• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Moskva mümkün qədər İrəvana təzyiq etməyə çalışacaq ki…

SİYASƏT

24 Iyul 2025 | 12:42

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Moskva mümkün qədər İrəvana təzyiq etməyə çalışacaq ki…

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiyanın Altay diyarına gedib. Səfər çərçivəsində onun rusiyalı həmkarı Mixail Mişustinlə görüşü planlaşdırılır.

Nikol Paşinyanın iyulun 25-də də Altayda qalacağı və ekologiya məsələlərinə həsr olunmuş sammitdə iştirak edəcəyi istisna edilmir.

Qeyd edək ki, Nikol Paşinyanın səfəri Ermənistan-Rusiya münasibətlərinin müəyyən qədər gərgin olduğu dövrə təsafüd edir. Bəllidir ki, Ermənistan hökuməti xarici siyasət kursunda müəyyən dəyişikliklər edərək Qərblə münasibətləri gücləndirməyə çalışır. Bu isə təbii olaraq müttəfiqi Moskvanı hiddətləndirir. Buna baxmayaraq, Rusiya Ermənistanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biri olaraq qalır. Enerji təhlükəsizliyi baxımından İrəvan hələ də Moskvadan asılı vəziyyətdədir. Görünür, ekoloji sammitdə iştirakla Paşinyan Ermənistanın regional təşəbbüslərdə iştirak etmək niyyətində olduğunu nümayiş etdirməyə çalışır.

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya XİN başçısı Sergey Lavrovun və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərlərindən sonra Ermənistanda Paşinyan hakimiyyətinin dervrilməsi ilə bağlı planlar ortaya çıxdı.

Ekspert vurğulayıb ki, bununla yanaşı, Paşinyanın rusyönlü qüvvələrə qarşı təzyiq kampaniyası da başladıldı:

"Paşinyanın Kilsə və onun başında duran II Qareginlə qarşıdurmasının getdikcə dərinləşməsi, Rusiyayönümlü müxalif, revanşist qüvvələrə qarşı sərt mübarizəyə keçməsi, ən əsası Rusiyadan ezam olunmuş, Ermənistanda faktiki olaraq hakimiyyət çevrilişi üçün təlimatlandırılmış Samvel Karapetyanın həbsi Moskva-İrəvan münasibətlərindəki ziddiyyətləri ortaya qoydu. Böyük ehtimal, Ermənistan baş naziri Rusiyaya, Altaya sadəcə hansısa ekoloji sammitdə iştirak üçün getmir. Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü gözlənilir. Bu görüşdə tərəflər arasında münasibətlər müzakirə olunacaq. Paşinyan iki ölkə arasındakı münasibətlərə öz mətbuat konfransında toxunmuşdu. Şübhəsiz, Rusiya mümkün qədər İrəvana təzyiq etməyə çalışacaq ki, Zəngəzur dəhlizində nəzarət hansısa ABŞ şirkətinə yox, Moskvaya verilsin. Rusiyanın istinad etdiyi əsas sənəd 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndidir. Məhz Rusiyanın özünün də böyük "töhfələri" nəticəsində bu sənəd xeyli dərəcədə qüvvədən düşmüş sayılır. Ermənistan da manevrlər edərək bundan yayınmağa çalışır".

Oqtay Qasımov: Paşinyan mümkün qədər çalışacaq ki, Rusiya ilə iqtisadi əlaqələr davam etsin

Həmsöhbətimiz Rusiya tərəfindən təzyiqlərin olmasına baxmayaraq, Paşinyanın öz mövqeyində dəyişiklik edəcəyini düşünmür:

"Çünki bu yanaşma geridönülməz bir hal alıb. Rusiyanın Paşinyana təzyiq imkanları əvvəlki qədər deyil. Doğrudur, Gümrüdə Rusiyanın hərbi bazası var. Türkiyə-Ermənistan sərhədləri hələ də rus sərhədçiləri tərəfindən qorunur. Amma bunlara qarşı Paşinyanın müqavimət göstərmək imkanları var. O baxımdan Paşinyan mümkün qədər çalışacaq ki, Rusiya ilə iqtisadi əlaqələr davam etsin. Təhlükəsizlik məsələlərində isə Rusiyadan kənarda dayanmağa üstünlük verəcək. Mümkün qədər Qərbə yönəlməyə çalışacaq”.

Oqtay Qasımov vurğulayıb ki, təzyiqlərin davam edəcəyi şübhəsizdir. Onun fikrincə, Ermənistanla yanaşı, Azərbaycana da Rusiyadan təzyiqlər gözləniləndir. Lakin bu təzyiqlərin nəticə verəcəyi ciddi şübhə altındadır.

Aydın Baxış


SON XƏBƏRLƏR