada bir araya gələcək və önəmli məsələlərin müzakirəsi aparılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, məhz onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı ildə bir dəfə Zirvə görüşünün keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Prezident söyləmişdi ki, həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur:

"Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək".

Ölkə rəhbəri bəyan etmişdi ki, nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir:

"Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq".

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024