“Mən Milli Məclisdə məsələ qaldırmışdım ki, dezinfeksiya işləri normal aparılımır, həşəratların sayı çoxalıb, küçə itləri ölkənin hər tərəfinə yayılıb. Bu problemin mahiyyəti bir kənarda qaldı, sosial şəbəkələrdə fikirlər kontekstdən çıxarılaraq arzuolunmaz şəkildə müzakirə obyektinə çevrildi, təhqirə məruz qaldım”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. T.Kərimli əlavə edib ki, fikirləri yanlış təqdim olunduğuna görə, sosial şəbəkələrdə təhqirlərə məruz qalıb: “Mən nə demişdim? Demişdim ki, küçə itləri ilə bağlı təhlükə var və bu problem ciddidir, ona görə də öz həllini tapmalıdır. Bu qaldı bir tərəfdə, hay-küy saldılar ki, Tahir Kərimli itlərin Koreyaya, Çinə satılmasını istəyir. Amma heç kim Cəlilabadda it dişləməsi nəticəsində ölən uşağı yada salmadı”.
Deputat qeyd edib ki, əksinə heyvansevərlər mətbuatda ona qarşı hücuma keçiblər: “Axı, bu problem həll olunmalıdır. Yaxud demişəm ki, 65 yaşlı kişinin daş qaldırmağa gücü çatmaz, ona görə də pensiya yaşı aşağı salınmalıdır. Yenə də eyni reaksiyalar oldu”.
T.Kərimli Abşeronun hər tərəfini ilanlar bürüdüyünü, zirzəmilərin ilanla dolduğunu da deyərək, ölkəmizin əvvəllər ilan zəhərindən milyonlarla pul qazandığını xatırladıb.
“Mənim məqsədim bu problemlərin öz həllini tapmasıdır”, - deyə Tahir Kərimli vurğulayıb.
Cavad
















