IV Antalya Diplomatiya Forumu bir sıra mühüm müzakirələrlə yadda qaldı.
Xüsusilə “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunda təşkil olunan panel, bölgədə davam edən siyasi gərginliklərin fonunda geniş maraq doğurdu. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Gürcüstanın xarici işlər nazirinin müavini Maka Boçorişvilinin iştirakı ilə baş tutan bu iclas, gözlənildiyi kimi, daha çox Azərbaycan və Ermənistan nümayəndələri arasında baş verən ritorik qarşıdurma ilə yadda qaldı.
Bu panel təkcə diplomatik arqumentlərin toqquşduğu məkan deyildi – eyni zamanda, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və sülhün nə dərəcədə real olduğu sualını yenidən gündəmə gətirdi. Görünən odur ki, Ermənistan bu cür beynəlxalq platformaları sülh təşəbbüslərini dəstəkləmək üçün deyil, əksinə, siyasi manipulyasiyalar və ittihamlar vasitəsilə prosesi ləngitmək üçün istifadə edir.
Ermənistanın indiki ritorikası fonunda sizcə real sülh müqaviləsi imzalanması yaxın perspektivdə mümkündürmü?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, bu gün Ermənistan müxtəlif platformalarda, əlinə düşən bütün imkanlardan istifadə edərək Azərbaycanı ittiham etməyə və sülh prosesindən yayınmağa çalışır. Ermənistanın həyata keçirdiyi siyasət faktiki olaraq regionda xaosa, qarışıqlığa və dağıdıcılığa xidmət edir. Bu tendensiya Antalya Diplomatiya Forumunda da özünü bir daha göstərdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışı bir daha təsdiqlədi ki, Ermənistan hələ də diplomatik manevrlərlə real sülh prosesindən yayınmaq niyyətindədir.
Tural İsmayılov, politoloq
Onun sözlərinə görə, Ermənistan, həm Konstitusiyada dəyişikliklər etmək, həm də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayına bilmək üçün müxtəlif diplomatik manipulyasiyalara əl atır:
"Ən yüksək diplomatik platformalarda belə destruktiv davranış nümayiş etdirməsi, bu ölkənin hələ də real sülhə hazır olmadığını göstərir. Hətta Ermənistanın hazırda təklif etdiyi şərtlərlə sülh müqaviləsi imzalansa belə, bu, gələcəkdə yeni problemlərin yaranmasına zəmin yarada bilər. Çünki bu halda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalacaq və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı konkret addımlar atılmayacaq".
Politoloq qeyd edib ki, bu baxımdan Ermənistanın indiki yanaşması əsasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Cənubi Qafqazda davamlı sabitlik və rifahın təmin olunması üçün Ermənistan ilk növbədə Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ləğv etməli, eyni zamanda real sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir. Yalnız bu halda bölgədə sağlam münasibətlər sistemi qurmaq və uzunmüddətli əməkdaşlıq mühiti yaratmaq mümkün olacaq.
Əli Hüseynov