• Bakı 28° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Şagirdlər məktəblərə qayıdır: Yuxu rejimini necə düzəldək? 

CƏMİYYƏT

18 Avqust 2026 | 11:50

Şagirdlər məktəblərə qayıdır: Yuxu rejimini necə düzəldək? 

Təxminən 4 həftədən sonra ibtidai sinif, orta məktəb, lisey şagirdləri  sinif otaqlarına qayıdacaqlar. Yuxu rejimində dəyişikliyə keçidi asanlaşdırmaq üçün indidən tədricən yaxşı vərdişləri bərpa etmək vacibdir. Doğrudur, bunu demək asandır, amma həyata keçirmək elə də sadə proses deyil. Elə indidən uşaqları tez yatmağa və daha tez oyanmağa təşviq etmək lazımdır.

Klinik psixoloq Şirin Məmmədli Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə uşağın tətil müddətində də tamamilə rejimsiz qalmasının tərəfdarı deyil:

“Təbii ki, tətil vaxtı dərs dövründəki qədər sərt qrafikə ehtiyac yoxdur. Uşaq bir qədər gec yata, daha çox istirahət edə bilər. Amma yuxu saatlarının gecənin çox gec saatlarına qədər uzanması və səhərlər çox gec oyanmaq vərdişinə çevrilməsi məktəb başlayanda adaptasiyanı çətinləşdirə bilər".

Müsahibimiz bildirib ki, məktəbin başlamasına 4 həftədən az vaxt qaldığı üçün rejimi indidən tədricən qaydaya salmaq daha məqsədəuyğundur:

"Məsələn, yuxu və oyanma saatlarını hər gün bir qədər tezləşdirmək mümkündür. Birdən-birə uşağı tətil rejimindən çıxarıb, əvvəlki saatda yatmağa məcbur etmək isə əksinə, gərginlik və müqavimət yarada bilər. Burada söhbət yalnız yuxudan getmir. Uşağın gündəlik həyatında müəyyən sabitliyin olması psixoloji baxımdan da əhəmiyyətlidir. Yuxu, qidalanma, fiziki aktivlik, ekran qarşısında keçirilən vaxt və istirahət üçün müəyyən çərçivənin olması uşağın özünü daha təhlükəsiz və rahat hiss etməsinə kömək edir. Tətil zamanı bu rejim bir qədər elastik ola bilər, amma tamamilə ortadan qalxmamalıdır”.  

Şirin Məmmədli: Uşağın tətilini tamamilə sərbəst rejimə çevirmək düzgün deyil

Ş.Məmmədli onu da əlavə edib ki, məktəbə psixoloji hazırlıq da məhz son həftəyə saxlanılmamalıdır:

“Uşaqla məktəb haqqında müsbət şəkildə danışmaq, qarşıdakı dərs ilinin planlarını birlikdə müzakirə etmək, məktəb ləvazimatlarını birlikdə hazırlamaq və gündəlik rejimi tədricən dəyişmək uşağın keçidi daha rahat qəbul etməsinə kömək edə bilər. Xüsusilə kiçik yaşlı uşaqlarda valideynin münasibəti burada böyük rol oynayır. “Tətil bitdi, artıq istirahət yoxdur” kimi yanaşma uşağın məktəbə qarşı mənfi emosiyalarını artıra bilər. Bunun əvəzinə “məktəb başlayır, dostlarınla görüşəcəksən, yeni şeylər öyrənəcəksən” kimi müsbət mesajlar vermək daha faydalıdır”.

Şirin Məmmədlinin fikrincə, uşağın tətilini də tamamilə sərbəst rejimə çevirmək düzgün deyil:

“Tətil istirahət üçündür, amma sağlam gündəlik ritm qorunmalıdır. Məktəbə hazırlıq isə yalnız çanta və dəftərlərin hazırlanması deyil, həm də uşağın yuxu rejiminin, gündəlik ritminin və psixoloji olaraq məktəb həyatına keçidinin tədricən təşkil edilməsidir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026