• Bakı 27° C

    10.42 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Rusiya qaz və ticarət kartını işə saldı? - AÇIQLAMA

SİYASƏT

30 Iyul 2026 | 10:50

Rusiya qaz və ticarət kartını işə saldı? - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında iki ölkə arasında yaranmış iqtisadi problemlər və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq edilən məhdudiyyətlərin Ermənistan-Rusiya arasında qüvvədə olan hüquqi razılaşmalara və Avrasiya İqtisadi Birliyinin qaydalarına zidd olduğunu bildirib. O, bu problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılmasını xahiş edib.

Baş nazir, həmçinin Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı referendum məsələsinə də toxunaraq qeyd edib ki, belə bir səsvermə yalnız Ermənistanın Aİ-yə rəsmi üzvlük müraciəti etməsindən və prosesin praktiki mərhələyə keçməsindən sonra gündəmə gələ bilər. Paşinyan vurğulayıb ki, İrəvan bütün mübahisəli məsələlərin açıq, tərəfdaşlıq və dostluq ruhunda dialoq yolu ilə həllində maraqlıdır.

Mövzunu Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Moskvanın son addımları Ermənistan üzərində siyasi təzyiqi artırmağa hesablanıb.

Deputatın sözlərinə görə, Rusiya İrəvandan bir sıra siyasi tələblərin yerinə yetirilməsini istəyirdi:

“Putin istəyirdi ki, Ermənistanda iş adamı Samvel Karapetyana qarşı həbs məsələsi aradan qalxsın. Həmçinin digər müxalifət liderləri Robert Koçaryan və Qaqik Tsarukyan təzyiqlərə məruz qalmasın. Amma Tsarukyanı hətta həbs etdilər. Yəni İrəvan Moskvanın bütün tələblərini rədd etdi. Ona görə də indi Rusiya Ermənistanı bir növ cəzalandırmaq istəyir”.

Rasim Musabəyov, deputat

R.Musabəyov hesab edir ki, Kreml Paşinyanın yaxın müddətdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməsinin real olmadığını yaxşı anlayır:

“Əslində Putin də yaxşı bilir ki, Paşinyan qısa müddətdə, tələsik belə bir referendum keçirə bilməz. Kreml bu şərti ona görə gündəmə gətirir ki, əks halda Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətləri qüvvədə saxlasın. Üstəlik, gələn il qaz müqaviləsinin müddəti başa çatır. Deməli, həmin müqavilənin uzadılması da yeni şərtlərlə müşayiət oluna bilər”.

Deputatın fikrincə, Rusiyanın təzyiq siyasəti gözlənilən nəticəni verməyə bilər:

“Reallıq odur ki, Moskvanın bütün təzyiqləri sonda Rusiyanın özünə qayıdır. Görünür, Paşinyan hökuməti Moskva qarşısında geri çəkilmək niyyətində deyil və alternativ çıxış yolları axtarır. Ermənistanın İrandan qaz idxalını artırmaq istəməsi mümkündür. Hətta Azərbaycanın da alternativ təchizat mənbəyi kimi nəzərdən keçirilməsi istisna deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyul 2026