Neçə gündür, Səməd Vurğun dillərə dastandır. Hal-qəziyyə belədir ki, bir Əlisa Nicat Səməd Vurğun zirvəsinə daş atıb, o daş da heç boyundan yuxarı qalxmayıb və düşüb öz ayağına.
Bunun belə olacağı əvvəlcədən məlum idi. Ona görə ki, bu xalqın təhtəlşüurunda formalaşdırdığı dəyərlər sistemini “mina” ilə partladıb, genetik kodlarla ötürülən bağları qoparmaq sadə və mümkün proses deyil.
Maraqlı olan bilirsiniz nədir? Niyə məhz indi, niyə məhz S.Vurğun? Cavab aydındır, bu mənada ki o, zirvədədir və həyatda olmasa belə, diri olan Ə.Nicatdan daha çox bar, bəhrə verir. Bar verən ağaca daş atan çox olur axı. Amma ömrünün ahıl, saçının çal, başının şal yaşında olan Ə.Nicat Vurğun zirvəsinə daş atanda 10, 100, 1000 dəfə düşünməli idi... Ədəbiyyat adamı, filosof (belə deyirlər) olmağını qoydum bir kənara. Köhnəlməyən kişilər ölənin arxasınca danışmırlar axı, Əlisa Nicat! Bir dəfə də olsun şahidi olmadım ki, Ə.Nicat S.Vurğunun övladları -Vaqif və Yusif Səmədoğlular həyatda olanda atalarının arxasınca “məddah” desin. Deyə bilməzdi.
Ə.Nicatla bağlı yazılan məqalələri oxuduqca onu müəyyən etdim ki, adamın işi-peşəsi mərhumların qarasınca deyinmək olub. Əslində kimlərinsə arxasınca söylənmək Ə.Nicatın şəxsiyyət olaraq da yerinin, mövqeyinin daim arxada olmasının aydın təcallasıdır. Yəni, adam həmişə arxalarda olub və özündən irəlidəkilərin kürəyinə bıçaq saplamağa çalışıb.
Yox, yanlış anlaşılmasın, S.Vurğunu bütə çevirməyin tərəfdarı deyiləm. Onun əsərlərinin sənətkarlıq müstəvisində müzakirəsi və ya tənqid edilməsinin lehinəyəm, amma həyatda olmadığı üçün cavab verə bilməyəcək şəxsi “məddah” adlandıraraq, şəxsiyyətini alçaltmağa cəhd göstərmək yumşaq desək, marazm əlamətidir.
Əlisa Nicat, S.Vurğun dünyasını dəyişəndə sizin 20 yaşınız olub. Bəs niyə bu illər ərzində rejim əleyhinə şeirlər yazıb, “qəhrəmanlıq eşqi”nə düşmürdünüz? İndi ərgən yaşlı gənc kimi parlamağa, önə çıxmağa həvəs göstərən Ə.Nicatın qulağına pıçıldamaq lazımdır ki, artıq qatar gedib. Bu proseslərdə xoşagələn hal odur ki, S.Vurğunu dəstəkləyənlərin sayı küyə düşüb, onu tənqid, hətta təhqir edənlərdən daha çoxdur. Çünki xalq öz dəyərini qorumağa məhkumdur.
Müzakirələrdən məlum oldu ki, bu mövzuda iki tərəf var. Faktlarla danışan, prosesləri dövrün, quruluşun pəncərəsindən boylanıb, rejimin tələblərini düzgün qiymətləndirib, S.Vurğuna layiq olduğu dəyəri verən SƏSlər, bir də “Ə.Nicatın mərəz və qərəz dolu iddiasına qoşulub, KÜYə düşənlər. Tarix, zaman isə həmişə səsi yaşadır, küylər elə kara qaval, kora güzgü, lala mikrofon verib, özlərini külə döndərməklə məşğul olur və tarixin əsərinə deyil, toz basmış maklaturasına çevrilirlər. Təəssüf ki, Ə.Nicat da öz yerini, mövqeyini bu cür müəyyən edib. O deyib: “1937-1938-ci illərdə S.Vurğunu tutmuşdular. Sürgün edəcəkdilər. O vaxt hamıya yalandan "xalq düşməni" adı vururdular. Çünki Moskvadan verilən "planı" doldurmaq lazım idi. Yoxsa, S.Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb.
Bütün yer üzünün xoş gələcəyi
Hər zövqü, səfası partiyamızdır".
