• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Novruz çərşənbələri: Bildiklərimiz, bilmədiklərimiz

CƏMİYYƏT

27 Fevral 2024 | 14:53

Novruz çərşənbələri: Bildiklərimiz, bilmədiklərimiz

Bu gündən Azərbaycanda çərşənbələr başlayır. Kiçik çillə çıxandan sonra başlanan boz ayda keçirilən çərçənbələr hər həftənin çərşənbə axşamı özlərinə məxsus adətlərlə qeyd olunur. Qış yola salınır, insanlar yazın gəlişini qarşılayırlar.

AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov Bakıvaxtı.az-a açıqlamasında Novruzun gəlişinin əmək mövsümünün başlaması olduğunu vurğulayaraq bildirib ki, insanlar quzunun yaza salamat çıxması, südün, ətin, yağın, pendirin bol olması üçün nəğmələr yaradıb. Həmin nəğmələr novruzqabağı nəğmələr kimi tanınır və çillə nəğmələri, ilaxır çərşənbə nəğmələri, bayram məişət nəğmələri olaraq üç yerə ayrılır:

“Novruza hələ 30 gün qalmış, yəni qışın çilləsinin çıxması ilə bağlı çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Bəzi bölgələrdə həmin nümunələrə “Çilləçıxdı”, “Çillə” və ya “Çillədən çıxma” nəğmələri də deyilərdi. Erkən düşüncədə qış (21 dekabrdan 21 martadək) çillələrə (böyük çilə-40 gün, kiçik çilə-20 gün) və boz aya (30 gün) bölünür. Təsəvvürdə, qışın bir çox obrazlarına müxtəlif münasibətlər ifadə edilir. Bu xüsusuiyyət çillə nəğmələrində də özünü göstərir. Novruzqabağı nəğmələrin müəyyən bir hissəsini çərşənbələrlə bağlı ritual və mərasim nəğmələri təşkil edir. Yeni ilin, yeni günün – novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Bu həftələr belə adlanır: 1) Su çərşənbəsi, 2) Od çərşənbəsi, 3) Yel çərşənbəsi, 4) Torpaq çərşənbəsi”.

A.Xəlilov xalq mərasimlərinin xalq içində fərqli adlarla adlandırılması ənənəsinin mövcud olmasını məsələsinə də toxunub:

“Böyük bir səbrsizliklə yazın gəlməsini gözləyən qədim əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günün, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üzgü”, ikinci üçünə “doğru üzgü”, sonuncusuna isə “ilaxır çərşənbəsi”» deyirdi. Bu çərşənbələrin hərəsinə görə adət və ənənələri olduğu göstərilir. Qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunların indi qismən unudulub”.

Ağaverdi Xəlilov: Vaxtilə icra edilən sehr və əfsunlar indi qismən unudulub

Folklorşünasa görə, qədimdə insanlar bu bayramı bir fəslin ölüb, digərinin dirilməsi şəklində təsəvvür edib:

“Bir sıra sehr və əfsunlar vasitəsilə qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət son çərşənbə günü bir yerə toplaşaraq, onu elliklə yola salır, yeni ilin, yəni yazın ilk günü isə elliklə bayram edilir. Bütün əkinçi xalqların mövsüm nəğmələrinin və bunlara aid olan mərasimlər üzərində aparılan araşdırmalardan aydın olub ki, ümumiyyətlə, qədim insan bir fəslin qurtarıb ikinci bir fəslin başlanmasını birincinin ölməsi, daha əvvəldən ölmüş olan ikincisinin isə dirilməsi şəklində təsəvvür edib”.

Həmsöhbətimiz çərşənbələrin Novruz bayramının əvəzolunmaz atributları olduğunu, hər çərşənbənin təbiətin bir ünsürü ilə əlaqələndirildiyini və beləliklə insanların təsəvvüründə ilaxır çərşənbələr yaxud ilin axır çərşənbələri olaraq formalaşdırıldığını söyləyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024