Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın artan beynəlxalq nüfuzunun, informasiya siyasətindəki prinsipial mövqeyinin və geosiyasi baxımdan dəyişən güc balansındakı fəallığının aydın təzahürü oldu.
Forumun məhz Şuşa kimi simvolik əhəmiyyətə malik bir şəhərdə keçirilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üzərində qurduğu yeni regional düzənin informasiya platforması kimi də qəbul olundu. Bu, həm də dünyaya verilmiş açıq mesaj idi: Azərbaycan işğala son qoydu və indi öz suveren ərazisində qlobal fikir mübadiləsi üçün meydan yaradır.
Prezidentin çıxışında səsləndirdiyi əsas tezislər bir neçə istiqamətdə dərin əhəmiyyət daşıyır. Əvvəla, İlham Əliyev beynəlxalq media institutlarını obyektivlik və ədalət prinsiplərinə riayət etməyə çağırdı, Qərb mediasının bəzi hallarda Azərbaycana qarşı həyata keçirdiyi məqsədli kampaniyaları tənqid etdi və bunun arxasında duran dairələrin adlarını çəkməkdən çəkinmədi. Bu, informasiya sahəsində gedən qlobal güc mübarizəsində Azərbaycanın neytral müşahidəçi yox, prinsipial aktor olduğunu göstərdi.
Digər tərəfdən, Prezident COP29, yaşıl enerji gündəliyi, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq və neokolonializmə qarşı mübarizə kimi strateji mövzulara toxunaraq Azərbaycanın diplomatik prioritetlərini də forum iştirakçılarına təqdim etdi.
Xüsusi diqqətçəkən məqamlardan biri də Azərbaycanın informasiya təhlükəsizliyi və milli maraqlara əsaslanan kommunikasiya strategiyasına verdiyi önəmdir. Prezidentin çıxışında medianın yalnız informasiya ötürən vasitə deyil, həm də milli təhlükəsizliyin bir hissəsi kimi təqdim olunması, ölkə daxilində bu sahəyə verilən önəmi və islahatların miqyasını əks etdirdi.
Forum, həmçinin Azərbaycanın vasitəçilik rolu, etibarlı tərəfdaş statusu və çoxşaxəli diplomatik əlaqələri kontekstində də əhəmiyyətli platforma oldu. İlham Əliyev bir daha nümayiş etdirdi ki, informasiya müharibəsi dövründə sözün gücü qədər, doğrunun ardınca gedən dövlətlərin qətiyyəti də önəmlidir. Şuşada səslənən bu fikirlər təkcə lokal auditoriyaya deyil, qlobal ictimaiyyətə ünvanlanan strateji mesaj idi: Azərbaycan yeni reallıqlar fonunda həm informasiya, həm diplomatiya, həm də təhlükəsizlik sahəsində öz yolunu özü müəyyənləşdirir və bu yolda prinsipial, müstəqil və qətiyyətlidir.
Züriyə Qarayeva