Bunu S.Vurğun yazıb. Hələ bunu deyən adamın heykəlini də qoyublar”.
Məncə, Ə.Nicatın məlum ziddiyyətli fikri arif oxucularda bu fiflosof haqqında aydın rəy formalaşdıracaq. Adam bir tərəfdən S.Vurğunun həbsindən bəhs edir, digər yandan onun yaltaq olduğunu iddia edir. Məntiqi eynəklə axtardım, yenə tapmadım. O, hələ də dərk etmir ki, müdrik adamlar düşdükləri çətinliklərdə boğulub qalmırlar, oradan çıxış yolu axtarırlar. S.Vurğun da başını başsızlardan qorumaq, özünü sabuna çəkilmiş ölüm kəndirindən xilas etmək üçün çıxış yolu axtarırdı və onu da bu cür şeirlərdə tapdı. Ə.Nicat, həyatınızda 10 şirinin xatirinə bir acı yeməmisinizmi? Kiməsə sosial şəraitinin ağırlığından dolayı üstdən aşağı intonasiya ilə yanaşmaq həyat kredoma yad yanaşma və anlayışdır, ancaq məsələ özünü cəmiyyətdə “cəsarət mücəssəməsi” kimi qələmə verməkdən gedirsə, burada yalanın şah damarını doğrayıb, həqiqəti üzə çıxarmaq zəruridir, hətta məcburidir.
Ə.Nicat, S.Vurğun özünü Mircəfər Bağırovun ölüm dəzgahından, “ət maşını”ndan xilas etmək üçün şeirlərə müraciət edirdi, amma siz günün-günorta çağı, soyuqdan xilas olmaq üçün xalqa səsləndiniz, qaz pulu, işıq pulu istədiniz. Bu müraciətlərin arasındakı faciəvi miqyasa diqqət edin. Özünüz soyuğa dözməyib, əzilirsiniz, əyilirsiniz, S.Vurğuna isə ölüm kəndirini rəva bilirsiniz? Ona görə deyiblər ki, böyük şəxsiyyətlər haqqında yalnız böyük şəxsiyyətlər obyektiv mülahizə yürüdə bilərlər, əks təqdirdə palitra qarışır.
Əlisa Nicat, quruluşa, partiyaya, rəhbərə yazılan şeirə görə S.Vurğunu "yaltaq", "məddah" hesab edirsinizsə, bu minvalla istedadlı və nakam şairimiz Mikayıl Müşfiqin də "kürəyinə" yaltaq, məddah yarlığını yapışdırmalısınız. Bilməmiş deyilsiniz ki, M. Müşfiq proletar ədəbiyyatı yaratmaq uğrunda gedən mübarizənin öz sıralarında dayanıb və M.Müşfiq “Duyğu yarpaqları” adlı şeirinin sonuncu bəndində yazır:
Nə bir həsrətim var, nə bir qəmim var,
Dostlarım bilir ki, nə aləmim var,
Stalin əslinə ithaf etməyə,
Bir şair ürəyim, bir qələmim var.
Bundan başqa, iddia edirlər ki, S.Vurğun Stalinə “Atam” deyib. M.Müşfiq də Stalin haqqında qələmə alıb: “Mən kiməm o böyük Leninin oğlu”. Bu da M.Müşfiqin misrasıdır. Ə.Nicat məntiqi ilə M.Müşfiqi də "məddah" adlandırmalıyıq. Mənsə, Ə.Nicatdan fərqli olaraq, M.Müşfiqi bu misralarına görə məhşər ayağına çəkməkdən uzağam. Adam bu misraları ilə özünü xilas edib,
Oxu tar, oxu tar,
Səni kim unudar
kimi çoxsaylı misra yazacaqdı. Ümumlikdə isə S.Vurğuna qarşı mübarizədə M.Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad “kartı”ndan istifadə faktsızlığın, kəmfürsətliyin və ədəbi fəhmsizliyin təcallasıdır.
Xoşbəxtlikdən Ə.Nicat özü S.Vurğunun həbs olunduğunu vurğulayır. Mən də buradan yola çıxaraq, bir araşdırma etdim, Ə.Nicatın bəh-bəhlə təriflədiyi Mircəfər Bağırov S.Vurğunu niyə həbs etmək istəyirdi və kim ona imkan vermədi? Faktlarla danışacağam, Əlisa Nicat, çünki faktın, sənədin dili acı olur və "timsahın göz yaşları"na rəhm etmir.
