• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Qızların elçi getməsi heç də müasirlik deyil - Sosioloqdan Aydın Xanın fikirlərinə ETİRAZ: Populist fikirdi

CƏMİYYƏT

03 Mart 2025 | 12:55

Qızların elçi getməsi heç də müasirlik deyil - Sosioloqdan Aydın Xanın fikirlərinə ETİRAZ: Populist fikirdi

Əzəldən bəri qəbul etmişik ki, xanımlar incə və zərifdirlər, bəylər hər zaman xanımlara diqqət və qayğı göstərməlirdir. Mentalitetimizdə də bir çox şeyi bəylərdən gözləmək var. Elçi getmək də həmçinin.

Bakıvaxtı.az-ın məlumatına görə, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə deyib ki, qızların da seçim hüququ olmalı, sevdikləri ilə ailə həyatı qurmalı, hətta həmin bəyə elçi də getmək şansına malikdirlər. O qeyd edib ki, qızların sevdikləri oğlana elçi getmək halı, oğlanın qıza elçi getmək halı kimi adiləşib, qəbul edilməlidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Yusif Nəbiyev bildirib ki, qadınların da elçi gedə biləcəkləri iddiası kökü olmayan, populist iddiadan başqa bir şey deyil. Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ənənə sadəcə Azərbaycanda mövcud deyil. Bütün xristian, müsəlman, yəhudi toplumlarında, eləcə də əksər uzaq şərq mədəniyyətlərində elçiliyə kişi tərəf gedir. Bunun bir neçə köklü səbəbi var:

"Əksər patriarxal mədəniyyətlərdə evliliyə ilk təşəbbüs etmək səlahiyyəti tarixən kişilərə verilib. Çünki ailəni hər mənada təmin etmək ilk növbədə kişinin öhdəliyidir. Kişi tərəfi elçiliyə gedərək həm də o qadına və onun gələcək övladlarına baxa biləcəyini iddia etmiş olur. Bir növ belə bənzətmə edə bilərik: Masada hesabı kim ödəyəcəksə, şam yeməyi təklifini də o etməlidir”.

Onun sözlərinə görə, üstəlik, unudulmamalıdır ki, bir çox mədəniyyətlərdə qadının aktiv şəkildə ər axtarması qeyri-etik hesab olunur. Xanımlar, necə deyərlər, istəksiz olan, naz edən, özünü daha az maraqlı kimi göstərən tərəf olublar tarixən:

“Qeyd edim ki, bu, sadəcə mentalitetin aşıladığı davranış forması deyil, heyvanlar aləmində də əksərən görülən bir fenomendir. Cütləşməzdən əvvəl adətən erkəklər ilk addımı atır, öz böyük və ya bəzəkli hissələrini göstərir, dişilər isə qaçmağa, tez razı olmamağa can atırlar".

"Davranışlarımızda, sosial normalarımızda heyvanları nümunə kimi görmürük, amma bu bizə təbiətin şifrələrini anlamaqda kömək etdiyi üçün, onlara da baxmaqda fayda var",- deyə sosioloq qeyd edib.

Yusif Nəbiyev, sosioloq

Y.Nəbiyevin sözlərinə görə, qadının elçi getməsi və ya gedə bilməsi heç də müasirlik, proqressivlik deyil. Bu ənənəyə sahib bəzi nadir toplumlar var:

"Misal üçün, İndoneziyanın Minanqkabau cəmiyyətində, Qananın (Afrika) Akan qəbiləsində, Hindistanın Kasi qəbiləsində, Nepalın bəzi azsaylı qəbilələrində qadınlar da elçi gedə bilirlər. Çünki bu cəmiyyətlər matriarxal cəmiyyətlərdir. Və gördüyünüz kimi heç də inkişaf etmiş toplumlar deyillər. Tam tərsinə, çox arxaik, ibtidai həyat yaşayan qəbilə mədəniyyətləridirlər.

Ultra-sekulyarlaşmış mədəniyyətlərdə belə qadınlar elçi getmirlər. Sadəcə olaraq burada elçi getmək ənənəsi tamamilə tərk edilib. Çünki bu cəmiyyətlərdə evlilikdən öncə valideynlərin razılığının, ən azından xeyir-duasının alınması ənənəsi tərk edilib. Tərəflər özləri qərarlarını verib, bir imza ilə evlənirlər. Yəni bu halda belə qadın tərəfin elçi getməsindən söhbət belə getmir".

Sosioloqun fikrincə, bizim cəmiyyətimiz dəyərlərinə bağlı, gələcəyə yönümlü olmaqla birlikdə keçmiş adət və ənənələrini də qorumağa çalışan, məhz bununla bir millət kimi varlığını qorumağa çalışan cəmiyyətdir. Ənənələrə sədaqət həm ictimaiyyətimiz tərəfindən qəbul olunan, həm də dövlət siyasətimiz tərəfindən dəstəklənən, tətbiq edilən yanaşmadır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR