• Bakı 24° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Su obyektlərindən xüsusi istifadə növləri müəyyənləşib

CƏMİYYƏT

01 Sentyabr 2026 | 13:00

Su obyektlərindən xüsusi istifadə növləri müəyyənləşib

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin növləri müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 38-ci maddəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli 69 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiqlənib.

Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin üç əsas növü müəyyən edilib:

Su obyektlərindən su götürməklə istifadə;

Su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə;

Su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə.

Bununla yanaşı, bir sıra fəaliyyətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir.

Bura su obyektlərində yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması daxildir.

Həmçinin gəmilərin, kiçik həcmli gəmilər istisna olmaqla, su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün suyun götürülməsi xüsusi istifadə növü hesab edilmir.

Boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə də xüsusi istifadə növlərinə aid edilməyib.

Bundan başqa, fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması da bu kateqoriyaya daxil deyil.

Qeyd edilib ki, müəyyən edilən yeni yanaşma su obyektlərindən xüsusi istifadənin hüquqi çərçivəsinin dəqiqləşdirilməsinə və su ehtiyatlarından istifadəyə nəzarətin daha sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Avqust 2026