• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi ilə bağlı məhkəmə keçirilib

HADİSƏ

15 Aprel 2025 | 16:12

Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi ilə bağlı məhkəmə keçirilib

Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Qurban Piriyev ifadəsinə davam edib.

    O, Rasim İldırımzadənin vəkilinin suallarını cavablandırarkən bildirib ki, Azərbaycanda iş qurmaq məqsədi ilə təqsirləndirilənlərə pul verib: "Mən biznes qurmaq məqsədi ilə ərazi axtarırdım. Yanında göl olan geniş sahədən kiçik bir hissəni almaq üçün təqsirləndirilənlərlə danışdıq. Ərazinin pulunu ödədikdən sonra uzun müddət onlardan səs çıxmadı deyə məsələ bu yerə gəldi".

    Daha sonra prosesdə ifadə verən şahid Natiq Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Qoşqar Məmmədov onun dostudur, digərilərini tanımır: "Mən Qurban Piriyevin vəzifəyə qoyulması ilə bağlı evdə gedən söhbətlərdə Rasim İldırımzadənin adını eşitmişdim. Onu da anam danışanda bilmişəm. Anamla Qoşqar bu mövzularda danışıblar. Anam vəfat edib deyə məni istintaqa çağırdılar. Dəqiq hansı məqsədə Qurban Piriyevə vəd verildiyini bilmirəm. Sadəcə, vəzifə sözünü eşitmişəm".

    Digər şahidin dindirilməsi üçün proses mayın 13-dək təxirə salınıb.

    Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

    Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

    Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.


    SON XƏBƏRLƏR

    15 Aprel 2025