Oxuyaq:
S.Vurğun 1928-ci ildə başlayaraq 1953-cü ilə, yəni Stalin ölənə qədər təqib və təzyiqlərlə üzləşib. Sistemin Azərbaycandakı rəhbəri M.Bağırov S.Vurğunu izlətdirirdi. M.Bağırovun məhkəməsində 1953-cü ildən 1981-ci ilə qədər SSRİ-nin baş prokuroru olmuş Roman Rudenko ona sual ünvanlayıb ki, niyə S.Vurğunu, böyük bir şairi qətlə yetirmək istəmisən? M.Bağırovun özünün bu suala dair rəsmi izahatı var. M.Bağırov izahatında deyir: “1935-1939-cu illərdə millətçi şairlərə qarşı mübarizə aparılanda S.Vurğunla da bağlı çoxlu donoslar var idi. Onun şeirlərində millətçilik və türkçlük ruhu üstünlük təşkil edirdi, amma istedadlı şair olduğuna görə Stalinin sankisiyası onu həbs və cəzadan xilas etdi”. Bu, M. Bağırovun rəsmi izahatıdır. M.Bağırovun bu izahatı Moskvadan, arxivdən gətirilmiş sənəddir, bu sənəd çap olunub. Bəzən S.Vurğunu anti-milli şair olmaqda günahlandırırlar, amma anlamaq lazımdır ki, “Azərbaycan” şeiri həmin dövrdə, elə indi də Azərbaycançılıq ideologiyasının poetik düsturu idi, düsturudur. Azərbaycançılıq mövzusunda yazılan ən nümunəvi şeirdir. Ümummilli lider Heydər Əliyevin məhz “Azərbaycan” şeirini səsləndirib, kövrəlməsi də S.Vurğunun nə qədər milli şair olmasının aydın təzahürüdür. Bundan başqa, ulu öndər H.Əliyevin Ev muzeyini ziyarət etsəniz, onun əsərlərini mütaliə etdiyi şairlər sırasında H.Cavid və S.Vurğunu ön sırada, yan-yana görəcəksiniz. Hər halda zənn etmirəm ki, kimsə H.Əliyevin böyük informator olduğunu dansın. Arifə bir işarə yetir, fikrimcə.
Eyni zamanada həmin izahatda M.Bağırov vurğulayır: “Günlərin birində S.Vurğun məndən soruşdu ki, Hüseyn Cavid və Abbaszadə Şərifzadəni xilas etmək mümkündürmü? Bu müraciətindən sonra S.Vurğunu daha ciddi şəkildə tənqid və təqib etdim”. Bundan əlavə qeyd edək ki, 1930, 1940, hətta 1960-cı illərdə yazılan məqalələrdə S.Vurğun türk şairləri- Əbdül Həkamid, Tofiq Fikrət, Namik Kamal və başqa şairlərdən təsirlənməkdə və pantürkist olmaqda ittiham olunurdu. Çox qəribə taledir, S.Vurğun yaşadığı dövrdə pantürkist və millətçi şair olaraq, təqib edilib, indi onun "mədhiyyəçi" şair olduğu iddia edilir. Ümumilikdə Səməd Vurğunun H.Cavidə isti münasibəti olub. 1926-cı ildə S.Vurğun “Sızıltılarım” adlı şeirini H.Cavidə ithaf edib. Görkəmli partiya və dövlət xadimi, keçmiş baş prokuror İlyas İsmayılov yazıb: “Hələ Azərbaycanın Respublika Prokroru işlədiyim zaman S.Vurğunun guya M.Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən M. Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, S.Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər. S.Vurğun dahi şair olmaqla bərabər həm də böyük vətəndaş idi. O, bir çox kimsəsiz insanlara bacardığı qədər kömək etmiş, hətta qardaşaına yazdığı məktublardan birində özünü əzilənlərin hamisi olduğunu və bunu əsrin bəbəyinə sancacağına and içmişdi. Müasirləri onda həqiqətən də bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər. Qısacası, ölkəmizin görkəmli şəxsiyyətləri haqqında cəmiyyətimizdə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur və onların qəsdən yayıldığını, tarixi şüurumuza zərbə vurmaq məqsədilə daşıdığını, əsli olmayan bir millət olduğumuza bizi inandırmaq məqsədi güddüyünü düşünürəm. Belə zərərli fikirləri ifadə edərkən hər kəsi ehtiyatlı olmağa çağırıram".
