• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Sanksiyalarla yaşayan iqtisadiyyat: İranın uyğunlaşma gücü və dərinləşən daxili risklər

DÜNYA

16 Dekabr 2025 | 12:59

Sanksiyalarla yaşayan iqtisadiyyat: İranın uyğunlaşma gücü və dərinləşən daxili risklər

İran iqtisadiyyatı uzun illərdir ki, sanksiyalar şəraitində yaşamağa və fəaliyyət göstərməyə məcbur qalan nadir sistemlərdən biridir. Bu proses artıq yalnız xarici təzyiqə reaksiya mərhələsindən çıxaraq, ölkənin iqtisadi idarəetmə məntiqini, institutlararası münasibətləri və strateji prioritetlərini formalaşdıran əsas amilə çevrilib.

Rəsmi Tehranın əsas hədəfi açıq şəkildə iqtisadi artımdan daha çox, sistemin çökməsinin qarşısını almaq və minimum sabitliyi qorumaqdır. Məhz bu yanaşma İran iqtisadiyyatını klassik bazar və inkişaf modelindən uzaqlaşdıraraq, daha çox təhlükəsizlik və dayanıqlılıq üzərində qurulmuş bir “yaşama modeli”nə yönəldib.

Sanksiyalar İranın maliyyə və enerji sektorlarını beynəlxalq sistemdən kənarlaşdırdıqca, ölkə alternativ yollar axtarmağa məcbur qalıb. Nəticədə rəsmi kanallarla yanaşı, qeyri-rəsmi, yarı-rəsmi və bəzən tamamilə kölgə mexanizmləri paralel şəkildə fəaliyyət göstərməyə başlayıb. Bu mexanizmlər qısa müddətdə dövriyyəni təmin etsə də, iqtisadiyyatın şəffaflığını azaldır, xərcləri artırır və qərar qəbuletməni dar çevrələrin nəzarətinə keçirir. İranın neft gəlirlərinin əhəmiyyətli hissəsinin büdcədən kənar dövr etməsi, maliyyə axınlarının parçalanması və dövlətin real iqtisadi vəziyyəti tam nəzarətdə saxlaya bilməməsi bu modelin qaçılmaz nəticəsidir.

Daxili müstəvidə isə sanksiyaların ən ciddi təsiri güc balansında özünü göstərir. Çevik, gizli və riskli əməliyyatları idarə edə bilən strukturlar iqtisadi proseslərdə üstün mövqe qazanır, mülki institutlar isə tədricən kənarda qalır. Bu, iqtisadiyyatın təkcə gəlir mənbələri baxımından deyil, idarəetmə fəlsəfəsi baxımından da hərbiləşməsinə gətirib çıxarır. Belə şəraitdə bazar rəqabəti, uzunmüddətli planlaşdırma və institusional islahatlar ikinci plana keçir, prioritet isə sanksiya təzyiqini aşmaq üçün çevik manevr imkanlarının qorunması olur.

Uzunmüddətli perspektivdə bu model İran üçün ciddi struktur risklər yaradır. Qeyri-şəffaflıq investisiya mühitini zəiflədir, texnologiyaya çıxışı məhdudlaşdırır və iqtisadiyyatın məhsuldarlığını aşağı salır. İran iqtisadiyyatı çöküşdən yayınsa da, inkişaf trayektoriyasını itirir və özünü davamlı şəkildə daha qapalı, daha bahalı və daha az rəqabətədavamlı bir sistemə həbs edir. Bu vəziyyət göstərir ki, sanksiyalar İranı zəiflətməkdən daha çox, onu fərqli, lakin dayanıqsız bir iqtisadi yol ayrıcına sürükləyib. Mövcud kurs davam edərsə, əsas problem artıq “ayaqda qalmaq” yox, bu ayaqda qalmanın cəmiyyət və dövlət üçün hansı qiymətə başa gələcəyi olacaq.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR