Xəbər verdiyimiz kimi, sentyabrın 10-da türk dünyasının ortaq əlifbasına dair ilk mühüm qərarlar qəbul edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında çıxış edən Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert bildirib ki, ilk növbədə, əlifbada yalnız semantik, fonemik dəyər daşıyan səslərin təyin edilməsi qərara alınıb:
“Bu o deməkdir ki, əlifbada yalnız fonemik məna daşıyan səslər öz əksini tapacaq. İlkin mərhələdə verdiyimiz başqa bir qərar bütün türk dillərində hər bir səsi, hər fonemik mümkün qədər bərabər təyin etmək idi".
Ortaq türk əlifbasının yaradılmasının hansı effektiv təsirləri ola bilər?
Mövzu ilə bağlı fikirlərini Bakıvaxt.az-la bölüşən siyasi şərhçi Kənan Novruzov bildirib ki, ortaq türk dilinin yaradılması istəyi siyasi manevrlərin təzahürüdür.
"Əslində ortaq əlifbanın yaradılması uzun müddətdir müzakirə olunurdu. Artıq əməli addımlar atılır. Bu addım türk dövlətləri arasında inteqrasiyada vacib rol oynayacaq. Eyni zamanda türk dövlətlərinin mənəvi, sosial və təhsil sahələrində yaxınlaşmasını təmin edəcək".
Kənan Novruzov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərkibinə daxil olan üzvlər arasında əməkdaşlığı gücləndirmək istəyir. Ona görə də köməkçi addımlar atılır.
"Gələcəkdə oxşar addımlar atıla bilər. Türk dövlətləri arasında münasibətləri dərinləşdirəcək bir sıra addımlar atılacaq. Bu qərarın kökündə həm də Türk Dövlətləri Təşkilatını bir təşkilat kimi gücləndirmək məqsədi daşıyır", - deyə Kənan Novruzov əlavə edib.
Gülşən Şərif