"Uçan taksi" qəzasından sonra sosial şəbəkələrdə taksi sürücülərinin etiraz aksiyaları gündəmə gəlib. Etiraz edənlərin sözlərinə görə, gündəlik 17-18 saat işləmələrinə baxmayaraq, əldə etdikləri gəlir nə ailələrini dolandırmağa, nə də avtomobillərinin saxlanmasına kifayət edir. Bu şərtlər altında həm maddi çətinliklərlə üzləşirlər, həm də fiziki və psixoloji baxımdan ciddi yüklənmə yaşayırlar.
Bəs gündəlik 17-18 saat işləmək hüquqi cəhətdən düzgündürmü?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, hər bir şəxsin Əmək Məcəlləsinə əsasən həftəlik maksimum iş saatları müəyyən olunub:
"Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, hər bir şəxsin gündəlik normal iş vaxtı 8 saatdır. Bu müddətə uyğun olaraq, həftəlik iş saatı 40 saatdan artıq ola bilməz. Heç bir şəxs həftədə 40 saatdan çox işlədilə bilməz".
Onun sözlərinə görə, bu müddəa bütün işçi-işəgötürən münasibətlərində tətbiq olunmalıdır:
"İlk növbədə, taksi sürücülərinin əmək münasibətlərində iştirak edib-etmədiyi araşdırılmalıdır".
Ekspert bildirib ki, yenilənmiş qanunvericilik fonunda taksilərin sayında azalma müşahidə olunur:
"Mövcud qanunvericiliyə əsasən, “Lisenziyalar və icazələr haqqında” qanunun müvafiq bəndinə görə, minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vərəqəsi sahibkarlıq fəaliyyətinə verilən icazələrdən biri hesab olunur. Bu isə o deməkdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə tələb olunur".
Vəkil əlavə edib ki, hazırda taksi fəaliyyəti praktikada iki formada həyata keçirilir:
"Birinci halda şəxs öz avtomobili vasitəsilə fərdi qaydada taksi fəaliyyəti göstərir. İkinci halda isə, şəxs müəyyən partnyor şirkətlərə müraciət edərək aylıq əmək haqqı əsasında işçi kimi fəaliyyət göstərir. Bu zaman o, sahibkar deyil, əmək müqaviləsi ilə çalışan işçi hesab olunur".
Etibar Qarayev, vəkil
Dediyinə görə, amma reallıqda çox zaman işçilər qeyri-rəsmi şəkildə çalışdırılır. Bu isə açıq şəkildə Əmək Məcəlləsinə və ümumilikdə qanunvericiliyə ziddir:
“İşəgötürənlərin əmək müqaviləsindən yayınmalarının əsas səbəbi sığorta ödənişlərindən, işçilərin normativ iş saatlarına əməl edilməsindən və məzuniyyət hüquqlarının təmin olunmasından yayınmaqdır".
E.Qarayev qeyd edib ki, işçi əmək müqaviləsi olmadan işə cəlb olunarsa, bu zaman İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən cərimə tətbiq olunur:
"Bu halda, fiziki şəxslər 1000 manatdan 2000 manata, vəzifəli şəxslər 3000 manatdan 5000 manata, hüquqi şəxslər isə 20000 manatdan 25000 manata qədər cərimələnə bilər".
Mövzu ilə bağlı Bakıvaxtı.az paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə sorğu göndərib. Amma bu vaxtadək sorğumuza cavab verilməyib.
Nuriyyə Musayeva