Hətta 1937-ci ilin aprelində S.Vurğunun Yazıçılar İttifaqının katibliyindən çıxarılmasının əsas səbəbi H.Cavid və M.Müşfiqi qanadının altına alması olub. Buna dair həmin dövr mətbuatında kifayət qədər məqalə yer alıb. O dövrün mətbuatını vərəqləmək bəs edər ki, aydın təsəvvür yaransın. 1937-ci lin sentyabrında S.Vurğun Yazıçılar İttifaqının katibliyindən çıxarılır, SSRİ Yazıçılar ittifaqının idarə heyətinin üzvü olduğuna görə Moskvada onun şəxsi məsələsinə baxılır, iyunda isə M.Müşfiq və H.Cavid artıq tutulmuşdu. Bu barədə Cəlal Qasımovun “Repressiyadan deportasiyaya” adlı kitabı var. Kitabda qeyd olunur ki, S.Vurğun iki dəfə həbs olunub. Hətta Vaqif Səmədoğlu müsahibəsində bildirib ki, S.Vurğunun ailəsinin Qazaxıstanın hansı vilayətinə sürgün ediləcəyi artıq məlum idi. 1918-ci ildə Qori müəllimlər seminariyasına daxil olan S.Vurğun Seminariyada keçirilən tədbirlərdə həmişə türk şairlərinin şeirlərinə müraciət edib. Seyfulla Şamilov Səməd Vurğunla tələbə yoldaşı olub və onunla bağlı xatirələrində yazır ki, S.Vurğun türk şairlərindən şeirlər səsləndirdiyi üçün daim təqib və təzyiqlərə məruz qalırdı. Əslində repressiya 1920-ci ildən başlayıb,S.Vurğun 1934-cü ildə qələmə alıb:
Üzərimdə qara-qara ilan başlı buludlar var
Gərir sinəm hücumlara ayğır dalınca toz qoparır
1935-də yazıb:
Döyür pəncərəmi qışın rüzgarı
Vaxtsız olümmüdür, üstümə gələn
Çəkilsin gecənin qaranlıqları
Ömrə son sözümü deməmişəm mən
S.Vurğunu yaxşı oxumaq lazımdır. Onun “Komsomol” poemasında belə bir fikir yer alıb:
“İnəklərin yad əllərdə sağılır, Gəray bəy!”
Bunun özü etiraz idi. Yəni şair demək istəyirdi ki, ölkəmizi yad adamlar "sağıllar".
Həmin dövrün qəzetlərini vərəqləmək yetir ki, Səməd Vurğun 1928-ci ildən 1953-cü ilə qədər təqib və repressiyaya məruz qalmasının şahidi olaq. Məhz bu təzyiqlər nəticəsində 1955-ci ildə də ağır xəstəliyə tutulub və 1956-cı ildə dünyasını dəyişib. Onun vaxtsız ölümündə bu təqib və təzyiqlər mənfi mənada böyük rol oynadı.
Vaqif Səmədoğlu mətbuata açıqlamasında ərz edib:
"1950-ci illərdə Qobustanda daş karxanası yaradılıbmış. Buradakı qayalardan müharibədən qayıdan əsgərlərə ev tikilirmiş. Bütün həyatını Qobustana həsr edən, Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən olan əməkdar elm xadimi, bu bənzərsiz məkanı Azərbaycana və bəşəriyyətə qazandıran fədakar insan İshaq Cəfərzadə bu karxananın fəaliyyətinin dayandırılmasıyla bağlı respublikanın ovaxtkı rəhbəri Mircəfər Bağırova məktublar yazıb şikayətini çatdırsa da, bir faydası olmur. Nəhayət M.Bağırov İ.Cəfərzadəni yanına çağırtdırıb qəzəblə deyir: "Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən sovet əsgərlərinə ev tikməməliyəm?!"
Əlacsız qalan İ.Cəfərzadə o vaxtlar Elmlər Akademiyasının vitse-prezidenti olan S.Vurğuna müraciət edir. Vəziyyətdən narahatlıq keçirən S.Vurğun başqa mübarizə üsulu seçir. Vaqif Səmədoğlu xatırlayırdı ki, İshaq Cəfərzadənin zəngindən sonra atası ovaxtkı Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovla telefon əlaqəsi yaradıb. Təcili Qobustana getməli olduğunu bildirən şair ondan yardım istəyib ki, sənin maşının hökumət maşınıdı, Qobustan ərazisinə daxil olanda saxlamazlar.
