• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Sosial mediamızın acınacaqlı durumu: senzura zərurət, yoxsa təhlükədir?

CƏMİYYƏT

12 Fevral 2025 | 14:33

Sosial mediamızın acınacaqlı durumu: senzura zərurət, yoxsa təhlükədir?

İnternet və sosial media müasir dövrün ən təsirli kommunikasiya vasitələrindən biridir.

Lakin son illərdə Azərbaycanda bu platformalarda yayılan məzmunun xarakteri ilə bağlı cəmiyyətdə ciddi narahatlıqlar yaranıb. Xüsusilə, sosial mediada əxlaqsızlığın və mənəvi dəyərlərə zidd məzmunun təbliği geniş müzakirə mövzusuna çevrilib. Bunun fonunda isə internet senzurası ilə bağlı təkliflər səsləndirilir.

Bəs bu prosesi hüquqi aspektdən necə analiz etmək olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını hüquqşünas Ayxan Məmmədli cavablandırıb. Onun sözlərinə görə, ifadə azadlığı fundamental insan hüquqlarından biridir və Azərbaycan Konstitusiyası, eləcə də, tərəfdar çıxdığımız beynəlxalq konvensiyalar bu azadlığı təmin edir:

"Lakin bu azadlıq tam məhdudiyyətsiz deyil və cəmiyyətin qanuni maraqlarına, milli təhlükəsizliyə, mənəvi dəyərlərə və ictimai asayişə xələl gətirdiyi hallarda məhdudlaşdırıla bilər. Bütün demokratik cəmiyyətlərdə ifadə azadlığı hüququ tanınsa da, onun sui-istifadəsi müəyyən hüquqi çərçivələr daxilində məhdudlaşdırılır. Məsələn, böhtan, nifrət nitqi, zorakılığa çağırış və əxlaqsızlığın təbliği ifadə azadlığı çərçivəsindən kənara çıxan və ictimai maraqlara zidd hesab edilən hallardır".

Müsahibimiz qeyd edib ki, internet senzurasının və sosial media üzərində məhdudiyyətlərin tətbiqi olduqca həssas məsələdir. Hüquqşünasın dediyinə görə, əgər bu addımlar şəffaf və hüquqi çərçivədə həyata keçirilməzsə, bu, ifadə azadlığının qeyri-proporsional şəkildə məhdudlaşdırılmasına, fərqli fikirlərin boğulmasına və cəmiyyətdə senzuranın yayılmasına səbəb ola bilər:

"Hüquqi tənzimləmənin əsas prinsiplərindən biri məhdudiyyətlərin aydın və hüquqi əsaslara söykənməsidir. Əgər sosial media və internet məzmununa tətbiq edilən qaydalar qeyri-müəyyən və subyektiv olarsa, bu, istənilən fərqli fikir və ya mübahisəli məzmunun qeyri-qanuni elan edilməsi üçün geniş imkanlar yarada bilər. Məhz buna görə, hüquqi çərçivədə ifadə azadlığının məhdudlaşdırılması yalnız beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə həyata keçirilməli, bu sahədə qəbul edilən qərarlar məhkəmə nəzarətindən kənar qalmamalıdır".

Ayxan Məmmədli: Ölkəmizdə ifadə azadlığı fundamental prinsipdir

Müsahibimiz qeyd edib ki, beynəlxalq təcrübədə sosial media platformalarına qoyulan tənzimləyici mexanizmlər əsasən iki istiqamətdə həyata keçirilir. Həmsöhbətimiz deyib ki, əsas məsələ qanunvericilik səviyyəsində sosial media şirkətlərinə konkret məsuliyyətlərin yüklənməsi və onlardan zərərli məzmunları məhdudlaşdırmaq tələb olunmasıdır. İkinci məsələ isə dövlət tərəfindən müstəqil tənzimləyici qurumların yaradılması və onların sosial mediada etik qaydaların qorunmasına nəzarət etməsidir:

"Bu tənzimləmə mexanizmlərinin effektivliyi isə onların tətbiq formasından və hüquqi əsaslarından asılıdır. Məsələn, Avropa İttifaqında "Rəqəmsal Xidmətlər Aktı" çərçivəsində böyük texnoloji şirkətlərə konkret tələblər qoyulur və platformalardan nifrət nitqi, dezinformasiya və qeyri-qanuni məzmunun qarşısını almaq üçün aktiv tədbirlər görməsi tələb olunur. Digər tərəfdən, bəzi ölkələrdə, məsələn, Çində və Rusiyada tənzimləmə daha sərt formada tətbiq edilərək sosial media platformalarına məcburi senzura qaydaları qoyulur və müstəqil nəzarət mexanizmləri olmadan dövlətin istədiyi məzmun bloklanır. Buna görə də tənzimləmənin əsas prinsipi balanslı yanaşma olmalı, ifadə azadlığını məhdudlaşdırmadan zərərli məzmunun qarşısının alınmasına yönəlməlidir".

A.Məmmədli Azərbaycanda da bu istiqamətdə müəyyən addımların atıldığını vurğulayıb:

"Məsələn, "Media haqqında" qanun və digər normativ aktlar onlayn məzmunun tənzimlənməsinə dair müəyyən müddəalar ehtiva edir. Bu qanunvericilik aktları internet məkanında yayılan informasiyanın hüquqi çərçivəyə salınmasını, zərərli və qeyri-qanuni məzmunun qarşısının alınmasını nəzərdə tutur. Lakin bu prosesdə ictimai dialoq aparılması və müvafiq qanunların ifadə azadlığı prinsiplərinə uyğun şəkildə tərtib edilməsi vacibdir. Belə dialoqların olmaması və məhdudiyyətlərin birtərəfli qaydada tətbiqi cəmiyyətdə hüquqi qeyri-müəyyənlik yarada və senzura ittihamlarına səbəb ola bilər. Eyni zamanda, tənzimləmənin necə və kimlər tərəfindən həyata keçirildiyi məsələsi də önəmlidir. Əgər bu prosesdə müstəqil ekspertlər, media nümayəndələri iştirak etməzsə, qəbul edilən qərarlar balanssız ola bilər".

Nəticə etibarilə hüquqşünas qeyd edib ki, sosial mediada əxlaqsızlığın təbliği və etik normaların pozulması kimi hallar cəmiyyətdə haqlı narahatlıq doğursa da, bunun həlli üçün kompleks və hüquqa əsaslanan yanaşma tələb olunur. İnternet senzurasının tətbiqi ilə bağlı addımlar yalnız şəffaf, məntiqli və hüquqi əsaslara söykəndiyi halda cəmiyyətin maraqlarına uyğun ola bilər:

"İnternet senzurasının tətbiqi ilə bağlı addımlar yalnız şəffaf, məntiqli və hüquqi əsaslara söykəndiyi halda cəmiyyətin maraqlarına uyğun ola bilər. Bu baxımdan, dövlətin və ictimai institutların üzərinə düşən əsas vəzifə balanslı bir yanaşma tapmaq və həm vətəndaşların informasiya əldə etmək hüququnu qorumaq, həm də zərərli məzmunların yayılmasının qarşısını almaq üçün hüquqi mexanizmləri effektiv və ədalətli şəkildə tətbiq etməkdir. Əks halda, bu cür məhdudiyyətlər ifadə azadlığının pozulmasına gətirib çıxara bilər ki, bu da demokratik cəmiyyətin əsas prinsipləri ilə uzlaşmır".

Əli Hüseynov


SON XƏBƏRLƏR