Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, teatr, kino və xoreoqrafiya istiqaməti üzrə 1200-dən çox abituriyent xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçib. Bu istiqamət üzrə xüsusi qabiliyyət imtahanları iyulun 8-dən etibarən keçirilir.
İmtahanların avqustun 1-dək davam etməsi nəzərdə tutulub. Artıq 3 ildir ki, bu istiqamət üzrə imtahanlar həm ənənəvi, həm də onlayn formada təşkil olunur. Bakıda və Naxçıvanda təşkil edilən imtahanlarda indiyədək 700-ə yaxın abituriyent iştirak edib.
Əksəriyyət hesab edir ki, qabiliyyət imtahanlarında bu qədər abituriyentin iştirak etməsi bu il qəbul imtahanlarının nəticələrinin zəif olmasından irəli gəlir.
Məsələylə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda ali təhsilin əlçatanlılğı tam şəkildə təmin olunub: “Son illər ali təhsil müəssisələrinə qəbul plan yerlərinin artırılması, eyni zamanda, dövlət tərəfindən tələbələrə güzəştli tələbə kreditlərinin verilməsi insanlar üçün ali təhsilin əhatə dairəsinin genişlənməsinə, əlçtanlığın təmin olunmasına gətirib çıxarır. Bu, müsbət bir haldır".
Ekspert qeyd edib ki, bu il pandemiyadan sonra 2-ci ildir qabiliyyət imtahanları keçirilir: "Bu, yaxşı bir haldır. Çünki iki il ərzində pandemiya səbəbindən qabiliyyət imtahanlarının keçirilməsi mümkün olmadı və bir çox hallarda hər hansı bir fiziki qabiliyyəti olmayıb yüksək bal toplayanlar qabiliyyət imtahanından keçdilər. Həmin şəxslər sonradan problem yaşadılar və qabiliyyətləri olmadığı üçün orda oxuya bilmədilər”.
K.Əsədovun sözlərinə görə, bu il ali təhsil müəssisələrinin 5-ci ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar var: “Ən çox plan yerləri məşqçilik, fiziki tərbiyə və təsviri sənət müəllimliyi ixtisaslarındadır. Ancaq biz əvvəlki illərlə müqayisə edəndə görürük ki, 5-ci qrup üzrə qabiliyyət imtahanından keçənlərin sayı ümumi plan yeri ilə müqayisədə o qədər də çox deyil".
Bunun bir neçə səbəbi var: birincisi, qabiliyyət imtahanının qeydiyyatının gənclərimiz tərəfindən tam olaraq anlaşılmamasıdır. Bir çox hallarda səbəb, təbii ki, həmin şəxslərin elektron qeydiyyatdan keçmək imkanlarının özləri tərəfindən olmamasıdı: "Biz bilirik ki, abituriyentlər və valideynləri, bəzi hallarda, elektron ərizədən keçməyə narahat olurlar. Digər bir səbəb odur ki, təəssüf ki, əvvəllər qabiliyyət tələb edən ixtisaslarda neqativ hallar var idi. Amma Dövlət İmtahan Mərkəzi qabiliyyət tələb edən ixtisaslarda neqativləri tamamilə aradan qaldırdı. Yəni, yalnız seçdiyi ixtisas üzrə qabiliyyəti olan şəxslər imtahanda uğur qazana bilərlər”.
Müsahibimiz vurğulayıb ki, bu, kütləvi şəkildə qabiliyyət tələb edən ixtisaslara gedişin qarşısını alır: “Biz görürük ki, bəzi hallarda qabiliyyət komissiyaları maddi maraq qarşılığında insanlarə qabiliyyəti olmasa belə keçirir, müsbət cavab yazırdılar. Amma DİM hal hazırda prosesi tam şəffaf şəkildə təşkil edir, yəni hər hansı bir kənar müdaxilə mümkün deyil. Buna görə də, bizim gənclərimiz getmək istəmirlər. İndi kim istəsə keçmir, bacarığı olan keçir. Bu da, ciddi şəkildə kütləviliyin qarşısını alır. Burada DİM-nin gördüyü işi xüsusilə qeyd etməliyik”.
Aytac Aslan
















