“Rusiya yenidən “3+3” formatını dirçəltməyə çalışır. Bu formatı Cənubi Qafqazda son illərdə ən çox müzakirə olunan, lakin gerçəkləşməyən diplomatik platformalarından biri hesab etmək olar”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, üç Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, Türkiyə və İranla birlikdə təmsil olunmasını nəzərdə tutan bu mexanizm ilk baxışdan regional əməkdaşlıq təşəbbüsü kimi görünür:
“Lakin bu platformanın yaradılması istiqamətində ən ardıcıl və israrlı mövqe nümayiş etdirən dövlətin Rusiya olması nəzərə çarpır. Rusiya bu formatı regional qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq platforması kimi təqdim etməyə çalışır”. Müsahibimiz hesab edir ki, bu formatda müəyyən iqtisadi maraqlar olsa da, mahiyyət etibarilə geosiyasi maraqlar üstünlük təşkil edir. Regionda formalaşan yeni geosiyasi reallıq kontekstində bu israrlı tələb Rusiyanın yeni mövqe axtarışı hesab oluna bilər.
Son beş ildə bölgədə real geosiyasi mənzərənin əsaslı şəkildə dəyişdiyini deyən politoloq vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionun aparıcı dövlətinə çevrilib:
“Türkiyənin regional proseslərə təsir imkanları dəfələrlə artıb. Avropa İttifaqı və ABŞ regional proseslərdə daha fəal iştirak etməyə başlayıblar və təsir imkanlarını artırmağa çalışırlar. Regionda yeni nəqliyyat kommunikasiya xətlərinin qurulması prosesi gedir. Rusiyanın ənəvi forpostu hesab olunan Ermənistan tədricən Rusiyadan uzaqlaşır və Qərbə üz tutur”.

Qulamhüseyn Əlibəyli: “3+3” plsatforması Rusiya üçün yeni təsir mexanizminə çevrilə bilər
Analitikə görə, uzun müddət özünü regionun yeganə təhlükəsizlik təminatçısı hesab edən, regional sülh prosesində alternativsiz vasitəçilik etmək istəyən Rusiyanın artıq əvvəlki geosiyasi mövqeyə malik olmadığını birmənalı şəkildə təsbit etmək olar:
“Rusiya Cənubi Qafqazda öz əvvəlki geosiyasi mövqeyini itirib və Rusiyanın regiondan tamamilə sıxışdırılıb çıxarılması prosesi, demək olar ki, final mərhələsindədir. Belə bir şəraitdə Rusiyanın siyasəti ən azı regiondan və regional proseslərdən kənarda qalmamaq, hər hansı formada iştirak emək, regional layihələrə qoşulmaq görüntüsü yaratmağa yönəlib”.
Qulamhüseyn Əlibəyli hesab edir ki, bu baxımdan “3+3” plsatforması Rusiya üçün yeni təsir mexanizminə çevrilə bilər:
“Rusiya 3+3 platformasında israr etməklə həm də Ukraynaya təcavüzdən sonra yaranmış beynəlxalq diplomatik təcridi yumşaltmaq məqsədi güdür. Bu təcrid nəticəsində Rusiyanın bir çox beynəlxalq platformalarda iştirak imkanları həddindən artıq məhdudlaşdırılıb. Məhz buna görə də Rusiya hakimiyyəti yeni çoxtərəfli mexanizmlərə xüsusi maraq göstərir”.
Aydın Baxış
Bakı 



