Kreml Sarayına edilən müəmmalı dron hücumu ilə bağlı müzakirələr davam edir. Kiyev məsuliyyəti rədd edir, Moskva isə ABŞ-ı günahlandırır.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna administrasiyasının ardıcıl “bizimlə heç bir əlaqəsi yoxdur” bəyanatlarına məhəl qoymayan Moskva bu gün də insidentə görə həm Ukraynanı, həm də ABŞ-ı günahlandırıb. Kremlin sözçüsü Dmitri Peskov Kiyevlə yanaşı, Kremlə də hücum cəhdinin arxasında Vaşinqtonun olduğunu deyib: “Kiyev və Vaşinqtonun hadisə ilə heç bir əlaqəsi olmadığını bildirməsi gülüncdür. Biz çox yaxşı bilirik ki, Kiyev rejimi təkbaşına Rusiyanın paytaxtı Moskvanın göbəyində yerləşən Kreml Sarayına hücum barədə qərar verə bilməz. Hadisənin arxasında əsl məsul şəxs hücumu əmr edən ABŞ-dır”
Peskov ABŞ-a işarə edərkən təhlükəsizlik qüvvələrinin əlində olan müəyyən dəlillərə əsaslanaraq danışdıqlarını deyib: "Toplanmış sübutların çox cüzi bir hissəsi belə, bu nəticəyə gəlmək üçün kifayətdir”.
Ağ Evin milli təhlükəsizlik müşaviri Con Kirbi isə deyib ki, bu, gülünc bir iddiadır. Onun sözlərinə görə, ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur.
O da qeyd olunur ki, hücum “yalançı bayraq”, yəni rusların düşməni günahlandırmaq üçün özlərinin törətdiyi hərəkət ola bilər. Hadisənin Ukraynanın əks-hücumundan əvvəl baş verdiyini qeyd edən ukraynalı hərbi ekspertlər “Rusiya Ukraynadan sıçraya biləcək daha böyük müharibəyə haqq qazandırmağa çalışır” deyə bildiriblər.
Ay Tac