Həmin vaxt atasıyla Qobustana gedən mərhum V.Səmədoğlu baş verənləri belə xatırlayırdı: "Ən az 50-60 qaya kəsilmişdi. Üzərindəki rəsmləri gözlərimlə görmüşəm. Bu, dəhşət idi..."
Deməli, S.Vurğun, Respublika Prokurorluğundan gələn bir nümayəndə və yeniyetmə Vaqif Mirzə İbrahimovun boz rəngli "ZİL" maşınında Qobustana yollanır. Buldozer və daşkəsən maşınların qayaları kəsdiyini görüb dəhşətə gələn şair prokurorluq işçisinindən tapançasını istəyir. Onun əsl məqsədinin nə olduğunu bilməyən yol yoldaşı tapançanı qoburundan çıxararaq,ona uzadır. S.Vurğun maşından düşən kimi buldozerçini nişan alıb tətiyi çəkəndə prokurorluq işçisi cəld şairin əlini yuxarı qaldırır və xoşbəxtlikdən güllə hədəfə dəymir".
Bəli, məhz həmin hədəfdən yayınan atəş nəticəsində Qobustan xilas olur və yarım əsr sonra UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilir. Bəs bu, S.Vurğunun milli şair olması, vətəninin mədəniyyət abidələrini göz bəbəyi kimi qoruması anlamına gəlmirmi? Milli şair olmaq üçün mütləq sürgünmü olunmaı idi? Bu düsturu kim yazıb? Əlbəttə, cavabsız qalan suallar çoxdur.
Sonda qeyd edim ki, bütün şairlər özlərini misraları ilə müdafiə ediblər:
Səməd Vurğun izhar edir:
Ağılsız köpəklər ulduza hürər.
Bu misrası ilə S.Vurğun özünün ulduz kimi daim zirvədə olacağını, xalqın, millətin "qaranlıq gecələr"ində ulduz kimi parlayıb, onların mənəvi, ədəbi-bədii həyatlarına işıq saçacağını bilirdi. Bir sözlə, Səməd Vurğun ədəbiyyat karvanını ucalara uğurlayan ulduzdur. Ulduza isə nə ləkə yapışır, nə də palçıq.
Bəs Əlisa Nicat kimdir?
Yazıçı Anar Ə.Nicat haqqında danışıb:
-“Ə.Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də S.Vurğunu şərləyir. Ə.Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Əvvəlcə gəlib yalvarırlar, deyirlər, ehtiyacım var və s. Sonra da məlum olur ki, ehtiyacları da yoxdur. Tonlarla kitablarını nəşr edirlər. Əlisa təqaüdü alandan sonra deyir ki, Yazıçılar İttifaqı lazımsızdır. Əgər lazımsızdırsa, gəl üzvlükdən çıx da”.
Jurnalist Aydın Can qeyd edib:
-Yaltaq Əlisa Nicatın özüdür – İsa Məmmədova (İsa Məmmədov 1970-1981-ci illərdə Lənkəran Şəhər Komitəsinin birinci katibi olub) qulluğu və QULluğu ilə!
İsa Məmmədov – o dövrün Şir Ürəkli Riçardın icra başçıları kimi, birinci özü yatağından keçirdib ərə verdiyi qızların ərinə vəzifə verəndə bu Əlisa Nicat neyləyirdi? İsa Məmmədovu güllələməyə cəhd etmişdi, yoxsa ona şam tutanlardan biri idi?
Lerikdən gəlib yaşadığı Lənkəranda hansı prinsiplə yaşayırdı: lənkəranlılara qarşı İsa Məmmədov etnogenosidinə qarşı çıxırdı, yoxsa hətta qohumlarını da yaxın buraxmırdı, onların yaralı barmağına ilkin tibbi yardım göstərmirdi ki, mən “ağa nökəri olan” filosofam? Belə bir adamın haqqımı var kimisə yaltaqlıqda ittiham edə? İngilis şairənin “cavansınız, amma saçlarınız ağarıb” sarkazmına Səməd Vurğun Londonda cavab vermişdi: Uca dağların başı həmişə qarlı olur! Səməd Vurğun Azərbaycan poeziyasının uca dağı da deyil e, o dağın başındakı qardır: əbədi əriməz!
Əziz oxucular, bax budur, Səməd Vurğun zirvəsi və Əlisa Nicat çökəkliyi arasındakı məsafə...