Yayın vazkeçilməz sərinləndirici qidalarından biri də qarpızdır. Ancaq əksər vaxt qarpız alarkən nələrə diqqət yetirilməli olduğuna fikir vermirik.
Bakıvaxtı.az xəbər verir ki, Qida Təhülkəsizliyi Agentliyi qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməl olduğunu bildirib. Qeyd olunub ki, üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl oması vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir.
Qarpızın cizgilərı aydın olmalıdır. Belə ki, yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır.
Ümumiyyətlə, qarpızın kəsilərək alınması məsləhət deyil. Qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin.
Bundan başqa, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir
Qarpız kəsiləndən sonra qaydalara uyğun saxlanılmalıdır. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir.
BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı"nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15 dərəcə C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5 dərəcə C temperaturda saxlanılması məsləhət görülür.
Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip bağlanılaraq, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanılmalıdır.
Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.
Aytac Aslan
















