"Qobu-Park-2" yaşayış kompleksinin sakinləri içməli suya həsrət qalıb.
Bu barədə Bakıvaxtı.az-a sakinlərin müraciətində bildirib.
Müraciətdə qeyd edilib ki, problemdən müvafiq qurumların xəbəri var: "24 saat susuz qaldıq. Bu barədə "Kristal Abşeron" şirkətinə və "Azərsu"ya məlumat verilib. Bu qurumlar bir-birini günahlandırmaqla məşğuldur. Fakt odur ki, Nazirlər Kabinetinin diktəsi ilə "Azərsu" "Kristal Abşeron"dan layihəni təhvil almaq məcburiyətində qalıb. Ona görə də hazırda bütün məsuliyəti "Azərsu" daşıyır. Necə təhvil alıbsa öz problemidir. İndi əhalinin su təchizatı birbaşa "Azərsu"yun üzərindədir".
Sakinlərin sözlərinə görə, "Azərsu"yun qəza xidməti uzun müddətdir qəza yerini tapa bilməyib: "Ancaq dünən bir neçə yeri qazıb dağıtdıqdan sonra qəzanı tapmağa müvəffəq olub. Lakin su sızması olan yerə taxta çiv taxaraq problemi dırnaqarası həll ediblər. Sonradan isə 2 metr dərinlikdə olan borunun üzərini çivlədikdən sonra bağlayıb torpaqlayıblar".
"Azərsu"dan sakinlərə verilən məlumata görə, həmin borunun yenilənməsi, yeni borunun çəkilməsi üçün lazım olan hər şey təmin edilib: "Borular da gətizdirilib amma problem yemə həll edilməyib".
Ramid İbrahimov





















